“Bu addım türk birliyinə, Türkiyəyə qarşı atılmış addım kimi dəyərləndirilə bilər”.
Bunu politoloq Fuad Abbasov Bakıvaxtı.az-a Qazaxıstan, Türkmənistan və Özbəkistanın Kiprin yunan tərəfi ilə diplomatik münasibətləri gücləndirməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, amma siyasətə bir az dərindən baxmaq lazımdır:
"Kipr əvvəllər Böyük Britaniyanın müstəmləkəsi olub. 300 il boyunca isə Osmanlı dövlətinin tabeliyində idarə edilib. Belə məqamda İngiltərənin, Qərb dünyasının, Rusiyanın, hətta Türkiyənin maraqlı mövqedən çıxış etməsi mümkündür”.
Fuad Abbasov, politoloq
Müsahibimiz Ankaranın müəyyən planlarının olduğunu da hüsab edir:
"Şahmat oyununda bir fiquru qurban edərək bütün oyunu qazanmağa yönəlik həmlələr məşhurdur. Siyasəti də belə qiymətləndirmək lazımdır. Sanki Türkiyə Orta Asiya dövlətlərinə Şimali Kipr əvəzinə yunan yönətiminin qəbul edilməsi yönündə hansısa mesajlar ötürüb. Fikir verirsiz, qeyri-türk dövləti Tacikistan bu oyunda iştirak etmir. Digər türk dövlətləri isə özlərini Brüsselin yanında görürlər. Bəlkə də Türkiyə öz müttəfiq dövlətlərini Brüsselə yunan Kiprinin əliylə yaxınlaşdırır. Müəyyən dividentlər əldə etmək üçün bu, ağlabatandır. Əlbəttə, bu, heç də qısa dönəm üçün nəzərdə tutulan siyasət deyil, strateji siyasətdir. Bunun bəhrəsini 15-20 il sonra görmək mümkündür".
"Amma indidən onu söyləmək olar ki, ya bəzi türk dövlətləri Qərbin və Rusiyanın təhriki ilə Türkiyənin iradəsinə qarşı çıxır, ya da Ankara özü oyun qurur".
Qeyd edək ki, Qazaxıstan, Türkmənistan və Özbəkistanın Kiprin yunan tərəfi ilə diplomatik münasibətləri gücləndirməsi son günlər ən çox müzakirə olunan məsələlərdəndir. Kiprin yunan idarəçiliyi altında olan Cənubi hissəsi ilə diplomatik münasibətlərin qurulması və bu ölkəyə səfir göndərilməsi Avropa İttifaqı (Aİ) və Mərkəzi Asiya ölkələri arasında 4 aprel 2025-ci ildə Səmərqənddə keçirilmiş zirvə görüşündən öncə baş verib. Zirvə görüşü Avropa İttifaqı ilə Orta Asiya ölkələri arasında iqtisadi və strateji münasibətlərin dərinləşdirilməsi məqsədi daşıyırdı.
Qazaxıstan bu istiqamətdə ilk rəsmi addımı atan ölkə olub, 2025-ci ilin yanvarında Kipr ilə qarşılıqlı səfir təyinatını həyata keçirib. Özbəkistan isə artıq 1997-ci ildən diplomatik münasibətdə olduğu Kiprə ilk dəfə rəsmi səfir təyin edib. Türkmənistan da martın 31-də İtaliyadakı səfirini Kiprə akreditə edib. Səmərqənd Zirvəsində qəbul edilən birgə bəyanatda tərəflər beynəlxalq hüququn prinsiplərinə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət ediləcəyini təsdiqləyib.
Aydın Baxış