“Ermənistan sülh prosesinə töhfə vermək əvəzinə, beynəlxalq platformalarda və məhkəmələrdə Azərbaycana qarşı əsassız iddialar səsləndirir”.
Bunu Bakıvaxtı.az-a hüquq müdafiəçisi Əhməd Şahidov Birləşmiş Millətlər Təşkilatının İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin 114-cü sessiyası çərçivəsində Ermənistanın məruzəsində Azərbaycanla bağlı əsassız iddiaların yer almasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, əslində erməni tərəfi heç bir əsası olmayan, havadan götürülmüş arqumentlər səsləndirməklə özlərini ifşa edirlər. Ə.Şahidov bildirib ki, Ermənistanın məruzəsində Azərbaycana qarşı açıq şəkildə düşmənçilik meylləri görünür və bunlar özünü ifşadan başqa bir işə yaramır:
“Bu gün Ermənistan monoton ölkədir, ölkənin 99 faiz əhalisi etnik ermənilərdir. Bir nəfər də belə azərbaycanlı yaşamır. Halbuki, 1988-ci ilə qədər yüzminlərlə azərbaycanlı Ermənistandan qovulub, etnik təmizləməyə məruz qalıb. Onların evləri, əmlakları müsadirə edilib. Azərbaycan beynəlxalq məhkəmələrdə Qərbi Azərbaycan məsələsini qaldırır. Azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıtması istiqamətində rəsmi Bakı, dövlət qurumları, ictimai-siyasi fəallar, qeyri-hökumət təşkilatları, millət vəkilləri ciddi fəaliyyət sərgiləyirlər. Bunu görən Ermənistan hökuməti tələm-tələsik uydurma sənədlər hazırlayaraq, Azərbaycana qarşı əsassız iddialar səsləndirir”.
Müsahibimiz bildirib ki, Ermənistanda bir nəfər belə azərbaycanlının qalmadığını dünya görür:
“Belə olan halda Ermənistanın məruzələrində azərbaycanlılarla bağlı müddəaların səslənməsi sadəcə ermənilərin özünü ifşa etməsinə xidmət edir. Yəni bumeranq kimi Ermənistanın özünə qayıdır".
Əhməd Şahidov: Ermənistanın məruzəsində Azərbaycana qarşı düşmənçilik meylləri görünür
Ə.Şahidov vurğulayıb ki, beynəlxalq məhkəmələrin üzvləri, hakimlər, ümumiyyətlə beynəlxalq ictimaiyyət bu məsələni daha çox araşdırmağa başlayıb:
"Tarixi vərəqlədikcə, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti üzə çıxır və beynəlxalq aləm də bunu görür. Ermənilərin əsassız iddialarını davam etdirməsi son nəticədə Azərbaycanın xeyrinə işləyir. Ermənistan özü ötən əsrin sonlarına doğru azərbaycanlıların kütləvi şəkildə deportasiyası məsələsini gün işığına çıxarır, gündəmə gətirir. Bu da Azərbaycan tərəfinə əlavə şans verir ki, Qərbi azərbaycanlıların hüquqlarının beynəlxalq məhkəmələrdə qaldırılmasını təmin edək".
Qeyd edək ki, BMT-nin İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin 114-cü sessiyası çərçivəsində Ermənistanın dövrü məruzəsinə baxış keçirilib. Dekabrın 2-də baxışın ilk günündə Komitə üzvü Çunq Çinsunq Ermənistanın məruzəsində Azərbaycanla bağlı çox sayda iddiaların yer aldığına təəccüblənərək, Ermənistanda bir nəfər azərbaycanlının belə yaşamadığı halda sənəddə Azərbaycana bu qədər yer ayrılmasına aydınlıq gətirilməsini sorğu edib. Ermənistan nümayəndə heyətinin rəhbəri, xarici işlər nazirinin müavini Vahan Kostanyan suala cavab verməkdə çətinlik çəkərək, azərbaycanlıların Ermənistanda yaşamadığını təsdiq edib, sənəddə Azərbaycanla bağlı yazılanların məruzənin mahiyyətinə uyğun olmayan təhlükəsizlik və siyasi vəziyyətlə əlaqələndirməyə çalışıb.
Məruzəçi Ermənistanda faşist rejimi ilə əməkdaşlıq etmiş və insanlığa qarşı cinayətlər törətmiş Qaregin Njde kimi insanlara heykəlin ucaldılması barədə Komitəyə məlumatların daxil olduğunu da bildirib. Bu xüsusda, Ermənistanda məktəb kurrikulumunun tarixin bütün aspektlərini necə nəzərə aldığını və ayrı-seçkilik olmadan tolerantlıq mühitini necə təşviq etdiyini sorğu edib.
Çıxışında ölkəsinin tolerantlıq diyarı olduğunu sübut etməyə çalışan Vahan Kostanyan sualın ağırlığını hiss edərək, məktəb kurrikulumunun yenidən nəzərdən keçirildiyini bildirməyə məcbur qalıb. Q.Njdenin adını deməyə belə çəkinən V.Kostanyan onun məhz XX əsrin əvvəlində Ermənistan və erməni xalqı üçün vacib tarixi şəxsiyyət olduğunu deməklə Njdenin faşist olduğunu təkzib edə bilməyib. Bu cavabla kifayətlənməyən məruzəçi Y.Kam Con bu yaxınlarda belə heykəlin ətrafında mərasimlərin keçirilməsinin həmin şəxsin cəmiyyət üçün hələ də aktual olduğuna dəlalət etdiyini vurğulayıb.
Aydın Baxış