Fransada müdafiə naziri Sebastyen Lekornu tərəfindən formalaşdırılan və cəmi 13 saat fəaliyyət göstərən hökumətin istefası ölkə siyasi sistemində dərin struktur böhranının növbəti təzahürü kimi qiymətləndirilir.
Bu hadisə təkcə idarəçilikdə qeyri-sabitliyi deyil, həm də Fransa cəmiyyətindəki dərin ideoloji parçalanmanı üzə çıxardı. V Respublika tarixində bu qədər qısaömürlü hökumətin yaranması Makron administrasiyasının artıq daxili siyasi balansı qorumaqda aciz qaldığını göstərir.
Hazırda Fransada gərginliyin kökündə bir neçə əsas amil dayanır. Birincisi, uzun müddətdir davam edən sosial etirazlar - xüsusilə də pensiya islahatları, miqrasiya siyasəti və iqtisadi bərabərsizliklə bağlı narazılıqlar - cəmiyyətdə güclü sosial qütbləşmə yaradıb. İkincisi, sağ populist qüvvələrin - xüsusən də Marin Le Penin rəhbərlik etdiyi “Milli Birlik” hərəkatının - parlamentdə və küçə səviyyəsində artan təsiri Makronun mərkəzçi modelini sıxışdırır. Üçüncüsü isə, Fransa elitası ilə adi vətəndaşlar arasında “etimad uçurumu” artıq sistemli xarakter alıb.
Bütün bunlar ölkədə “vətəndaş qarşıdurması” riskini real şəkildə artırır. Əlbəttə, klassik mənada vətəndaş müharibəsi ehtimalı hələlik uzaq görünür, lakin sosial-siyasi gərginliyin kəskinləşməsi, dövlət orqanlarına etimadın azalması və hüquq-mühafizə strukturlarının bəzi regionlarda vəziyyətə nəzarəti itirməsi bu riski mərhələli şəkildə yaxınlaşdırır. Paris, Marsel və Lion kimi iri şəhərlərdə son illərdə baş verən kütləvi iğtişaşlar artıq bu qarşıdurmanın “sivil formalar”da mövcud olduğunu göstərir.
Makronun səhv hesablamaları isə bu böhranı daha da dərinləşdirir. O, siyasi spektrin sağ və sol qanadları arasında tarazlıq yaratmaq əvəzinə, idarəetməni “prezidentin şəxsi komandası” üzərində qurmaqla həm müttəfiqlərini, həm də seçicilərinin böyük hissəsini itirdi. Lekornu hökumətinin cəmi bir neçə saat yaşaması da bu uğursuz seçimin nəticəsidir - Makron artıq nə parlament çoxluğunu, nə də ictimai dəstəyi qoruya bilir.
Nəticə etibarilə, Fransa hazırda öz müasir tarixinin ən həssas dövrlərindən birini yaşayır. Dövlət aparatında qeyri-sabitlik, ictimai təbəqələr arasında qarşılıqlı inamsızlıq və siyasi liderliyin böhranı ölkəni faktiki “institusional tənəzzül” mərhələsinə gətirib. Əgər Makron real islahatlara və milli dialoqa başlamazsa, Fransa V Respublikanın klassik strukturunu itirərək, “sosial parçalanma respublikasına” çevrilə bilər. Bu isə yalnız siyasi deyil, həm də mədəni və milli kimlik böhranının başlanğıcı demək olacaq.
Züriyə Qarayeva