• Bakı 15° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

İran Azərbaycandan nə istəyir? - MÜSAHİBƏ

MÜSAHİBƏ

04 Noyabr 2022 | 15:55

İran Azərbaycandan nə istəyir? - MÜSAHİBƏ

“Azərbaycan və Ermənistan arasında münaqişənin bitməsi İrana sərf etmir. Çünki İran Cənubi Qafqazda sülh istəmir”.

Bu sözləri Yaxın Şərq məsələləri üzrə ekspert Vüqar Zifəroğlu deyib. Ekspert İran-Azərbaycan münasibətləri, İranda başlayan etirazlarla bağlı Bakıvaxtı.az-la həmsöhbət olub.

- İranda başlayan etirazlar bu gün də davam etməkdədir.  Aksiyalarda Güney azərbaycanlılarının səsləndirdiyi şüarlar azadlıq və milli hökumətin yaradılması ilə bağlıdır. Sizcə, Güney Azərbaycan istiqlaliyyətini qazanıb müstəqil ola biləcəkmi?

- Ümumiyyətlə, İranın parçalanması məsələsi yalnız onun daxilində gedən proseslərlə əlaqəli deyil. Çünki burda daha çox beynəlxalq güclərin hansı mövqe sərgiləyəcəklərindən və İranla bağlı necə hədəf doğrultusunda hərəkət edəcəklərindən də çox şey asılıdır. Yəni bu, yalnız daxildə gedən proseslərlə bağlı deyil. Amma təbii ki, bu etirazlar təkcə Güneydə yox, bütünlüklə İranda kütləviləşir. Bütün bunların hamısı təbii ki, bu və ya başqa dərəcədə İranın daxili siyasətində müəyyən dəyişikliklərə gətirib çıxarmalıdır. Çünki əgər bu dəyişikliklər edilməsə, etirazların daha fərqli və radikal boyuta keçmək ehtimalı çox böyükdür. Çünki hal-hazırda da bir sıra əyalətlərdə biz bunun şahidi olmaqdayıq. Məsələn, buna ərəblər, kürdlər və digər etnik qruplar yaşayan bölgələrdə şahid oluruq. Burda vacib məqam odur ki, bu məsələləri rəsmi Tehran nə dərəcədə adekvat qəbul edəcək və ordakı xalqlara müsbət təsir göstərəcək addımlar atacaq. Hələlik bu addımlar atılmır, buna görə də etirazlar dayanmır.

- Bəs etirazlar İrandakı hakimiyyəti devirə biləcəkmi?

-1979-cu il inqilabı da belə etirazlarla başladı. Əvvəlcə daha az kütləni əhatə edirdisə, sonrakı proseslərdə böyük toplumu ətrafına yığa bildi. Bu mənada əslində müəyyən başqa faktorlar da var. Yəni, İranın daxilindəki bərbad və çökmüş iqtisadi faktoru qeyd etmək istərdim. Uzun illərin sanksiyaları öz sözünü deyir.

Bundan başqa, İranda mövcud olan etnik problemlər, ordakı xalqlara ayrıseçkilik siyasətinin həyata keçirilməsi, ümumilikdə bütün bu məqamların hamısı, əlbəttə ki, daxildə ciddi proseslərin başlamasına səbəb olan faktorlar kimi qiymətləndirilməlidir. Əslində İran bölgədə ciddi strateji əhəmiyyətə malik bir ölkədir. Bu mənada İranın gələcəyi ilə bağlı bölgəyə marağı olan güclərin vəziyyətə baxışı necədir, bax, bu özü, ciddi təhlil edilməli mövzudur. Bu aydın olarsa, proseslərin hansı məcrada gedəcəyini təxmin etmək də mümkün ola bilər.

- Məlumdur ki, İran-Ermənistan yaxınlığı müstəqillik əldə etdiyimiz gündən bu yana daim özünü göstərib. Lakin son zamanlarda iki ölkə arasında olan daha yaxın və isti münasibət belə bir sualı ortaya qoyur: İran kimi güclü bir dövlətin Ermənistan kimi zəif ölkə ilə müttəfiqliyinə səbəb Azərbaycan faktorudur? Ümumiyyətlə, İran Azərbaycandan nə istəyir?

- 1991-ci ildən, yəni müstəqillik əldə etdiyimiz gündən bu yana İran hər zaman, nədənsə, Azərbaycanı özünə təhdid bilib. Biz müasir dövrlə və hazırkı proseslərlə əlaqələndirsək, üç faktoru qiymətləndirə bilərik. Bunlardan ikisi Azərbaycanla, biri isə Cənubi Qafqazla bağlıdır. Bu iki faktordan birincisi, Azərbaycanın Cənubi Qafqazda kifayət qədər ciddi strateji əhəmiyyətə malik olması və eyni zamanda Azərbaycanın milli maraqlara söykənən xarici siyasəti ilə bağlıdır. Bu isə İranın Cənubi Qafqaz siyasəti ilə üst-üstə düşmür. Çünki İran burda müəyyən nəzarət imkanları əldə etməyə çalışır.

İkinci faktor isə, türk milli kimliyi məsələsidir. Çünki bu gün İranda yaşayan etnik xalqların əksəriyyəti türkdür. Söhbət yalnız Azərbaycan türklərindən getmir. Biz burda Qaşqay, Xorasan və s. kimi türk xalqlarının adını çəkə bilərik.

Üçüncü məqam isə, birbaşa Ermənistanla bağlıdır. İran 1990-cı illərin əvvəllərindən başlayaraq, Ermənistanı özünün ən vacib strateji müttəfiqi hesab edir. Məhz burda da 3 faktor özünü büruzə verir: 1) Cənubi Qafqaza Ermənistan vasitəsilə nüfuz və təsir imkanlarını artırmaq; 2) Ermənilərdən türk birliyi faktoruna qarşı istifadə etmək. Nəzərə alsaq ki, Ermənistanın yerləşdiyi ərazi Azərbaycan və Türkiyənin ortasındadır, bu zaman ikinci amil tam aydın olur; 3) Əsasən beynəlxalq aləmdə israil lobbisinə qarşı erməni lobbisindən istifadə etmək cəhdləridir.

Ermənistan İsrailə qarşı İrana bu barədə kifayət qədər dəstək verir. Bu hallar Ermənistanı İranın təbii müttəfiqi halına gətirir. Amma burda başqa bir məqam da ondan ibarətdir ki, əslində Azərbaycana qarşı İranın qeyri-adekvat yanaşması da onu Ermənistanla yaxınlaşdırır. Biz bunun həm Birinci, həm İkinci Qarabağ müharibəsi vaxtı şahidi olduq. Ermənistana silah-sursat, maddi, nəqliyyat yardımının edilməsinin biz 44 günlük Vətən müharibəmizdə tam əyani şahidi olduq. Eyni zamanda, Qarabağ müharibələri dövründə İranın Ermənistana həm də lojistik yardımı da olub. Bütün bunlar hamısı adını İslam Cümhuriyyəti qoyan bir ölkənin, hətta əhalisinin yarıdan çoxunun İranla eyni məshəbi daşıyan dövlətə qarşı bu cür qeyri-adekvat addımların atılması başadüşülən deyil.

- Bilirsiniz ki, İranı ən çox narahat edən məsələlərdən biri də Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiya probleminin həll olunmasıdır. Sərhəd problemi həll olunsa, İran Azərbaycana qarşı maksimum hansı addımları ata bilər?

- Mən ümumiyyətlə, İranın Azərbaycana qarşı hansısa formada addım atmasını qəti şəkildə istisna edirəm. İran heç bir halda Azərbaycana müdaxilə etməz, edə də bilməz. Çünki İran çox gözəl bilir ki, Azərbaycana müdaxilə onun özü üçün hansı mənfi nəticələrə və fəsadlara gətirib çıxarar. İran sərhədlərlə, Zəngəzurla bağlı bir sıra bəyanatlar verir, amma təbii ki, onların heç biri həqiqəti əks etdirmir.

Zəngəzur dəhlizinin açılması niyə lazımdır? Zəngəzur dəhlizi bütövlükdə bölgəyə gələcəkdə mümkün ola biləcək transmilli iqtisadi layihələrin həyata keçirilməsi üçün lazımdır.

Bundan əlavə, sərhədlərin dəqiqləşməsi niyə lazımdır? Cənubi Qafqaza sülh gətirəcək sülh müqaviləsinin imzalanması üçün lazımdır. Deməli belə çıxır ki, İran Cənubi Qafqazda sülh istəmir. Bunun başqa izahı yoxdur. Hətta bundan başqa söyləniləcək istənilən fikir deməli, manipulyasiyadır. İran Azərbaycanın öz problemlərini həll etməsində, Qarabağ məsələsinin həllində maraqlı deyil. Bilirsiniz ki, bu otuz ildə Azərbaycanın İranla olan sərhədinə ermənilər nəzarət edir. Bu sərhədin bərpasının onun qırmızı xətti olması barədə otuz ildə İran nə vaxt bəyanat verib? Heç vaxt! İranın bu barədə verdiyi yeganə bəyanat belə olub ki, biz bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyirik və s. Ən azından İranın bu gün Ermənistana görə ortaya qoyduğu mövqe kimi bir yanaşma biz bu otuz ildə görməmişik. Bundan əlavə, otuz il torpaqlarımız işğal altında olanda bizim şəhərlərimiz dağıdılanda İranın şirkətləri o prosesdə aktiv iştirak ediblər. Bu, hansı ümmətə, İslam birliyi ideyasına uyğundur?! İranın Azərbaycana qarşı təhdid məsələsinə gəldikdə isə, nə qədər qırmızı çizgi desələr də, onlar heç bir şey edə bilməz. Çünki Azərbaycan 44 günlük Vətən müharibəmizdə qazandığı qələbə ilə yeni geosiyasi reallıq yaradıb. Bu geosiyasi reallığın isə şərtləri var. Artıq həm İran, həm də digər ölkələr bu şərtləri adekvat qəbul etsinlər. Bunlardan biri də Cənubi Qafqaza sülhün gətirilməsi məsələsidir. Biz hər zaman qonşu dövlətlərlə dostluq prinsiplərinə sadiq olmuşuq. Hətta Ermənistanla belə konstruktiv əməkdaşlığa daim hazır olduğumuzu bəyan etmişik. Yəni bizim məqsədimiz hansısa ölkəyə aqressiv mövqe nümayiş etdirmək deyil. İstəyimiz torpaqlarımızın bütövlüyünü təmin etmək, Cənubi Qafqaza sülhün gəlməyidir.

- Bəs, Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalansa, İran və Ermənistan faktoru varkən Cənubi Qafqazda sülhün bərqərar olacağına inanırsınızmı?

- Biz elə bir bölgədə yerləşirik ki, əsrlərdir bu torpaqlarda qan tökülür. Yəni əsrlərdir bu bölgəyə nəzarət etmək uğrunda acımasız rəqabət gedir. Bu da təsadüfi deyil. Çünki Cənubi Qafqaz bütövlükdə Avropa və Asiya arasında nəqliyyat körpüsü rolunu yerinə yetirə biləcək strateji əhəmiyyətə malikdir. Bundan əlavə, Cənubi Qafqaz Yaxın Şərqə qapıdır. Bizim məqsədimiz isə Cənubi Qafqaza dayanıqlı sülhün gəlməsidir. Eyni zamanda da bu o demək deyil ki, biz müharibədən qorxuruq və ya hansısa təhdidə hazır deyilik. Azərbaycan Ordusunun hal-hazırda NATO standartlarına keçidi prosesi baş verir. Ordumuz müxtəlif təlimlər keçirir. Yeri gəlmişkən, elə bu günlərdə İranla sərhəddə, cənub bölgəmizdə Xüsusi Təyinatlı Qüvvələrimizin təlimləri başladı. Qonşu dövlətlər təlimlərin necə keçirilməli olduğunun indi şahidi olacaqlar. Mən bundan tam əminəm. Yəni bizim Ordumuz tam dinamik inkişaf mərhələsindədir, bu mənada müharibə bizi qorxutmur. Lakin təbii ki, biz sülh istəyirik. Ümumiyyətlə, türk milləti etnik psixoloji anlamda sülhpərvər xalqdır. Amma dediyim kimi, bu millət həm də müharibədən qorxmur. Əslində türk milləti ən gözəl dastanlarını məhz müharibələrdə yazıb.

Nuranə Daxilqızı


SON XƏBƏRLƏR

25 Aprel 2024