"Bir çox regionlarda qlobal maraqların toqquşmasının arxasında dünyanın birqütblükdən çoxqütblüyə keçidi durur. Xüsusən, Cənubi Qafqazda sadəcə böyük güclərin, qlobal oyunçuların deyil, regional güclər arasında da maraqların kəsişdiyini görürük".
Bunu Bakıvaxtı.az-a deputat Sahib Alıyev deyib.
Onun sözlərinə görə, qarşıdurma və maraqların toqquşması həm Yaxın Şərqdə, həm də Cənubi Qafqazda özünü açıq göstərir:
"Yaxın Şərqdə, Cənubi Qafqazda regional güclərin öz aralarındakı narazılıqları situativ əməkdaşlıqla əvəz etmək yönündə addımlar atdığının şahidiyik. Diqqət yetirsək, Türkiyənin Misir və İraqla, o cümlədən Rusiya ilə əlaqələrində bu məqam özünü göstərir. Amma təəssüf ki, rəqiblik potensialı hələ də qalmaqdadır. Bölgələrdə rəqiblik potensialının qalması böyük güclər üçün regiona yol açmaq deməkdir. Söhbət region ölkələrindən gedir. Məsələn, İranın son zamanlar verdiyi bəyanatlardan açıq-aşkar görünür ki, Tehran qarşıdurma tərəfdarı kimi çıxış edir. Halbuki, regiona kənar güclərin gəlməsinə İran hər zaman qarşı olduğunu vurğulayıb”.
S.Alıyev qeyd edib ki, İran rəsmiləri Zəngəzur dəhlizinin açılması perspektivini əldə rəhbər tutaraq guya Rusiyanı hədəf alan açıqlamalar verirlər. Onun sözlərinə görə, amma həmin bəyanatlara diqqət yetirsək, görərik ki, Moskvaya narazılıqdan daha çox türk düşmənçiliyi nəzərə çarpır:
“İran rejmində türk düşmənçiliyi var və bu, Mərkəzi Asiya respublikalarının diqqətindən yayınmamalıdır. Onlar da İranla əməkdaşlıqda bu reallığı nəzərə almalıdırlar. İran açıq şəkildə deyir ki, Zəngəzur dəhlizi təkcə Azərbaycanın ərazilərini birləşdirmir, həm də Turan yolu olacaq, Mərkəzi Asiya ölkələri ilə Türkiyə əlaqələrini sıxlaşdıracaq. Buna, yəni türklərin birləşməsinə qarşı çıxırlar, açıq şəkildə bəyan edirlər. İran qəbul etməməklə yanaşı, bu məsələyə açıq düşmənçilik sərgiləyir”.
Sahib Alıyev: Tehranın qarşı çıxıb-çıxmamasından asılı olmayaraq, Zəngəzur dəhlizi açılacaq
Müsahibimizə görə, perspektivi və real mənzərəni nəzərə alsaq, İranın gurultulu bəyanatları "İsraili yer üzündən silərik" açıqlamalarından o yana keçməyəcək. Heç kim İranın bəyanatlarından çəkinmir, qorxmur. Tehranın qarşı çıxıb-çıxmamasından asılı olmayaraq, Zəngəzur dəhlizi açılacaq.
S.Alıyev Fransanın sərgilədiyi mövqedən də söz açıb:
"Hazırda Fransa-Rusiya qarşıdurması barəsində yaradılan təsəvvür təqribən Ermənistan-Rusiya qarşıdurması haqqında yaradılan təsəvvürə bənzərdir. Fransa həmişə, sovet zamanı da Rusiyaya yanaşmada Qərb düşərgəsində özünün opportunistliyi ilə fərqlənib. Yenə həmin Fransadır. Makronun açıqlamalarına diqqət yetirsək görərik ki, bir tərəfdən Rusiyaya qarşı mübarizədə guya ön cərgədə dayanmış Fransa var, digər yandan isə Moskvaya dolayı şəkildə öz xidmətlərini təklif var. Ukrayna savaşı başlayandan üzü bəri Rusiya rəhbərliyi ilə ən çox əlaqə saxlayan rəsmi Paris olub”.
Həmsöhbətimiz hüsab edir ki, Fransanın regionda belə siyasət yeritməsinin kökündə Ermənistana havadarlıq yox, bölgədə möhkəmlənmək, Azərbaycana təzyiq yolu ilə daha çox güzəştli mövqe əldə etmək istəyi var:
“Amma görürük ki, Fransa prezidentinin yeritdiyi bu siyasət onlar üçün əks effekt verir. Onun düşünmədiyi nöqtələrdə əleyhinə işləyir. Cənab Prezidentin bu yaxınlarda İtaliyaya rəsmi səfəri də göstərdi ki, biz Fransaya onun "öz meydanı" saydığı müstəvilərdə də lazım gələn cavabı veririk".
Aydın Baxış