• Bakı 25° C

    6.91 m/s

  • USD - 1.7

    EUR - 1.8828

    RUB - 0.0188

Media subyektlərinin seçkilərdə iştirakına dair müşavirə keçirilib

MEDİA

08 Avqust 2024 | 14:11

Media subyektlərinin seçkilərdə iştirakına dair müşavirə keçirilib

Sentyabrın 1-nə təyin olunmuş Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar müxtəlif statuslu seçki iştirakçılarını əhatə edən layihələr seçkilərə rəsmən start veriləndən ardıcıl, sistemli və intensiv şəkildə davam edir.

Bu barədə Bakıvaxtı.az-a Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

Bildirilib ki, genişmiqyaslı proqram çərçivəsində növbəti layihə - Mərkəzi Seçki Komissiyası, Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə avqustun 8-də “Hyatt Regency Baku” otelində geniş müşavirə keçirilib. Tədbir bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin Milli Məclisə seçkilərdə fəaliyyətinin əsaslarına həsr olunub.

Müşavirə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Audiovizual Şuranın sədri İsmət Səttarov və Mətbuat Şurasının sədri Rəşad Məcidin açılış nitqləri ilə başlayıb. Çıxışlar zamanı seçkiləri mediasız təsəvvür etməyin qeyri-mümkün olduğu, medianın seçkilərdə azad və sərbəst şəkildə iştirak etdiyi, ictimaiyyətin məlumatlandırılmasına mühüm töhfələr verdiyi vurğulanıb. Diqqətə çatdırılıb ki, qanunvericilik seçki prosesində aşkarlığın və şəffaflığın təmin olunmasında, seçkiqabağı təşviqat mərhələsində, o cümlədən səsvermə günü öz peşə fəaliyyətini yerinə yetirərkən media mənsubları üçün hüquqlarla yanaşı, vəzifə və məsuliyyətlər də müəyyən edib. Buna görə də Seçki Məcəlləsinin və müvafiq qanunvericiliyin tələblərinə dəqiqliklə riayət olunmalıdır.

Açılış nitqlərindən sonra Mərkəzi Seçki Komissiyasının üzvləri Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqata dair ümumi tələblər, təşviqat subyektləri, onların hüquq və vəzifələri, ödənişli və ödənişsiz əsaslarla aparılan təşviqat prosesində media subyektlərinin rol və vəzifələrini əhatə edən təqdimatlarla çıxış ediblər.

Aparıcı media subyektlərinin rəhbərləri və nümayəndələrinin bilavasitə iştirakı ilə keçirilən tədbirdə seçki prosesinin ictimailəşdirilməsi, aşkarlığın və şəffaflığın təmin olunması, habelə seçki prosesinin müxtəlif mərhələlərində peşəkar media fəaliyyətinin təşkili barədə dolğun məlumat verilib, mövzular ətrafında fikir mübadiləsi və müzakirələr aparılıb.

Media subyektlərinin Milli Məclisə seçkilərdə sərbəst fəaliyyətinin daha da təkmilləşdirilməsinə və məlumatlılığının artırılmasına hədəflənən müşavirə, jurnalistləri maraqlandıran suallara aydınlıq gətirildikdən sonra öz işini yekunlaşdırıb.


SON XƏBƏRLƏR

09 Sentyabr 2024