• Bakı 26° C

    6.91 m/s

  • USD - 1.7

    EUR - 1.8828

    RUB - 0.0188

“Nəzakət düsturu” axtarışında...

CƏMİYYƏT

08 Avqust 2024 | 09:48

“Nəzakət düsturu” axtarışında...

(Başıma gələn bir hadisə)

Səhər telefonun xatırlatma səsi məni oyatdı. Ekrana baxdım, 06.45-i göstərirdi. Xatırlatma mətnini açdım: "İntiqam Ad günü" yazırdı. Səhər yeməyimi yeyəndən sonra mail adresimə gələn məktublara tələsik göz atdım və ondan sonra yoldaşımla sağollaşıb evdən çıxdım.

Saat 12-yə kimi bir neçə iş görüşmələrim var idi. Telefonumdan təkrar xatırlatma səsi gəldi. Yazıq telefonun dili olsaydı deyərdi ki, "O İntiqamı bir təbrik elə. Yaxşı deyil. Neçə ildir itirib axtarmırsan". Bəli, telefon haqlı idi. Amma bu saatda zəng etmək olmazdı. Ümumiyyətlə mən heç vaxt səhər saat 10-dan erkən kimsəni telefonla narahat etmirəm.

Saat 10.30-da telefonun axtarış bölümündə "İntiqam" yazdım və onun bütün mövcud nömrələri ekrana gəldi. Çoxdandır əlaqəmiz yox idi və hansı nömrəsinin aktiv olduğunu bilmirdim. Amma içimdən gülümsəyərək ona gözəl bir sürpriz etməyi qərara aldım. Türkiyə nömrəsinə bir təbrik mesajı yazdım. WhatsAppdan mesajımı o dəqiqə oxuduğunu gördüm. Mənə nəsə yazırdı. Gələn mesajı açdım: “İyi günler efendim. Bu numarayı ben kullanıyorum. Sizin arkadaşın numarası değişmiş galiba. Yanlış numaraya yazıyorsunuz”. Mən İntiqamın Türkiyə nömrəsinin dəyişdiyini fərq etdim və eyni nömrəyə yazıb üzr istədim. Cavab gəldi: “Sorun değil efendim. Benim de başıma aynı olay defalarca geldi. Umarım arkadaşınızı tebrik eder ve sevindirirsiniz. Kolay gelsin”.

“Bir daha özür dilerim ve anlayışınız için teşekkür ederim” yazaraq tanımadığım adamla sağollaşdım. Və o da tanımadığı və heç bir zaman üzünü belə görməyəcəyi birisinə, yəni mənə bir smaylik atdı. Smaylik gülümsəyirdi. Qeyri iradi mən də gülümsədim və o anda o adamı xəyalımda canlandırdım. O da yəqin ki, gülümsəyərək işlərinə davam edirdi...

Amma mənim təbrikim hədəfinə çatmamışdı. İntiqamın Azərbaycan nömrəsinə bir mesaj yazdım: “Salam qardaş. Haralardasan?” Bayaqkı qısa yazışmanın müsbət enerjisi hələ keçməmişdi. İçimdə bir zarafatlaşma ruhu var idi. Nəhayət ki, uzun ayrılıqdan sonra yaxından tanıdığım bir insana yazırdım və onunla keçirdiyimiz gözəl anları az sonra paylaşacaqdıq. Səhər tezdən aldığım o müsbət enerji mənim həyəcanıma qarışıb içimə bir işıq saçırdı. Günə pozitiv başlamağı sevirəm.

WhatsAppın ekranında üstdə yaşıl hərflərlə “İntiqam yazıyor” cümləsini gördüm. Həyəcanım bir az da artdı. Amma bu, çox çəkmədi. Çünki qarşı tərəfdən, yəni İntiqamdan gələn mesaj çox qısa oldu: “Sən kimsən”. Cümlənin sonunda sual işarəsi qoyulmamışdı. Amma bunun bir sual olduğu bəlli idi. “Ay səni İntiqam” deyə düşündüm və gülə-gülə yazışmama davam etdim:

“Qardaş, deyəsən tanımadın. Elçindir İzmirdən”.

İntiqam yazırdı. Həyəcanım bir uşaq şıltaqlığına çevrildi və İntiqamın cavabını səbirsizliklə gözləyirdim. Onunla həmişə zarafat edərdik və bəzən də bu zarafatların sərhədi olmazdı.

“Sənə kim verib bu nömrəni” - deyə bir cavab gəldi.

Yazdım ki, “Bağışlayın, deyəsən nömrəni səhv saldım. Amma mən İntiqam adlı bir dostuma yazıram. Belə anladım ki, siz İntiqam deyilsiz. Əgər elədirsə, xahiş edirəm üzürlü hesab edin”..

Qarşı tərəfdən cavab gəldi: “Sənə dedim kim verib bu nömrəni?????”

Bu dəfə sual işarələrinin sayından anladım ki, ünvan yanlışdır və qarşıdakı adam mənə çox əsəbidir. Adamı rahatsız etdiyimə görə ondan bir daha üzr istədim və anlatmağa çalışdım ki: “Yəqin mənim dostum nömrəsini dəyişib. Olur belə şeylər. Sizi narahat etdiyimə çox üzgünəm. Gününüz xoş olsun”.

Bu mesajı göndərəndən sonra içim bir az rahatladı. Çünki, neçənci dəfədir adamdan üzr istəyirdim. Qarşı tərəfdən mesaj gəldi:

“Sən məni tanıyırsan ki, mənə günün xoş olsun deyirsən? Vapşe sən kimsən?”

Yazdım ki, “Sadəcə nömrə səhv olub. Olan işdir. Bu, sizin də başınıza gələ bilər. Əsəbləşməyə dəyməz”.

Cavab gəldi: “Əsəbi özünsən. Sən həkimsən mənə məsləhət verirsən?”

Nə cavab verəcəyimi bilmədim. Doğrusu belə bir söhbət gözləmirdim. Yazdım ki, “Xeyr mən həkim deyiləm. Mən sadəcə dostum İntiqamı təbrik etmək istəyirdim”

 “Mənnən məzələnirsən? Kimsən ki sən? Sözlərinə diqqət et...”

Onun ardından növbəti mesaj gəldi. Daha doğrusu bu kobud bir əmr idi:

 “Telefonundan sil bu nömrəni”.

Artıq adama cavab yazmağı lazım bilmədim və qarşımdakının aşağı-yuxarı nə cür bir insan olduğunu təxmin etdim. Hövsələm qaçmışdı. Səhərki o sevincdən, o nəşədən və o enerjidən əsər-əlamət qalmamışdı. Telefonu bağladım. Bir az özümə gəlmək istəyirdim. Dərindən nəfəs aldım. Elə bu vaxt telefona bir mesaj gəldi. Açdım baxdım ki, o adam yazıb:

 “Sənə dedim ki, telefonundan sil bu nömrəni!!”

 Əsəblərim yenə gərildi. “Narahat olmayın siləcəyəm”- deyə adamı sakitləşdirməyə çalışdım.

 “Sənə axırıncı dəfə deyirəm, sil bu nömrəni və bir də bura yazma!!!”

Bu dəfə dözə bilmədim və adama bir kəlmə yazdım ki, tanımadığınız insanla belə rəftar etmək olmaz. Bir az nəzakətli davranmaq yaxşı olardı.

Budəfəki cavab uzun bir cavaba bənzəyirdi. Adam yazmaqda davam edirdi. Nəhayət, 5 dəqiqədən sonra bir mesaj səsi gəldi. Açdım:

“Bura bax, mən sənə arvad zad deyiləm mənə nəzakətdən danışırsan. Kimsən, nəçisən bilmirəm və bilmək də istəmirəm. Adam ol, kimə yazdığıvı bil. Oşibkalara yol vermə. Mən təhqirə keçmək istəmirəm. Amma özüvü yığışdır, ona-buna ağıl vermə. Nəzakətsizin yekəsi elə sənin özünsən. Bu nömrəni də sroçnu sil və unut, yoxsa gələrəm orda səni....”

Bu mesaj telefonun ekranında bir ildırım kimi çaxdı. Adamın 5 dəqiqəyə yazdığı “açıqlama” bu imiş. Düşündüm ki, bu hələ onun “təhqirsiz” yazısıdır, gör indi... Nə isə, “lənət şeytana” dedim. Sadəlövh gözləntim darmadağın oldu. Yazıq telefon hələ belə mesaj görməmişdi. “Təbrik sürprizi” başımda çatladı. Bilmədim İntiqama əsəbləşim, yoxsa bu adama... “Nə baş verir?” deyə özümü sorğu-suala tutdum və bütün məntiqimi bir yerə toplasam da, bu baş verəni anlaya bilmədim. Adamı o anda təsəvvür etdim. Başını dik tutaraq: “Bax, adamı belə yerinə oturdarlar” deyə düşünərək qalibiyyət hissindən dərin zövq alırdı yəqin ki...

Məni üzən tanımadığım bir adamın mesajı deyildi. Bir nəfəri yola vermək asandır. Onsuz da hamımız hər gün belə insanlarla rastlaşırıq. Problem sosial bir ünsiyyətsizlik müstəvisində, yəni daha dərində idi. Cəmiyyətdə empatiya anlayışı o cəmiyyətin hər bir üzvü üçün şəxsi məsuliyyət səviyyəsində olmalıdır. Empatiya - özünü başqa insanın yerinə qoya bilmə bacarığı, başqasının dərdinə şərik olma hissidir. Empatiya, qarşındakı insanı başa düşə bilmək bacarığıdır. Empatiya olmayan cəmiyyətdə kobudluq və biganəlik hökm sürər. Məsələ burasındadır ki, empatiya qanunlarının pozulması hüquqi müstəvidə həll olunmur. Hüquq mexanizmləri münasibətlərin müəyyən çərçivədən çıxdığı bir şəraitdə dövrəyə girir. Yəni adi kobudluq təhqirə və daha sonra ciddi münaqişələrə çevriləndə hüquq qaydaları tətbiq olunur. Sosiolojiyada empatiya dərəcəsinin aşağı olması da əsasən münasibətlərin “adi kobudluq” səviyyəsində olması deməkdir. Yəni bunun üçün “münaqişə” həddinə gəlməyə ehtiyac yoxdur. Hamı, mədəni insanlar belə, gündəlik həyatında “adi kobudluğu” nəyinsə, və ya kiminsə xətrinə bir şəkildə yola verməyə çalışır. Maraqlıdır ki, insanlar bu tərz davranış “qaydalarını” hardan və kimlərdən öyrənir? Kimlərdir bu tip insanların “ustadları”? Niyə görə “bağışlayın” və “üzr istəyirəm” sözləri cəmiyyətdə bir məğlubiyyət anlamı daşıyır?

Axı biz qədim mədəniyyətin daşıyıcılarıyıq. Axı biz dünya nəhəngləri və fikir adamları olan Nizaminin, Füzulinin, Nəsiminin və diğər dahilərin övladlarıyıq. Biz böyük maarifçilər Həsən bəy Zərdabinin, Mirzə Ələkbər Sabirin, Əbdürrəhman bəy Haqverdiyevin və Mirzə Cəlilin davamçılarıyıq. Axı biz azərbaycanlıyıq! Böyük Atatürk deyirdi: “Ne mutlu türküm diyene”. Bizim xalqın əxlaq kodeksi heç bir xalqdan əskik deyil. Milli komplekslərimizlə baş edə bilsəydik, bəlkə də bu problemlər öz-özünə həll olardı. Bir Anadolu türkü qarşısındakı tanımadığı insana “efendim” deməkdən utanmır və bununla özünü aşağı saymır. Bu, Türkiyədə adi nəzakət qaydasıdır. Amma biz özümüzü qarşımızdakından “üstün sayma” kompleksindən hələ də çıxa bilmirik. Elə bütün ünsiyyət problemlərimizin kökü də burdadır.

Kobudluqdan doğan çürük fəlsəfəyə zidd olaraq, ən böyük qalibiyyət - səhvini başa düşmək, və qarşısındakı insana anlayış göstərərək ona “üzr istəyirəm” deməyi bacarmaqdır. “Bağışlayın” demək, insanın özü üzərindəki qələbəsidir.

Nəzakət cəmiyyəti "kobudluq və biganəlik xəstəliyindən" qurtaran bir məlhəmdir. Nəzakət bir xalqı ucaldan və onu güclü xalq edən mənəvi bir dəyərdir. Nəzakət bir hava və su kimidir ki, onun qıtlığı nəticədə bir cəmiyyəti boğar və məhv edər. Nəzakət gücün yox, ağlın bəhrəsidir.

... Bəli, bu fikirlər məni bayaqkı yazışmadan uzaqlaşdırdı. Telefonu əlimə aldım. İlk yazdığım türk nömrəsindən gələn cavaba baxdım, bir də ikinci yazışmaya baxdım. Yerlə göy qədər fərq var idi. Biri “siz”lə danışırdı, digəri isə birbaşa “sən”lə. Heç birini tanımırdım. Amma onlardan biri mənə yad, digəri isə doğmam idi, öz xalqımın nümayəndəsi... Birinin üzündə təbəssüm, o birində isə mənasını tapa bilmədiyim nifrət vardı. Bir yazışmadan gül ətri gəlirdi, o biri çirkab qoxurdu. Doğrusu bir utanc hissi keçirdim. Bir anda elə hiss etdim ki, bütün millətlər barmağını mənə tutub məni ittiham edirlər... bəli, o adamı yox, məni günahkar sayırlar. Çünki, nədənsə biz belə şeylərə susuruq, çox zaman da bəraət qazandırırıq və hətta normal qəbul edirik. “Halal olsun!”mu deyim, “Əsil “kişi” belə olar!”mı deyim, nə deyim, bilə bilmədim... 

Amma səhər tezdən keçirdiyim o gözəl hisslər, o müsbət enerji artıq yox idi. Sanki kimsə içimdəki o işığı bir düyməyə basmaqla söndürmüşdü. Bunu da bilirəm ki, elə söndürülmüş işıqlar milyonlarladır. Yenə həmişəki kimi o söndürülmüş işığımı özüm yandırmaq məcburiyyətində qaldım. Çünki qaranlıq çox pis şeydir...

Elçin Orucov

Sosioloq

Bakıvaxtı.az


SON XƏBƏRLƏR

09 Sentyabr 2024