Çində keçrilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Pakistanın XİN rəhbəri İshaq Dar arasında görüş baş tutub.
Məlumata görə, görüş çərçivəsində tərəflər diplomatik münasibətlər qurmaq barədə qərar qəbul ediblər.
Hesab etmək olarmı ki, 8 avqustda Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanmasından sonra Pakistan öz maraqları naminə strateji mövqeyini dəyişir?
Mövzu ilə bağlı politoloq Taleh Əliyev öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.
Onun sözlərinə görə, bu gün Pakistanla Ermənistan arasında münasibətlərin qurulması Cənubi Qafqazın, o cümlədən Azərbaycanın milli maraqlarına cavab verir:
"Qardaş və dost Pakistan dövlətinin bu günə qədər Azərbaycanın maraqlarından çıxış edərək Ermənistanla heç bir diplomatik əlaqələr qurmaması təqdirəlayiq haldır. Bu, Azərbaycanla Pakistan arasındakı münasibətlərin etimadını və etibarını yüksəldən bir faktordur. Şübhəsiz ki, ölkəmiz də Pakistan-Hindistan məsələsində daima Pakistanı dəstəkləyib. Bu isə qarşılıqlı hörmətin nəticəsidir. Pakistan-Ermənistan yaxınlaşması fonunda isə Ermənistan nə qədər Azərbaycanla dost və strateji müttəfiq olan ölkələrlə əlaqələrini dərinləşdirərsə, bu, Azərbaycan-Ermənistan münasibətlərini də normallaşdırar".
Taleh Əliyev, politoloq
Politoloqun fikrincə, ümumilikdə Ermənistan ənənəvi olaraq Rusiya, İran və Fransa ilə işbirliyindədir. Bu ölkələrin Azərbaycana münasibəti Ermənistanı vadar edir ki, ölkəmizlə münasibətini mümkün qədər məsafəli etsin. Belə ki, bu münasibət regiona iqtisadi fayda gətirən və regionun təhlükəsizliyi üçün töhfə verən qarşılıqlı addımlara əngəl törətsin.
"Bu kontekstdə ölkəmizə dost olan ölkələrlə, o cümlədən qardaş Türkiyə ilə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində hər üç ölkənin liderlərinin və xanımlarının görüşünün baş tutması onu göstərir ki, Azərbaycanla Ermənistan münasibətlərinin normallaşması, sülh müqaviləsinin imzalanması regionda yeni üçtərəfli formatın yaranmasına səbəb olacaq. Bu formata Azərbaycan, Ermənistan və Türkiyə daxildir", - müsahibimiz qeyd edib.
Gülşən Şərif