• Bakı 26° C

    3.59 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Qohum nikahlarına qadağa: hüquq, tibb və cəmiyyət perspektivindən yanaşma

CƏMİYYƏT

24 Iyul 2025 | 15:53

Qohum nikahlarına qadağa: hüquq, tibb və cəmiyyət perspektivindən yanaşma

2025-ci ilin əvvəlindən qüvvəyə minən və qohumlar arasında evlilikləri məhdudlaşdıran yeni qanun Azərbaycan cəmiyyətində geniş rezonans doğurdu. Bəziləri bu addımı mütərəqqi və zəruri sayaraq alqışlayır, digərləri isə onu ailə institutuna müdaxilə kimi qiymətləndirir. Ənənəvi mədəni dəyərlərlə müasir hüquqi və tibbi yanaşmaların toqquşduğu bu məsələ ətrafında birmənalı fikir formalaşmayıb. Lakin genetik sağlamlıq, uşaq hüquqları və cəmiyyətin ümumi rifahı baxımından bu addımın nə qədər vacib olduğunu izah etmək də bir o qədər mühümdür.

Mövzunun hüquqi əsaslarını və qanunun tətbiq mexanizmini daha yaxından anlamaq üçün Bakıvaxtı.az olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova ilə söhbətləşdik.

– Taliyə xanım, bu yaxınlarda qüvvəyə minən qohum nikahlarının qadağan edilməsi ilə bağlı qanun cəmiyyətdə ciddi müzakirələrə səbəb oldu. İlk növbədə, bu qanunun qəbul səbəblərini necə izah edərdiniz?

– Qanun birdən-birə və ya emosional qərar əsasında qəbul olunmayıb. Bu, uzun illər ərzində aparılmış tibb elminə əsaslanan araşdırmalar, ictimai təhlükəsizliklə bağlı təhlillər və beynəlxalq təcrübənin nəzərə alınması ilə formalaşmış strateji yanaşmanın nəticəsidir. Məqsədimiz yalnız hüquqi çərçivəni dəyişmək deyil, gələcək nəsillərin sağlamlığını təmin etmək və genetik riskləri minimuma endirməkdir.

– Tibbi cəhətdən bu nikahların təhlükəsi nədən ibarətdir?

– Yaxın qohumlar arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda irsi xəstəliklərin, genetik qüsurların və inkişaf geriliklərinin yaranma riski ciddi şəkildə artır. Statistik göstəricilər göstərir ki, yad şəxslər arasında bağlanan nikahlar nəticəsində uşaqda qüsur riski 2-4% təşkil edirsə, bu göstərici qohum nikahlarında 4-8%-ə qədər yüksəlir. Yəni təxminən iki dəfə artıq riskdən söhbət gedir. Bu yalnız ailənin deyil, bütöv cəmiyyətin üzərinə sosial və iqtisadi yük yaradır.

– Qanunun hüquqi əsası və beynəlxalq hüquq normaları ilə uyğunluğu necə təmin olunub?

– Əvvəla, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.3-cü maddəsində cəmiyyətin təhlükəsizliyi və sağlamlığının təmin olunması məqsədilə mülki hüquqların məhdudlaşdırıla biləcəyi açıq şəkildə qeyd olunur. İkincisi, bu yanaşma beynəlxalq hüquq normalarına da tam uyğundur. BMT-nin Uşaq Hüquqları Konvensiyası, Avropa İnsan Hüquqları Konvensiyası kimi sənədlərdə uşaqların müdafiəsi və gələcək nəsillərin sağlam inkişafı dövlətin vəzifəsi kimi göstərilir. Yəni bu qanun həm yerli, həm də beynəlxalq hüquqi sistemə tam uyğundur.

Taliyə İbrahimova: Qanun yalnız genetik riskin yüksək olduğu konkret qohumluq münasibətlərinə tətbiq edilir

– Cəmiyyətin bəzi üzvləri bu qanunu fərdi hüquqların məhdudlaşdırılması kimi qiymətləndirir. Bu yanaşmaya münasibətiniz necədir?

– Bu, təəssüf ki, geniş yayılmış, lakin hüquqi baxımdan əsassız bir yanaşmadır. Hüquqlar mütləq deyil, onların həyata keçirilməsi zamanı digər şəxslərin hüquqları və cəmiyyətin ümumi maraqları da nəzərə alınmalıdır. Burada söhbət fərdi seçimdən yox, nəticədə cəmiyyətin gələcəyinə təsir edə biləcək ciddi tibbi və sosial risklərdən gedir. Dövlətin müdaxiləsi bu baxımdan tam əsaslıdır.

– Qanun hansı qohumluq dərəcələrinə şamil olunur?

– Qanun yalnız genetik riskin yüksək olduğu konkret qohumluq münasibətlərinə tətbiq edilir. Buraya əsasən əmi, xala, dayı və bibi ilə qardaş və bacı uşaqları arasında qurulan nikahlar – yəni əmioğlu-xalaqızı və s. evliliklər daxildir. Bu kateqoriyalar üzrə irsi xəstəliklərin ötürülmə ehtimalı daha yüksəkdir və bu səbəbdən də məhdudiyyət yalnız bu dairəni əhatə edir.

– Qanunun qəbulundan sonra qeyri-rəsmi nikahların artacağı ilə bağlı narahatlıq var. Bu riski necə qiymətləndirirsiniz?

– Bu narahatlıq müəyyən qədər əsaslı görünə bilər, lakin hüquqi baxımdan qeyri-rəsmi nikahların heç bir hüquqi qüvvəsi yoxdur. Belə nikahlar ər-arvad statusu yaratmır, vərəsəlik, aliment və birgə mülkiyyət hüquqları təmin olunmur, uşaqların hüquqi statusunu və sosial müdafiəsini təhlükə altına alır. Əksinə, belə münasibətlər uzunmüddətli perspektivdə daha ağır sosial və hüquqi fəsadlara səbəb ola bilər. Bu səbəbdən qeyri-rəsmi nikaha alternativ kimi qəbul etmək doğru deyil.

– Bəs bu qanunun cəmiyyət tərəfindən daha yaxşı qavranılması üçün nə kimi tədbirlər görülür və görüləcək?

– Hazırda genişmiqyaslı maarifləndirmə tədbirləri aparılır. Təbii ki, bəzi regionlarda bu qanun daha emosional reaksiya doğurur, çünki sosial-mədəni ənənələrlə ziddiyyət yarana bilər. Amma unutmamalıyıq ki, qanunun məqsədi insanlara zərər vermək yox, onları qorumaqdır. Dövlət qurumları və vətəndaş cəmiyyəti birlikdə bu transformasiya prosesini dəstəkləməlidir. Maarifləndirmə olmadan qanunun icrası da istənilən effekti verməz.

– Son olaraq, bu qanunla bağlı cəmiyyətə nə demək istərdiniz?

– Biz bu qanunu fərdi azadlıqları məhdudlaşdırmaq üçün deyil, gələcək nəsilləri qorumaq, sağlam genofond formalaşdırmaq və cəmiyyətin rifahını təmin etmək üçün qəbul etmişik. Qohum nikahlarının qadağan edilməsi həm tibbi, həm hüquqi, həm də etik baxımdan zəruri və uzaqgörən addımdır. Cəmiyyətin rifahı və gələcək nəsillərin sağlamlığı naminə bu qanunu dəstəkləmək hər bir vətəndaşın həm mənəvi, həm də hüquqi borcudur.

Əli Hüseynov


SON XƏBƏRLƏR

25 Iyul 2025