Özbəkistan vətəndaşı Rusiya Silahlı Qüvvələrinin sıralarında Ukraynaya qarşı müharibədə iştirak etdiyinə görə 4 il müddətinə azadlıqdan məhrum edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Özbəkistan KİV məlumat yayıb.
İstintaq materiallarına görə, həmin şəxs 2024-cü ilin iyununda mövsümi iş üçün Rusiyanın Nijni Novqorod şəhərinə gedib. Oradan Ukraynanın işğal edilmiş Donetsk vilayətinə yollanan Özbəkistan vətəndaşı Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb.
2024-cü ilin sentyabrında cəbhədə yaralanıb və müalicə üçün Krasnodar vilayətinə göndərilib. Müalicədən sonra yenidən cəbhəyə qayıdıb, amma həmin ilin dekabrında yenidən yaralanıb.
2025-ci ilin yanvarında xəstəxanadan çıxdıqdan sonra komandirinə məzuniyyətə getdiyini xəbər verib. Özbəkistan vətəndaşı fevralda Daşkəndə uçub, iyunda isə hüquq-mühafizə orqanlarına hər şeyi etiraf edib.
Məhkəmə onu Özbəkistan Cinayət Məcəlləsinin 154-cü maddəsinin 1-ci maddəsiz üzrə təqsirli bilib və 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.
Özbəkistan qanunvericiliyi muzdluluğa görə 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.