• Bakı 17° C

    3.82 m/s

  • USD - 1.7

    EUR - 1.9802

    RUB - 2.3836

Tayvan məsələsi qlobal güc balansını dəyişə bilər

DÜNYA

02 Iyun 2026 | 16:51

Tayvan məsələsi qlobal güc balansını dəyişə bilər

“Tayvan məsələsi artıq yalnız Çin və Tayvan arasında ikitərəfli mübahisə deyil, bütövlükdə Asiya-Sakit okean regionunun geosiyasi balansını müəyyən edən strateji amilə çevrilib”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Aydın Tağıyev deyib.

Onun sözlərinə görə, Yaponiya rəhbərliyinin Tayvanın müdafiəsi ilə bağlı sərt ritorikası Pekin tərəfindən “daxili işlərə müdaxilə” kimi qəbul olunur və bu, iki ölkə arasında qarşıdurma ehtimalını artırır.  Müsahibimiz bildirib ki, hazırda açıq müharibə riski aşağı olsa da, psixoloji təzyiq, güc nümayişi və hərbi manevrlər münasibətlərin gərginliyini dərinləşdirir:

“Çin-Yaponiya münasibətlərində Tayvan böhranı əsas katalizator rolunu oynasa da, gərginlik yalnız bu məsələ ilə məhdudlaşmır. Tarixi güvənsizliklər, ABŞ-nin bölgəyə müdaxiləsi, iqtisadi rəqabət və dəniz təhlükəsizliyi kimi faktorlar da qarşıdurma riskini artırır. Bu kompleks ziddiyyətlər fonunda diplomatik kanallar gücləndirilməsə, Tayvan böhranı regional böhrana çevrilə bilər”.

Aydın Tağıyev: Tayvan faktoru dünyanın gələcək geosiyasi arxitekturasını müəyyən edən strateji mövzudur

Politoloq hesab edir ki, bu böhran təkcə Asiya üçün deyil, qlobal güc balansı üçün də ciddi nəticələr doğura bilər. Dediyinə görə, ABŞ, Avstraliya və Hindistan kimi aktorların da daxil olduğu Hind-Sakit okean strategiyası bu prosesin beynəlxalq miqyasda yeni güc bölgüsü yaratmaq potensialını göstərir.

“Tayvan faktoru Çin-Yaponiya münasibətlərində yalnız ikitərəfli gərginlik deyil, həm də regionun və dünyanın gələcək geosiyasi arxitekturasını müəyyən edən strateji mövzudur. Əgər diplomatik dialoq gücləndirilməsə, bu böhran qlobal miqyasda yeni güc balansının formalaşmasına səbəb ola bilər”, - deyə Aydın Tağıyev əlavə edib.

Murad Məmmədli


SON XƏBƏRLƏR