Son dövrlər ölkə üzrə təcili tibbi yardım xidmətinə daxil olan əsassız çağırışların sayında çox təəssüf ki, artım müşahidə olunur. Bu cür çağırışlar təcili tibbi yardım sisteminin operativliyinə mənfi təsir göstərir və real həyati təhlükə ilə üzləşən vətəndaşlara vaxtında tibbi xidmətin göstərilməsini çətinləşdirir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi məlumat yayıb.
"Əsassız çağırışların əhəmiyyətli hissəsi yüngül sağlamlıq narahatlıqları, o cümlədən bədən temperaturunun 37 dərəcə olması kimi tibbi cəhətdən təcili müdaxilə tələb etməyən hallarla bağlıdır. Bununla yanaşı, xroniki xəstəliklərdən əziyyət çəkən bəzi şəxslərin eyni ünvan üzrə bir gün ərzində minimum 4 dəfə təcili tibbi yardıma müraciət etməsi də daxildir.
Xüsusilə arterial təzyiqi yüksək olan şəxslər arasında mütəmadi olaraq təyin edilmiş dərman preparatlarının gündəlik qəbul edilməməsi halları müşahidə olunur. Halbuki bu dərmanlar həkim təyinatına uyğun olaraq davamlı şəkildə qəbul edilməlidir. Dərmanların qəbul edilməməsi nəticəsində səhhətdə narahatlıqlar yaranır və həmin şəxslər təcili tibbi yardıma müraciət etməyə məcbur qalırlar.
Bununla yanaşı, bir çox hallarda vətəndaşlar ambulansın ünvan üzrə çatma vaxtını öyrənmək məqsədilə 103 nömrəsinə təkrar zənglər edirlər. Bu cür müraciətlər nəticəsində çağrı mərkəzində xətt yüklənməsi yaranır və real olaraq təcili tibbi yardıma ehtiyacı olan şəxslərin 103 nömrəsinə düşməsində çətinliklər meydana çıxır.
Qeyd olunan hallar təcili tibbi yardım xidmətinin operativ fəaliyyətinə mənfi təsir göstərir və fövqəladə vəziyyətdə olan vətəndaşlar üçün əlavə risk yaradır", - deyə məlumatda qeyd edilir.
Bakı 




