Xəbər verdiyimiz kimi, “TikTok” sosial şəbəkəsində müxtəlif adlar altında əyləncə yarışları təşkil etməklə əxlaqsızlığı təbliğ edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Bakıvaxtı.az xəbər verir ki, görülən tədbirlər çərçivəsində vətəndaşların narazılığına səbəb olan "TikToker"lərin iştirakı ilə təşkil olunan yarışmalarda "emin_resad" adlı "TikTok" səhifəsinin idarəçiləri - Abdullayev Emin və Rəşad qardaşları, "azerzahid6669966" adlı səhifənin idarəçisi Azər İsmayılov və digərləri polis əməkdaşları tərəfindən saxlanılıblar.
Bundan başqa, həmin yarışların aktiv iştirakçılarından olan şair İlhamə Elşadqızı və “TikTok”da kustar üsulla kimyəvi maddələrin birləşməsindən təhlükəli partlayış yaratmaqla kütləvi paylaşımlar edən2003-cü il təvəllüdlü Ziyadov Xanlar saxlanılıb.
Bu tədbirlər bu kimi halların qarşını alacaqmı? Ümumiyyətlə, Azərbaycanda “TikTok” bağlanılmalıdırmı?
Razi Nurullayev, Deputat
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı Razi Nurullayev bildirib ki, Azərbaycanda “Tiktok”un bağlanmasına ehtiyac yoxdur. Onun sözlərinə görə, “Tiktok” bağlansa, o insanlar başqa yol tapıb yenə həmin reklamları edəcəklər, populyarlıq qazanmaq üçün bu və ya digər şəkildə videolar çəkib paylaşacaqlar.
R.Nurullayev qeyd edib ki, problem “Tiktok”da deyil. Sadəcə “Tiktok” əlçatandır deyə ondan istifadə olunur.
Deputat qeyd edib ki, eyni şəkildə “İnstagram”ın özündə də bu tip reklamların olduğunu görmək mümkündür. R.Nurullayevə görə, bu səbəbdən də “Tiktok”un bağlanması yox, sadəcə olaraq bununla bağlı maarifləndirmə tədbirlərinə və ictimai qınağa ehtiyac var ki, həmin insanlar bloklansınlar.
O, burada ən vacib məqamlardan birinin həmin insanlara verilən reklamlar olduğunu deyir. Bildirib ki, onlar da auditoriya toplamaq naminə müxtəlif ədəbsiz sözlərdən, müxtəlif metodlardan istifadə edirlər ki, daha çox insanlar baxsın, auditoriyası yüksəlsin və bununla da daha çox reklam əldə edə bilsinlər:
“Mən də Milli Məclisdə məsələ qaldıraram ki, qanunlara müəyyən dəyişikliklər edək ki, o cür əxlaqsız videolar vasitəsilə cəmiyyətin mənıvi dəyərlərini korlayanlara reklam vermək qadağan olsun. Hansısa şirkət onlara reklam verəcəksə, onlara qarşı qanun çərçivəsində tədbirlər görülsün. Bu cür sistemli islahatlar aparmaqla bunun qarşısını almaq olar”.
Həmsöhbətimiz onu da vurğulayıb ki, həmin insanlar 2 həftə, 1 ay həbs yatdıqdan sonra azadlığa buraxılır və yenidən fəaliyyətlərinə davam edirlər. Nurullayev onlara uzunmüddətli həbs cəzası verib cəmiyyətdən çıxdaş etməyin alınmadığını, cəmiyyətin özünün onları çıxdaş etməsinin vacibliyini vurğulayıb:
“Təəssüf ki, gördüyünüz kimi bizim insanlarımız, Azərbaycan xalqı da onlara baxır. Niyə baxır? Mən başa düşə bilmirəm. Müəyyən dərəcədə elələri var ki, nəyisə 50% normal danışır. Kimlərsə baxır ki, “Bu, nə demək istəyir?” və yaxud hansısa başqa məqsədlə baxır. Ümumilikdə isə insanların onlara baxması cəmiyyətin özünün biraz deqradasiyası kimi qəbul olunmalıdır. Düşünürəm ki, bununla bağlı da ictimai qınaq kompaniyası aparıla bilər ki, məsələn, ora tanınmış adamlardan kimlər baxır. Əslində bu da düz gəlmir. İnsanların da adını çəkmək, onları da linç etmək və s. olacaq ki, bu da qəbul olunmur.
İstənilən halda mənə belə gəlir ki, o cür insanları hazırda hüquq-mühafizə orqanları saxlayır və düz edir. Mən onları dəstəkləyirəm. Belə davam edərsə, mən hesab edirəm ki, bu kimi məsələlər azalacaq”.
Fərid Pərdəşünas, Texnobloger
Bakıvaxtı.az-a açıqlama verən texnobloger Fərid Pərdəşünas bildirib ki, tiktokerlərin saxlanılmasına səbəb olan qeyri-etik məzmunların arasında xuliqanlığı təbliğ edən detallar da olduğundan Daxili İşlər Nazirliyi bu məsələyə qarışmalı olub.
F.Pərdəşünas deyib ki, “Tiktok” Azərbaycanda kifayət qədər populyardır və sosial şəbəkələr arasında istifadəçi sayına görə Azərbaycanda birinci yerdədir.
Müsahibimiz böyük ehtimallarla “TikTok”da azyaşlıların daha çox üstünlük təşkil etdiyini hüsab edir:
“Artıq demək olar ki, evlərdə valideynlər uşaqları ilə mübarizə apara bilmirlər. Onların üz tutduqları platformaların başında gələn məhz “TikTok”dur. Orada canlı yayımlar son zamanlar çox populyarlaşıb. Həmin canlı yayımlarda qeyri-etik hərəkətlər edilir, bəzən narkotik vasitələrin təbliğatı aparılır. Ümumiyyətlə, məzmunlar daha da pisləşib. Bu isə təbii ki, cəmiyyətdə böyük bir rezonans doğurdu. Orada yaradılan reality şoular, keçirilən yarışlar zamanı iştirakçıların bir-birlərinə söylədiyi qeyri-etik ifadələr müzakirə məsələsinə çevrildi. Biz Daxili İşlər Nazirliyinin bu istiqamətdə müdaxiləsini gördük”.
Həmsöhbətimiz “TikTok”un bloklanacağını düşünmədiyini söyləyib. Bildirib ki, dünyada bir çox ölkələrdə onun bloklanması aktual məsələ olsa da bu, qeyri-əxlaqi məsələlərə görə yox, sırf istifadəçilərin məlumat təhlükəsizliyi ilə bağlıdır.
“Bunu Çin hökuməti ilə əlaqələndirirlər. Düşünürlər ki, Çin dünyadan insanların şəxsi məlumatlarını yığır. Amma Azərbaycanda bağlanması aktual məsələ deyil. Sadəcə platformadakı aktiv olan şəxlər barədə müəyyən tədbirlər görülür. Həmin şəxslər isə cəmiyyətə mənfi təsir edəcək hərəkətlərə yol verirlər.
Mən düşünürəm ki, platformaları bağlamaq çıxış yolu deyil. Cəmiyyəti maarifləndirmək lazımdır”.
Elvin Abbasov, İT mütəxəssis
Mövzu barədə Bakıvaxtı.az-a danışan İT üzrə mütəxəssis Elvin Abbasov bildirib ki, “TikTok” həm Azərbaycanda, həm də bir çox ölkədə mübahisəli bir problemə çevrilib və Avropanın özündə də bu platformanın bağlanması daim müzakirə olunan bir məsələdir.
Orada cəmiyyətə faydalı kontentlər çox az, zərərli kontentlərin isə üstünlük təşkil etdiyini deyən E.Abbasov qeyd edib ki, bu kontentlər vasitəsilə bütün ölkələrdə mentalitetə, dəyərlərə ziyan vurulur.
Onun sözlərinə görə, “TikTok” daha çox əyləncəyə meyilli olan və pul qazanmaq üçün bütün etik normaları keçən insanların yığışdığı platformaya çevrilib:
“Təbii ki, orada faydalı olan çox az kontent var. Yəni intellektual insanlar da var, amma bu, 80-90%yox, 3-5%-dir. 90%-in üzərində isə faydasız və ziyanverici məlumatlar emal olunur. Buna görə də TikTok rəhbərliyi bu istiqamətdə iş görməlidir. Öz imicini düzəlmək, faydalı işlərə töhvə vermək üçün yeni konsepsiyalar düşünməlidir. Orada normal, cəmiyyət üçün faydalı məlumatları dərc edən insanları toplamalıdır”.
İnsanların sırf pul qazanmaq, oradan bonus almaq xətrinə hər cür yola əl atdığını və “TikTok”un da bu alqoritm üzərində qurulduğunu deyərək bunun xüsusilə azyaşlılar üçün zərərli olduğunu vurğulayıb:
“Bu istiqamətdə mənim də fikrim odur ki, “TikTok” zərərlidir. Məsələn, zərərlərindən biri insanların foksunun dağılması, insanların bir məsələyə 15 saniyə foksunu tənzimləməsidir. Bir müddətdən sonra insanlar səbirsiz olurlar. “Tiktoker” dediyimiz qeyri-səmimi və qeyri-əxlaqi davranışları sərgiləyən insanlardan əlavə “TikTok”un özü də zərərli bir platformadır”.
Mina Mikayılova