• Bakı C

    3.48 m/s

  • USD - 1.7

    EUR - 1.7426

    RUB - 1.6534

200 minlik qurultayda sayılanlar və söyülənlər - Qalib İbrahimoğlu yazır
YAZARLAR
27 Oktyabr 2022 | 17:42

200 minlik qurultayda sayılanlar və söyülənlər - Qalib İbrahimoğlu yazır

Qalib İbrahimoğlu

Azərbaycan Yazıçılar Birliyinin növbəti qurultayı belə tarixə düşdü. Sağ olsun Çingiz Abdullayevi, ya vəlvələdən, ya zəlzələdən, heç də xoş olmayan tərzdə tarixə yazdı 13-cü qurultayı.

Açığı, AYB-nin qurultayının söz davası şəraitində keçəcəyini güman edirdim. Təbii ki, əgər AYB sədrliyinə digər iddialılara söz verilsəydi, adamlar ən azından nəsə deyəcək, qarşı tərəf iradları cavablandıracaq, belə yüngülvarı “söz atışması” ola bilərdi. Amma ali tədbirə belə qalmaqalla nöqtə nədi, nida qoyulması heç bu məsələdə baş rolu oynayan Çingiz Abdullayevin də ağlına gəlməzdi.

AYB-nin qurultayı ilə bağlı məsələ xeyli vaxtdır müzakirə olunurdu. Bir tədbirin vaxtı neçə dəfə dəyişdirilər?  Əslində, qurultay hələ 3 il əvvəl – 2019-cu ilin oktyabrında olmalıydı. Amma olmadı. Sonra da pandemiya girdi ortaya, beləcə qurultayın vaxtı da uzandı. Gah dedilər, tədbir sentyabrın 30-da olacaq. İki gün keçmədi dedilər ki, bəs deputatlar yay tətilindən elə həmi gün qayıdacaqlar. Milli Məclisin iclasıyla qurultray üst-üstə düşməsin deyə, yazıçılar tədbirin vaxtını 5 gün sürüşdürüb 5 oktyabra təyin etdilər. Çox çəkmədi, bu tarix də xoşlarına gəlmədi. Atalar üçdən deyib, qurultayın vaxtı növbəti dəfə dəyişdirildi və çox şükürlər olsun ki, sonuncu təyin olunan gün də keçirildi.

Bəlkə də qurultayın vaxtının bu qədər uzanması pula, daha dəqiq desək, pulsuzluğa bağlıymış. Elə ki, Mədəniyyət Nazirliyi AYB-nin XIII qurultayının keçirilməsi üçün 203,6 min manat vəsait ayırdı və bu vəsait birliyin hesabına köçürülən kimi, yazıçılar qurultayın vaxtını konkretləşdirdilər.

Nəsə, nağıl dili yüyrək olar. Əldə pul var, artıq işə başlamaq olar. Yer icarəyə götürüldü. nümayəndələr müəyyənləşdirildi, qonaqlara dəvətnamələr yazıldı, gül-çiçək də öz yerində. Saatlar günləri, günlər həftələri qovdu. Həftələrin ayı qovmasına “uspet” etməmiş qurultay keçirildi.

İştirak edənlər deyirlər, ilk dəfəydi ki, yazı-pozu adamları qurultaya can-dərdi gəlibmiş. Elə bil biyara gediblər.

Nəsə, qurultay bitər-bitməz, həmkarlarımızdan biri mikrofonunu sazlayıb AYB katibi Çingiz Abdullayevdən 203 min manatın nəyə xərcəlməsiylə maraqlanıb. Elə bilib ki, Xalq yazıçısı da bu sualı gözləyirmiş kimi ona təşəkkür edib, həmin pulun qəpiyinəcən hara xərcləndiyini deyəcək. Amma… Amma sən saydığını say, gör Çingiz müəllim nə sayır, daha doğrusu, nə deyir:

“Necə yəni? Bu qədər adama, qonağa bilet alınıb. Buranın - teatrın icarə haqqısı ödənilib. Qonaqlar mehmanxanalara yerləşdirilib, kitablar çap edilib. Bəs sizcə, bunlar xərc deyil? Bu sözü məndən soruşmağa utanmırsınız? Nə danışırsınız, biz daha çox xərcləmişik. Başa düşürsünüz? Utanmırsınız, Xalq yazıçıdan (adam belə də deyib ha!) pulların hara xərcləndiyini soruşmağa?”

Jurnalist əvvəlcə elə bilir, ağsaqqal onunla zarafat edir. Amma qırmızı cizgini keçib “Ölmürsən utanmığından?” sualını eşidəndə bu xınanın o xınadan olmadığını anlayıb.

Əvvəla, qurultaya xərclənən pul nə Anarın cibindən çıxıb, nə də Çingiz Abdullayev əlini cibinə salıb. Mədəniyyət Nazirliyinin ayırdığı vəsaitdi və o pul də sənin, mənim, elə sual verən jurnalistin vergisi hesabına formalaşır. Belə də jurnalist o vəsaitin hara və necə xərclənməsiylə maraqlanmaqda tam haqlıdır.

Abdullayev jurnalistə “Bala başa bəla” televiziya tamaşasında jurnalistin İzzət Nəfisliiyə ünvanladığı suala verdiyi cavabdan (“Mən belə provakasion suallara cavab vermirəm”) verib getsəydi, daha sanballı olardı. Amma və lakin…

Abdullayevin bu təhqirindən sonra jurnalistlərin tərəfində dayanmalı olan Mətbuat Şurasının məsələyə birtərəfli münasibəti qələm əhlinin yanğısının üstünə su əvəzinə od tökdü.  Gün ərzində mətbuatda qurumun sədri Rəşad Məcidin “Jurnalist sualı ittiham kimi verəndə elə də cavab almalı idi. Sakit vaxt olan kimi orda xırda mikrofonu yazıçının, alimin ağzına soxan "jurnalistlər"ə münasibətimi bildirəcəm. Bu, jurnalistika deyil, tərbiyəsizlikdir” fikirləri müzakirə olundu.

Düzdü, günün sonunda MŞ sədri bu açıqlamasının heç də məlum video ilə bağlı olmadığnı açıqladı. Bildirdi ki, bəs jurnalistlərdən birinin yazdığı suala qurultaydakı bəzi sayt əməkdaşlarının davranışına münasibət bildirib.  Amma icazə versəydi,  burda Rəşad bəyin söylədiklərinin səmimiliyinə bir balaca şübhəylə yanaşardıq. Nədən ki, onun birinci açıqlaması gecədən bütün saytları bəzəyir, ertəsi gün, yəni bu gün MŞ sədri fikirlərinin o yöndə olmadığını demək əvəzinə, başqa bir status yazaraq, yenə də təbii ki, bəzi jurnalistləri qınadı.

Çingiz Abdullayev isə Nuh deyir, peyğəmbər demir. Dediklərindən peşman olmadığını söyləyir. Görək, bu inad nə qədər çəkəcək…


SON XƏBƏRLƏR

14 Yanvar 2025