Boşanmaların və uşaqların cinayətlərinin artması ciddi narahatlıq doğurur
Bakıvaxtı.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Ceyhun Məmmədov Gender bərabərliyinin təmin edilməsinə nəzarət edən icra hakimiyyəti orqanının 2024-cü il üzrə fəaliyyəti haqqında məlumat müzakirə edilərkən bildirib ki, cəmiyyətdə boşanmaların və uşaqların törətdiyi cinayətlərin sayının sürətlə artması ciddi narahatlıq doğurur.
O vurğulayıb ki, ailə institutunun gücləndirilməsi üçün ciddi addımlar atılmalıdır.
“Hesab edirəm ki, televiziya verilişləri də bu prosesə mənfi təsir göstərir. Ailə dəyərlərinə zidd olan verilişlərin dayandırılmasının vaxtı çoxdan çatıb,” – deyə deputat qeyd edib.
Eyni zamanda, cəmiyyətin də bu məsələlərdə üzərinə ciddi məsuliyyət düşdüyünü vurğulayıb:
“16 yaşlı qızın toyunda iştirak edən hər kəs həmin cinayətin vəbalına şərikdir. Necə olur ki, bu qədər insanın heç biri bu qeyri-qanuni əmələ reaksiya vermir?”
Mina Mikayılova