• Bakı 10° C

    3.25 m/s

  • USD - 1.7

    EUR - 1.9857

    RUB - 2.1172

Kirayə mənzil bazarı: Tələb çox, təklif az - qiymətlər niyə əl yandırır?
CƏMİYYƏT
08 Yanvar 2026 | 16:12

Kirayə mənzil bazarı: Tələb çox, təklif az - qiymətlər niyə əl yandırır?

Cəmiyyətdə hər zaman müzakirə olunan aktual məsələlərdən biri kirayə mənzillərin qiyməti ilə bağlıdır. Xüsusən də kirayə mənzillərin qiyməti tələbələr və maddi vəziyyəti aşağı olan ailələr üçün müəyyən çətinliklər yaradır.

Kirayə mənzillərin bahalığının səbəbi nədir? 2026-cı ildə kirayə mənzillərin qiymətində ucuzlaşma baş verə bilərmi?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan əmlak eksperti Anar Nəsirov bildirib ki, əslində kirayə mənzil bazarında qiymətlər özü-özünü tənzimləyir.

Onun sözlərinə görə, qiymət artımı bir növ məcburiyyətdən yaranır. Belə ki, vətəndaşın alternativ seçimi olmadıqda baha qiymətə təklif olunan kirayə evi götürməli olur. Qiymət artımı isə kirayə mənzilə tələbatın çoxluğundan yaranır:

"Bundan başqa, tələbin təklifdən üstün olması qiymət artımına təsirsiz ötüşmür. Əgər təklif tələbdən üstün olsaydı, bu halda qiymətlərin ucuzlaşması müşahidə olunacaq. Lakin hazırkı vəziyyətdə kirayə mənzillərin qiymətinin ucuzlaşması mümkün deyil”.

Müsahibimiz qeyd edib ki, digər səbəb isə paytaxt Bakıda pilot layihə çərçivəsində həyata keçirilən tikinti işləridir. Dediyinə görə, belə ki, şirkət tikinti gedən ərazilərdə yaşayan insanlarla müqavilə bağlayaraq, sakinləri kirayə mənzillə təmin edir:

“Təxminən 2-2.5 il davam edən tikinti işləri fonunda yaşadığı ərazidən çıxan sakin bu müddət ərzində kirayədə yaşamağa məcbur olur. Sakinin yaşadığı mənzil qeyd olunan müddət ərzində təkrar kirayə mənzil bazarına çıxarılmır və bu, balansın pozulmasına səbəb olur".

Anar Nəsirov: Regionlardan Bakıya işləmək üçün gələnlərin sayı da kirayə mənzillərə tələbatı artırır

A.Nəsirov bildirib ki, indiki məqamda vətəndaşın ucuz kirayə mənzil tapmaq imkanı aşağıdır. Ona görə də vətəndaş haradan kirayə mənzil tapsa, qiymətinə baxmadan evi kirayə götürməyə məcbur olur.

"Mənzil çatışmazlığı kirayə evlərin qiymətinin bahalaşmasına təsir edən amillərdən biridir. Bunu fürsətə çevirən bəzi ev sahibləri qiyməti süni şəkildə qaldırırlar. Çünki yaxşı bilirlər ki, istənilən vətəndaş onun evini kirayə götürəcək. Bundan başqa, regionlardan Bakıya işləmək üçün gələn insanların sayı kirayə mənzillərə tələbatı artırır. Bu isə kirayə evlərə tələbat artırmaqla yanaşı, qiymətlərin bahalaşmasına da təsir göstərir", - deyə Anar Nəsirov əlavə edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR

08 Yanvar 2026