• Bakı 23° C

    2.73 m/s

  • USD - 1.7

    EUR - 1.9911

    RUB - 2.1666

Bəhruz Məhərrəmov: “İrəvan müvəqqəti olaraq vaxt qazanmağa, güc toplamağa çalışır” - MÜSAHİBƏ
MÜSAHİBƏ
09 Iyul 2025 | 16:35

Bəhruz Məhərrəmov: “İrəvan müvəqqəti olaraq vaxt qazanmağa, güc toplamağa çalışır” - MÜSAHİBƏ

İyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında gözlənilən görüş regionun gələcək taleyinin müəyyənləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Cənubi Qafqazda formalaşmış yeni geosiyasi reallıqlar fonunda bu görüş, tərəflər arasında sülh müqaviləsinin imzalanması perspektivlərini daha da aktuallaşdırır. Məlumdur ki, regionda sülh və sabitliyə əsaslanan yeni konfiqurasiya məhz Azərbaycanın təşəbbüsü ilə formalaşıb. Azərbaycan isə qalib tərəf kimi prosesin davamlı və dayanıqlı şəkildə irəliləməsində maraqlıdır.

Bakıvaxtı.az olaraq bu və digər aktual məsələlərlə bağlı hüquq üzrə fəlsəfə doktoru, Milli Məclisin deputatı Bəhruz Məhərrəmovun fikirlərini öyrəndik.

- Bəhruz müəllim, 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni reallıqları necə qiymətləndirirsiniz?

- Vətən müharibəsi nəticəsində Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazilərində işğala əsaslanan status-kvoya son qoyuldu. Bu, yalnız Azərbaycanın gücü və siyasi iradəsi ilə baş verdi. Bu gün Cənubi Qafqazda tarixən heç vaxt müşahidə olunmayan qədər sabitlik və əməkdaşlıq mühiti yaranıb. Separatizmin Qarabağda kökü kəsildikdən sonra isə regional inteqrasiyanın reallaşması üçün real zəmin formalaşıb.

- Separatizmin ləğvindən sonra Ermənistanla dialoqun davam etməsi necə nəticələr verə bilər?

- Əsas məsələ ondan ibarətdir ki, Azərbaycan sülhə maraqlıdır və bunu konkret addımları ilə dəfələrlə sübut edib. Lakin Ermənistan daxilində revanşist əhval-ruhiyyə hələ də güclüdür. Siyasi iradənin zəifliyi, konstitusiyada və qanunvericilikdə əks olunmuş ərazi iddiaları hələ də real maneə olaraq qalır. Buna baxmayaraq, liderlərin birbaşa təmasları Ermənistan cəmiyyətində gerçəklərin dərk olunması və sülhün alternativsizliyinin qəbul edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

- Ermənistanın sülh müqaviləsinin imzalanmasına “tələskən yanaşması” nəyə xidmət edir?

- Bu, əslində səmimi yanaşma deyil. Görünən odur ki, İrəvan müvəqqəti olaraq vaxt qazanmağa, güc toplamağa çalışır. Ermənistan konstitusiyasının özü sülh müqaviləsinin hüquqi qüvvəyə minməsinə imkan vermir. Bu reallıq fonunda sülh görüntüsü yaratmaq Ermənistanın yeni münaqişəyə zəmin saxladığını göstərir. Azərbaycanın isə bu reallığı düzgün qiymətləndirməsi müqavilənin hələlik imzalanmamasına səbəb olub.

- Regionun gələcək perspektivlərini necə görürsünüz?

- Əgər Ermənistan reallıqları düzgün dəyərləndirərsə, bu, ilk növbədə onların öz xeyrinə olacaq. Regionda təhlükəsizlik arxitekturasını bu gün diktə edən Azərbaycan artıq sabit inkişaf modelini ortaya qoyub. Sülh və sabitlik yol xəritəsi bizim üçün aydındır. Ermənistan üçün isə bu yolu dərk etmək və ona uyğun hərəkət etmək bir qədər zaman tələb edir. Amma istənilən halda liderlərin mütəmadi və birbaşa təmasları bu prosesi sürətləndirə bilər və sonda qalib gələcək məhz sülh olacaq.

Əli Hüseynov


SON XƏBƏRLƏR