• Bakı 23° C

    8.57 m/s

  • USD - 1.7

    EUR - 2.0035

    RUB - 2.1707

Yekaterinburq vəhşiliyinin arxasındakı gerçək: Kreml azərbaycanlılara qarşı irqçi təcavüzlə bizi şantaj etməyə çalışır
SİYASƏT
01 Iyul 2025 | 16:36

Yekaterinburq vəhşiliyinin arxasındakı gerçək: Kreml azərbaycanlılara qarşı irqçi təcavüzlə bizi şantaj etməyə çalışır

Yekaterinburqda Federal Təhlükəsizlik Xidmətinin (FSB) keçirdiyi əməliyyat nəticəsində soydaşlarımızın qəddarcasına döyülməsi və qətlə yetirilməsi Rusiyanın “keçmiş cinayət işini araşdırırıq” bəhanəsi ilə pərdələməyə çalışdığı, əslində isə Kreml tərəfindən planlı şəkildə törədilən siyasi terror aktıdır.

Bu hadisə təkcə hüquq-mühafizə orqanlarının sərtliyi deyil - Moskvanın azərbaycanlılara və ümumən qeyri-ruslara qarşı sistematik şovinizminin növbəti, lakin daha amansız ifadəsidir.

1. İrqçi nifrətin alovlandırılması

2023-cü ildən etibarən Rusiyada irqi motivli zorakılıq kəskin artıb. Sova Araşdırma Mərkəzinin statistikasına əsasən, Mərkəzi Asiya və Qafqaz mənşəli insanlar - yəni “slavyan görünüşünə” malik olmayanlar - getdikcə daha çox hücum hədəfinə çevrilir. Ukraynada itkilər, qarşılanmayan sosial ehtiyaclar və Kremlin apardığı təbliğat rus cəmiyyətindəki passiv narazılığı “daxili düşmən” obrazı üzərinə yönəldir. Bugünkü “miqrant ovu” Rusiyada həm ictimai qəzəbi saxlama vasitəsinə, həm də dövlət siyasətinə çevrilib. Azərbaycanlılara edilən hücumlar bu nifrət strategiyasının parlaq nümunəsidir.

2. “Top yemi” strategiyası: qeyri-rusların məcburi səfərbərliyi

Kreml həm də qeyri-rus mənşəli insanları Ukrayna cəbhəsində “istehlak olunan canlı qüvvə” kimi görür. Fərqli şəhərlərdə aparılan reydlər, pasportla şantaj, deportasiya hədələri - hamısı tək bir məqsədə xidmət edir: rus cəmiyyətində narazılıq doğurmadan hərbi ehtiyatı ucuz qanla təmin etmək. FSB zabitlərinin Yekaterinburqda azərbaycanlı ailəsini döyərkən “ya döyüşə gedəcəksiniz, ya da sizi öldürəcəyik” deməsi təsadüfi ifadə deyil. Bu, Kreml üçün planlı, pragmatik siyasətdir. Azərbaycanlı gəncləri orduya cəlb edərək həm itkiləri kompensasiya edirlər, həm də rus cəmiyyətini psixoloji yükdən azad edirlər.

3. Bakıya təzyiq: təyyarə hadisəsinə və Qarabağ gündəminə cavab

Hücumların geosiyasi fonu da var. AZAL təyyarəsinin vurulması ilə bağlı Bakının ICAO səviyyəsində tələbkarlığı, rəsmi Moskvanı narahat edir. Kreml əvvəlcə “görmədim-eşitmədim” taktikasına əl atdı, lakin Bakının geri çəkilmədiyini gördü. İndi isə azərbaycanlıların təhlükəsizliyini hədəfə alaraq, məsələyə siyasi şantaj vasitəsi kimi yanaşır: “susun, əks halda, soydaşlarınız risk altındadır”. Paralel olaraq İrəvanda revanşizm alovlandırılır, Qarabağ mövzusu yenidən gündəmə daşınır. Kreml Cənubi Qafqaza geri dönməyin yolunu Bakını iradəsiz duruma salmaqda görür.

Bir sözlə, Yekaterinburqda baş verən vəhşilik, Kreml şovinizminin azərbaycanlılara ünvanladığı açıq hədədir. Bu, nə “20 il əvvəlki cinayət işinin araşdırılması”, nə də “təsadüfi əməliyyat”dır. Bu, Moskvanın bizi susdurmaq cəhdidir. Cavabımız isə birmənalıdır: Azərbaycan xalqı nə ölkə daxilində, nə də xaricdə təzyiq qarşısında geri çəkiləcək qədər aciz deyil. Biz soydaşlarımızın təhlükəsizliyini qorumaq üçün diplomatik, hüquqi və mediativ bütün vasitələrdən istifadə edəcək, Kreml şovinizminin qarşısında həmrəy dayanacağıq. Azərbaycana qarşı hər cəhd cavabsız qalmayacaq: bu, Yekaterinburqdakı məhkəmə zalının divarlarını aşacaq qədər bərk, Bakıdan Moskvaya qədər ucalan bir səs olacaq.

Ruslan Zəngəzur


SON XƏBƏRLƏR