Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda regionda sülhə dair çağırışlar və qarşılıqlı ittihamlar gündəmi zəbt etməkdədir.
Xüsusilə də münaqişənin son günlərində Ukraynanın Rusiyanın Kriviy Riq şəhərində yerləşən mülki infrastruktura hücum etməsi ilə bağlı ittihamlar rəsmi Moskvanın sərt reaksiyası ilə qarşılanıb. Bu istiqamətdə Kremlin sözçüsü Dmitri Peskovun Moskvada jurnalistlərin suallarına verdiyi cavablar həm Rusiya Federasiyasının mövqeyini ifadə edir, həm də Qərbin, xüsusən də ABŞ-nin vasitəçilik təşəbbüslərinə dair Kreml tərəfinin şərhlərini ortaya qoyur.
Peskov çıxışı zamanı Rusiyanın heç vaxt sosial və mülki infrastruktur obyektlərini hədəfə almadığını vurğulayıb və bu cür iddiaları əsassız adlandırıb. Bununla yanaşı, o, ABŞ Prezidenti Donald Trampın “Ukraynaya hücumlar dayandırılmalıdır” bəyanatına da toxunaraq, Rusiya Prezidenti Vladimir Putinin atəşkəs ideyasını prinsipial olaraq dəstəklədiyini, lakin bu istiqamətdə hələ cavabsız qalan sualların olduğunu qeyd edib. Peskovun sözlərinə görə, bu suallar Kiyev administrasiyasının bəzi radikal qruplar üzərində real nəzarətə malik olmaması və bu qüvvələrin atəşkəs prosesini əngəlləyəcək mövqe tutması ilə bağlıdır.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Kazım Kazımov bildirib ki, əslində, Rusiya ilə Ukrayna arasında davam edən müharibəyə yalnız Ukrayna və ABŞ kontekstində yanaşmaq düzgün deyil. Münaqişə daha geniş geosiyasi məzmun daşıyır və burada bir neçə güc mərkəzinin maraqları toqquşur. Savaşın bir tərəfində Ukrayna dayanır - öz torpaqlarını müdafiə edən, dövlətçiliyini və suverenliyini qorumağa çalışan bir ölkə. Digər tərəfdə isə yalnız Rusiya deyil, eyni zamanda Qərblə – xüsusilə NATO ilə gərgin münasibət içində olan bir sistem durur:
"Ukraynanın hazırkı şərtlər altında atəşkəsə razı olmaması bir çox obyektiv səbəblərlə əlaqəlidir. Ukraynanın ərazisinin təxminən 20 faizi hal-hazırda Rusiya tərəfindən işğal olunub. On minlərlə, bəlkə də yüz minlərlə insan bu müharibədə həyatını itirib, milyonlarla ukraynalı isə ölkəsini tərk etmək məcburiyyətində qalıb. Belə bir vəziyyətdə, Ukrayna tərəfi torpaqları azad edilmədən, savaşın yaratdığı maddi və mənəvi zərərlər ödənilmədən, və ən əsası, Rusiyanın gələcəkdə təkrar hücum etməyəcəyinə dair beynəlxalq səviyyədə qarantiyalar alınmadan atəşkəsə razılaşmaq istəmir. Onların bu yanaşması yalnız hərbi deyil, həm də siyasi və psixoloji səbəblərə əsaslanır".
Kazım Kazımov: Atəşkəsin reallaşması yalnız diplomatik danışıqlar və qarşılıqlı güzəştlərlə mümkün ola bilər
Onun sözlərinə görə, Moskva tərəfində isə başqa arqumentlər dayanır. Kreml Qərbin, xüsusilə də NATO-nun Şərqi Avropada hərbi mövcudluğunu və ballistik raketlərin yerləşdirilməsini öz təhlükəsizliyinə təhdid olaraq görür. Eyni zamanda, Rusiyaya qarşı tətbiq olunan iqtisadi sanksiyalar tamamilə ləğv edilmədən və NATO-nun Ukrayna məsələsində neytrallığı təmin edilmədən yeni atəşkəsə razılıq verilmir. Bütün bu şərtlər isə yaxın müddətdə, sadəcə ABŞ tərəfindən deyil, bütövlükdə Qərb tərəfindən reallaşdırıla biləcək bir şey kimi görünmür.
Son olaraq politoloq qeyd edib ki, bu fon isə münaqişənin həllini daha da çətinləşdirir. Çünki burada yalnız ABŞ və Rusiya deyil, eyni zamanda Avropa İttifaqı, Çin, Türkiyə kimi güclər də müxtəlif dərəcələrdə prosesə cəlb olunublar. Xüsusilə Avropa, həm enerji asılılığı, həm də qaçqın axını səbəbilə bu müharibənin uzunmüddətli davam etməsində birbaşa maraqlı deyil. Lakin eyni zamanda Ukraynanın ərazi bütövlüyü məsələsində də ciddi mövqe sərgiləyir:
"Bu mürəkkəb mənzərə fonunda atəşkəsin reallaşması yalnız diplomatik danışıqlar və qarşılıqlı güzəştlərlə mümkün ola bilər. Hazırkı mərhələdə isə tərəflər hələ də bu güzəştlərə yaxın görünmür".
Əli Hüseynov