Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Azərbaycanın rəsmi olaraq bu formata tamhüquqlu iştirakçı kimi daxil edilməsi təkcə diplomatik jest deyil, regionda yaranmaqda olan yeni geosiyasi düzənin açıq mesajıdır.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin çıxışlarında Azərbaycanın üzvlüyünün “tarixi qərar” kimi təqdim olunması, Bakının Cənubi Qafqaz-Mərkəzi Asiya əlaqələrində artıq zəruri və ayrılmaz aktora çevrildiyini göstərir.
Bu format iki əsas amilin, siyasi etimad və geostrateji zərurətin ortaq kəsişməsidir. Birincisi, Mərkəzi Asiya dövlətləri Azərbaycanı regionlararası əməkdaşlığın güclənməsi üçün etibarlı tərəfdaş hesab edirlər. Bu, son illərdə Bakı ilə region ölkələri arasında intensivləşmiş siyasi dialoqun məntiqi davamıdır.
İkincisi isə Xəzər hövzəsinin özü artıq ayırıcı deyil, birləşdirici coğrafiyaya çevrilib. Mərkəzi Asiyanın Avropa ilə əlaqə qurması üçün ən stabil və təhlükəsiz xətt məhz Azərbaycan üzərindən keçir.
Tokayevin vurğuladığı “regional əməkdaşlığın möhkəmləndirilməsi” tezisi əslində Mərkəzi Asiyanın Qərbə, Qafqaza və Türk dünyasına inteqrasiyasının əsas dayağı kimi Azərbaycan faktorunu önə çıxarır. Mirziyoyevin səsləndirdiyi “Mərkəzi Asiya+Azərbaycan formatı möhkəm körpü yaradacaq” fikri də təsadüfi deyil. Bu format həm siyasi məsləhətləşmə məkanına, həm də təhlükəsizlik və inkişaf gündəminin koordinasiya olunduğu platformaya çevrilir.
Bu addım həm də regionun öz daxilində daha kompakt, daha institusional struktur yaratmaq niyyətini göstərir. Əslində Mərkəzi Asiya dövlətləri bununla Qərblə, Türkiyə ilə, Azərbaycanla və türk dünyası ilə əməkdaşlıqda vahid mövqe sərgiləmək gücünə sahib olur. Azərbaycan isə həm Orta Dəhlizin lider ölkəsi, həm enerji və logistika mərkəzi, həm də Türk Dövlətləri Təşkilatının aparıcı üzvü kimi bu mexanizmin təbii tamamlayıcı hissəsidir.
Məsələnin başqa bir mühüm tərəfi də odur ki, “Mərkəzi Asiya+ Azərbaycan” formatı bölgədə siyasi risklərin artdığı bir dövrdə yeni sabitlik konturunun yaradılması deməkdir. Qlobal güc qarşıdurmalarının dərinləşdiyi şəraitdə regional ölkələrin özləri tərəfindən formalaşdırılan əməkdaşlıq platformaları daha dayanıqlı olur. Bu format gələcəkdə enerji təhlükəsizliyi, nəqliyyat xətləri, su resursları, müdafiə və sərhəd təhlükəsizliyi kimi sahələrdə koordinasiyanı gücləndirmək potensialına sahibdir.
Nəticə etibarilə, Azərbaycanın bu formata daxil olması həm ölkənin regional çəkisini artırır, həm də Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni geosiyasi xəritə yaradır. Bu qərar təkcə Bakı üçün deyil, bütövlükdə region üçün yeni strateji mərhələnin başlanğıcı kimi dəyərləndirilir.
Ruslan Zəngəzur
Bakı 



