Bakıda narkokuryerlikdə şübhəli bilinən şəxsdən 4 kq tiryək və marixuana aşkarlanıb.
Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsi 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə davam etdirilir. Sonuncu əməliyyat nəticəsində Ruhin Mürşüdov və tanışı olan bir nəfər yetkinlik yaşına çatmayan şəxs saxlanılıblar. Onlardan 4 kiloqramdan artıq tiryək və marixuana aşkarlanaraq götürülüb.
Saxlanılan şəxslər şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduqlarını və narkotik vasitələri maddi gəlir qarşılığında ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.