Bazarlarda qiymətlər od tutub yanır. Satıcı da narazılıq edir, alıcı da.
Bakıvaxtı.az olaraq müxtəlif marketlərdə tərəvəzlərin, xüsusilə də kartof və soğanın qiymətlərini araşdırdıq.
Marketlərdə müşahidə etdiyimiz qiymətlər belə idi:
Kartof:1 kiloqramlıq qiymətlər 1.39 AZN-dən başlayır, 2.29 AZN-ə qədər yüksəlir. Balaca kartof 1.80 manat, qırmızı kartof 1.90 manatdır.
Soğan: Ən ucuzu 1.39 manatdan başlayır 1.50-1.79 manat arası dəyişir.
“Hövsan soğanı”na isə yaxın durulası deyil - 7.99 AZN.
“Uşaqlar günorta dərsdən qayıdacaq. Yemək bişirməliyəm. Dedim, kartofdan-soğandan nəsə alım. Amma, qiymətləri siz də görürsünüz. Məcburuq, almalıyıq”.
Paytaxt sakini Şəhla Müslümova əlində kartof-soğan yığdığı paketlə tərəziyə yaxınlaşır:
"Elə bil kartof-soğan yox, qır-qızıl alıram".
Heç satıcılar da bu durumdan razı deyillər:
“Elə bilirsiniz, bizə xoşdu? Ucuz alsaq, ucuz da satarıq”.
Bəs bahalaşmanın kökündə nə dayanır?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, hazırda ölkədə kartof, soğan, eləcə də bir sıra meyvə və tərəvəzlərin bahalaşmasının bir neçə səbəbi var. Onun sözlərinə görə, bahalaşmanın əsas səbəblərindən biri mövsümlə əlaqədardır. Belə ki, yeni məhsullar hələ tam şəkildə bazara çıxmayıb:
“Eyni zamanda, bu dövrdə Azərbaycandan, xüsusilə də kartof və soğan kimi məhsulların ixracı artır ki, bu da qiymət artımına təsir göstərir".
Ekspertin fikrincə, bu bahalaşma müvəqqəti və mövsümi xarakter daşıyır. Ekspert bildirib ki, bir müddət sonra qiymətlər stabilləşəcək. İyun ayına qədər məhsul bolluğu artacağı üçün qiymətlərin aşağı düşməsi gözlənilir.
Natiq Cəfərli: Bir müddət sonra qiymətlər stabilləşəcək
"Bu vəziyyət bir daha göstərir ki, Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi kifayət qədər deyil. Ötən ilin məhsullarını soyuducu anbarlar vasitəsilə yeni mövsümə qədər saxlamaqda çətinliklər yaşanır, çünki ölkədə soyuducu anbarların sayı azdır", - N.Cəfərli vurğulayıb.
Natiq Cəfərli əlavə edib ki, bu kimi infrastruktur problemlər aradan qaldırıldığı təqdirdə, qiymət artımları daha zəif və nəzarət edilə bilən bir prosesə çevriləcək.
Nuriyyə Musayeva