• Bakı C

    1.17 m/s

  • USD - 1.7

    EUR - 1.774

    RUB - 1.8085

Elektron siqaretlər xərçəngə yol açır -XƏBƏRDARLIQ

CƏMİYYƏT

13 Fevral 2025 | 13:14

Elektron siqaretlər xərçəngə yol açır -XƏBƏRDARLIQ

Xəbər verdiyimiz kimi, Səhiyyə Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi elektron siqaretlərlə bağlı vətəndaşlara müraciət edib.

Bakıvaxtı.az xəbər verir ki, müraciətdə son illərdə elektron siqaretlərin (veyplər) dünya miqyasında milyonlarla insanın gündəlik həyatının ayrılmaz hissəsinə çevrildiyi qeyd olunub.

Nəzərə çatdırılıb ki, elektron siqaretlərin istifadəsi zamanı havaya buraxılan buxar yalnız istifadəçi üçün deyil, ətrafdakı insanlar üçün də təhlükə yaradır.

Elektron siqaretlər insan sağlamlığına hansı zərərləri vurur? Bunun satışı qadağan edilməlidirmi?

Sübhan Hacıyev, terapevt

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən terapevt Sübhan Hacıyev bildirib ki, elektron siqaretlər ənənəvi siqaretlərə alternativ kimi təqdim edilsə də, onların sağlamlığa ziyanı çoxdur. Onun sözlərinə görə, bir çox tədqiqatlar göstərib ki, elektron siqaretlərdəki bəzi toksik maddələr ənənəvi siqaretlərdən az olsa da orqanizmə çox ciddi şəkildə mənfi təsir göstərir.

Elektron siqaretin tərkibinin əsas hissəsinin nikotin olduğunu nəzərə çatdıran terapevt onun çox güclü asılılıq yaradan bir maddə olduğunu qeyd edib. Bildirib ki, bu da ürək-qan-damar sistemi üçün zərərlidir.

Müsahibimiz propolin-qlikol, qliserin kimi maddələrin də elektron siqaretlərin tərkibində olmasına da diqqət çəkib. Dediyinə görə, onlar buxarın əmələ gəlməsində böyük bir rol oynayır. İsinən zaman isə konserogen və toksik maddələrə çevrilir:

“Elektron siqaretlərdən müxtəlif qoxuların gəlməsi üçün onlara aromatizatorlar vururlar ki, bunlar da kimyəvi maddələrdir. Nəticə etibarilə bu kimyəvi maddələr orqanizm tərəfindən yad cisim kimi qəbul olunaraq allergik reaksiyaların və allergik antitellərin artmasına gətirib çıxarır”.

S.Hacıyev bildirib ki, birinci növbədə elektron siqaretlərin ziyanı ağciyərlərə, bronxlara və daha kiçik bronxlar adlandırılan bronxiolitlərə olur ki, bu zaman xroniki xəstəliklər yaranır. Artıq bronxit və bronxiolit xronikləşdikdən sonra həmin xəstələri tam müalicə etmək mümkün olmur.

Həkim həmçinin uzun müddətli istifadə zamanı bronxial astma kimi allergik xəstəliklərin ağırlaşmasına və fəsadlaşmasına gətirib çıxardığını da vurğulayıb:

“Eyni zamanda ürək-damar xəstəliklərinə də böyük mənfiləri var. Tərkibində olan nikotin damarları daraldır və qan damarlarında təzyiqi artırmış olur. Təzyiqin çox yüksəlməsi miokard infarktı, beyin insultu kimi ağır xəstəliklərlə fəsadlaşa bilir. Bütün bunlarla yanaşı elektron siqaret həm fiziki, həm də psixoloji asılılıq yaradır. İmmun sisteminə də çox mənfi təsir göstərir. Tərkibində olan maddələr, xüsusən də metallar qızan zaman xərçəng yaratma riskini artırır. Uzun müddətli istifadə isə gələcəkdə onkoloji xəstəliklərin artmasına gətirib çıxara bilər.

Bütün bunları nəzərə alaraq bir həkim kimi insanlara yağışdan çıxıb yağmura düşməmələrini arzu edirəm. Çünki “Siqareti tərgidib elektron siqaretlə əvəz edim” düşüncəsi tamamilə yanlışdır”

Müşfiq Məmməmdli, deputat

Deputat Müşfiq Məmmədli isə Bakıvaxtı.az-a açıqlamasında qeyd edib ki, elektron siqaretlərə yanaşma bütün tütün tərkibli istehlak olunan mallara yanaşma kimi olmalıdır.

M.Məmmədlinin sözlərinə görə, siqaret çəkilməsinin qadağan olduğu yerlərdə elektron siqaret də qadağan olmalıdır:

“Belə olduqda zərərli təsirlərin qarşısını ala bilərik”.

Müsahibimiz qeyd edib ki, bundan başqa maarifləndirmə tədbirləri çox önəmlidir. Elektron siqaretlərin üzərində də zərərlidir yazısının yazılması çox mühümdür:

“Azyaşlılara, müəyyən yaş qruplarına satışına məhdudiyyət qoyulmalı, satış yerləri müəyyənləşdirilmiş formada olmalıdır”.

Mina Mikayılova


SON XƏBƏRLƏR