• Bakı C

    1.89 m/s

  • USD - 1.7

    EUR - 1.9875

    RUB - 2.1063

“Gözlənilən hücum” reallığa çevrildi: ABŞ-nin Venesuela addımına siyasi reaksiya

SİYASƏT

06 Yanvar 2026 | 11:39

“Gözlənilən hücum” reallığa çevrildi: ABŞ-nin Venesuela addımına siyasi reaksiya

“ABŞ-nin Venesuelaya hücum etməsini məşhur yazıçı Markesin ifadəsi ilə “gözlənilən bir qətl” hesab etmək olar”.

Bunu politoloq Qulamhüseyn Əlibəyli ABŞ-nin BMT üzvü olan müstəqil dövlətə, Venesuelaya hücumu və prezident Maduronu həyat yoldaşı ilə birlikdə həbs edərək Amerikaya aparması, ona fərqli ittihamlar elan etməsinə münasibət bildirərkən Bakıvaxtı.az-a deyib.

Onun sözlərinə görə, Donald Tramp səlahiyyətlərinin icrasına başladığı gündən etibarən bir neçə dövlətlə haqq-hesab çürüdəcəyini elan etmişdi:

"Daha dəqiq desək, Venesuela hakimiyyətini bütün mümkün cinayətlərdə - narkoticarətdə, qaçaqmalçılıqda, Amerika neftinin və aktivlərinin oğurlanmasında, adam ticarətində, terrorizmdə və s. cinayətlərdə ittiham edirdi. Hətta Venesuela rəhbərliyini xarici terror təşkilatı elan etmiş, bir neçə dəfə Venesuela tankerlərini ələ keçirmişdi. ABŞ Ədliyyə Nazirliyinin Maduroya verdiyi rəsmi ittihamları da əsasən bu yöndədir”.

Müsahibimiz hesab edir ki, ona görə də bu hücum heç kim üçün gözlənilməz olmadı:

“Xatırlatmaq lazımdır ki, ABŞ oxşar əməliyyatı 36 il bundan əvvəl Panamaya qarşı da həyata keçirmışdı".

Qulamhüseyn Əlibəyli: ABŞ-nin Venesueladakı əməliyyatını beynəlxalq terrorçuluq və beynəlxalq adam oğurluğu kimi qiymətləndirmək olar

Lakin analitik vurğilayıb ki, bütün bunlar Trampa hüquq vermir ki, Venesuelaya aviazərbələr endirib xüsusi təyinatlıların köməyi ilə “genişmiqyaslı və uğurlu” adlandırdığı əməliyyat keçirsin:

"Dövlət başçısını həyat yoldaşı ilə birlikdə həbs edib Amerikaya aparsın və məhkəmə qarşısına çıxarsın. ABŞ-nin keçirdiyi əməliyyat hərbi cəhətdən uğurlu sayıla bilər. Ancaq nə beynəlxalq hüquq baxımından, nə də daxili qanunvericilik baxımından qanuni sayıla bilər. Belə ki, qüvvədə olan beynəlxalq hüquq heç bir dövlətə BMT üzvü olan başqa dövlət ərazisində belə bir əməliyyat keçirib, onun başçısını həbs etmək və öz ölkəsinin məhkəməsi önünə çıxarıb mühakimə etmək hüququ vermir. Bunun üçün BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsi lazımdır. Lakin ABŞ bu məsələni BMT-də müzakirəyə çıxarmağa təşəbbüs də göstərmədi”.

Q.Əlibəyli qeyd edib ki, ABŞ-nin Venesueladakı əməliyyatını beynəlxalq terrorçuluq və beynəlxalq adam oğurluğu kimi qiymətləndirmək olar.

“İsrail və Rusiyadan sonra beynəlxalq hüququn məhv edilməsi prosesinə Amerikanın da qoşulması olduqca təhlükəli bir presedentin  yaranması deməkdir”, - deyə Qulamhüseyn Əlibəyli əlavə edib.

 Aydın Baxış


SON XƏBƏRLƏR