Son günlər havanın həddindən artıq isti keçməsi bəzi insanların səhhətində problemlərə səbəb olur. Həmçinin isti yay günlərində günvurma halları da tez-tez müşahidə olunan narahatlıqlardan biridir.
Bakıvaxtı.az "Sağlam olaq" rubrikasında günvurma, onun simptomları və ilk yardım zamanı edilməsi gərək olanları araşdırıb.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən terapevt Sübhan Hacıyev bildirib ki, günvurma və istivurma bədənin termorequlyasiyasının pozulması nəticəsində baş verən, təcili tibbi yardım tələb edən həyati təhlükəli vəziyyətdir.
Onun sözlərinə görə, bu hal daha çox insanların isti yay aylarında birbaşa və uzun müddət günəş şüalarının altında qalmaları və günəş şüalarının birbaşa başa təsiri nəticəsində yaranır.
Günvurmanın əlamətlərindən danışan terapevt qeyd edib ki, günvurma zamanı əsasən baş ağrısı, baş gicəllənməsi, ümumi halsızlıq, zəiflik, süstlük, əzələ krampları, spazmlar, bəzən isə ürəkbulanma və qusma kimi simptomlar meydana çıxır.
Bundan əlavə müsahibimiz nəzərə çatdırıb ki, vəziyyət orta və ağır dərəcədə olduqda bədən hərarəti 38.5°C-yə, bəzən isə 40–41°C-yə qədər yüksəlir. Həkim bildirib ki, orqanizmdə su-duz mübadiləsinin pozulması və elektrolit itkisi nəticəsində metabolik pozğunluqlar baş verir ki, bu zaman epileptik qıcolmalar, huşun itməsi və tənəffüs dayanması kimi həyati təhlükəli hallar da müşahidə oluna bilər:
“Bu səbəbdən bir həkim-terapevt olaraq insanlara tövsiyəmiz odur ki, günəş vannalarını adətən səhər saat 12-yə qədər qəbul etsinlər. Dənizə isə səhər saat 12-yə qədər və ya axşam saat 18:00-dan sonra getmək məsləhətdir. Bu, günəş şüalarından müəyyən dərəcədə qorunmağa imkan verir. Əgər açıq havada işləmək məcburiyyəti varsa, mütləq şəkildə açıq rəngli pambıq geyimlərdən istifadə olunmalı və baş örtüyü taxılmalıdır. Əks halda bu durum daha da ağırlaşa bilər”.
Sübhan Hacıyev, terapevt
S.Hacıyev həmçinin bol-bol su qəbul etməyin vacibliyini vurğulayıb və əlavə edib ki, gündə ən azı iki litrdən çox su içilməli və bu, susuzluq hissi yaranmadan həyata keçirilməlidir. Terapevt su-duz mübadiləsini tənzimləmək üçün mineral sulardan istifadə etməyi tövsiyə edib.
Həkim isti yay aylarında, xüsusilə açıq havada olarkən spirtli içkilərin qətiyyən qəbul edilməməsinin vacibliyini diqqətə çatdırıb. Müsahibimiz izah edib ki, bu, vəziyyəti daha da ağırlaşdırır:
“Günvurma və istivurma ilə qarşılaşdığımız hallarda zərərçəkmiş şəxsi dərhal kölgəyə keçirmək, bədənini açmaq, soyuq su ilə nəmləndirmək, qoltuqaltılara buz qoymaq, əgər huşu yerindədirsə, ona su içirtmək və dərhal təcili tibbi yardım çağırmaq lazımdır”.
Mina Mikayılova