Xalq inancına görə, fevralın 20-dən etibarən kiçik çillə başa çatır və boz ay dövrü başlayır.
Bakıvaxtı.az xəbər verir ki, bu dövrə “yazın qırxlı çağı” da deyilir. Uzun illərin müşahidələri əsasında formalaşan qeyri-rəsmi təqvimə görə, dekabrın 22-də başlayan qış fəsli 3 hissəyə bölünür.
Böyük çillə 40, kiçik çillə 20 gün çəkir. Məlumata görə, bu təqvimlə dekabrın 21-dən yanvarın 30-dək böyük çillə, yanvarın 31-dən fevralın 19-dək kiçik çillə davam edir. Kiçik çillədən sonra Novruzadək qalan 30 gün, daha dəqiq desək, fevralın 20-dən martın 20-dək olan dövr boz ay adlanır.
Bu ayın boz ay adlandırılmasının səbəbi isə havaların tez-tez dəyişməsidir. Yəni, kiçik çillənin bitməsi şaxtalı havaların bitməsi demək deyil. Boz ay da kifayət qədər sərtliyini hiss etdirən aydır. Bu ayda hava bir gün isti, bir gün soyuq ola bilər, yəni hava üzünü bozardır.
Kiçik çillə adətən şaxtası, sazağı, qarı-çovğunu ilə fərqlənir.
Düz bir ay davam edən bu dövr yumşaq və narın yağışlı günlərin çoxluğu ilə seçilir. Həm də Novruz bayramının müjdəçiləri olan çərşənbələr məhz bu dövrə təsadüf edir
Yeri gəlmişkən, bu ilin ilk çərşənbəsi - Su çərşənbəsi fevralın 25-nə təsadüf edəcək. Martın 4-də Od, martın 11-də Yel, martın 18-də isə İlaxır çərşənbə - Torpaq çərşənbəsi qeyd olunacaq.
Qeyd edək ki, yaz fəslinin Azərbaycana daxil olması martın 20-si Bakı vaxtı ilə saat 13:01:25-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır.
Günəş ekliptika üzrə hərəkət edərək, ekvatoru kəsib Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayır. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 40 dəqiqə 46 saniyə olacaq.
Nərgiz Məmmədli