İsrailin xarici işlər naziri Gideon Saar, fransalı həmkarı Jan-Noel Barro ilə telefon danışığında, Fransanın İsrailin təhlükəsizlik maraqlarına zidd hərəkətlər etdiyi bir vaxtda prezident Emmanuel Makronun ölkəyə səfərinin arzuolunmaz olduğunu bildirib.
Bakıvaxtı.az xəbər verir ki, Saar Barrodan Parisin Fələstin dövlətini tanımaq planlarını yenidən nəzərdən keçirməyə çağırıb və belə bir təşəbbüsün Yaxın Şərqdəki vəziyyəti sabitsizləşdirdiyinə və İsrailin milli maraqlarına və təhlükəsizliyinə zərər verdiyinə işarə edib.
“Prezident Makronun İsrailə mümkün səfəri ilə bağlı nazir Saar həmkarına bildirib ki, Fransa İsrailin maraqlarına zərər vuran təşəbbüs və səylərini davam etdirdikcə, belə bir səfər yersizdir”, - deyə İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.
Saar vurğulayıb ki, İsrail Fransa ilə yaxşı münasibətlər saxlamaqda maraqlıdır. Eyni zamanda o, Parisin İsrailin təhlükəsizliyi üçün əsas əhəmiyyət kəsb edən məsələlərdə mövqeyinə hörmət etməsinin vacibliyini qeyd edib.