Azərbaycanın bir sıra ölkələrlə ümumvətəndaş, diplomatik, xidməti, xidməti/rəsmi və xüsusi pasport sahibləri üçün vizadan qarşılıqlı imtina edilməsini nəzərdə tutan sazişləri ratifikasiya olunub.
Bakıvaxtı.az xəbər verir ki, məsələ ilə bağlı yeddi qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilib.
Gündəliyə daxil edilmiş sənədlər "Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş", "Azərbaycan Respublikası Hökuməti ilə Anqola Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin vizadan azad edilməsi haqqında Saziş", "Azərbaycan Respublikası Hökuməti ilə Bəhreyn Krallığı Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan azad olunmasını nəzərdə tutan Saziş", "Azərbaycan Respublikası Hökuməti ilə Cibuti Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahibləri üçün vizadan imtina ilə bağlı Saziş", "Azərbaycan Respublikası Hökuməti ilə Dominikan Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin vizasız girişini təmin edən Saziş", "Azərbaycan Respublikası Hökuməti ilə Qvineya-Bisau Respublikası Hökuməti arasında diplomatik, xidməti və xüsusi pasport sahiblərinin vizadan qarşılıqlı azad olunması barədə Saziş" və "Azərbaycan Respublikası Hökuməti ilə Surinam Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinə vizadan azadolma tətbiq edən Saziş"in təsdiq edilməsi haqqında qanun layihələridir.
Müzakirələrdən sonra sənədlər səsverməyə çıxarılıb və bir oxunuşda qəbul edilib.
Əli Hüseynov
Bakı 



