• Bakı 11° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

“Qiymət artımı çox da nəzərə çarpmır” deyən deputata SƏRT ETİRAZ

CƏMİYYƏT

30 Noyabr 2022 | 15:02

“Qiymət artımı çox da nəzərə çarpmır” deyən deputata SƏRT ETİRAZ

Azərbaycanda hər gün qiymət daha da artır. Xüsusən də, ərzaq məhsulları günü gündən bahalaşır.

Ancaq Milli Məclisin deputatı Vahid Əhmədov bu fikirlə razı deyil. Bakıvaxtı.az-ın məlumatına görə, belə ki, deputat “Məhsullarda müşahidə edilən qiymət artımı çox da nəzərə çarpmır” deyərək  Azərbaycanın daxili bazarında yerli istehsalın kifayət qədər olduğunu qeyd edib.

 “Buna görə də yerli məhsullarda qiymət artımı baş verməyib. Ölkədə süni qiymət artımı mövcuddur, bunun qarşısını almalıyıq” deyə V.Əhmədov “faktmedia.az”a bildirib.

Deputatın dediklərinə münasibət bildirən iqtisadçı-ekspert Natiq Cəfərli Bakıvaxtı.az-a bildirib ki, ölkə qanunvericiliyinə görə, Azərbaycan bazar iqtisadiyyatı ölkəsidir: “Burda süni qiymət artımı ola bilməz. Süni qiymət artımı varsa, deməli, bazar yoxdur, inhisarçılıq var, rəqabət yoxdur. Qiymət dövlət tərəfindən tənzimlənmir, axı. Ona görə də, süni qiymət artımı anlayışı hökumətin apardığı siyasətin, inhisarçılığa qarşı mübarizənin zəifliyini sübut edir. Belə çıxır ki, inhisarçılıq var”.

Ekspert qeyd edib ki, qiymətləri dövlət tənzimləmirsə, süni qiymət artımından söhbət gedə bilməz. Onun sözlərinə görə, əslində, Azərbaycanda yerli istehsal çox zəifdir. Azərbaycan məhsulları adı altında bazarda olan malların bir çoxunun xammalı xaricdən gətirilir, burda sadəcə qablaşdırılır: “Ona görə də, belə bir illuziya yaranır ki, sanki Azərbaycanın yerli istehsalı kifayət qədər çoxdur. Elə deyil. Məsələn, bazarda ən çox gördüyümüz çay məhsullarıdır. Çaylar müxtəlif Azərbaycan brendlərinin adı altında bazara çıxarılır, amma onun tərkibi Şri Lanka və Hindistandan gətirilmiş çaydır. Həmin çaylar Azərbaycanda qablaşdırılıb bazara çıxarılır”.

N.Cəfərli qeyd edib ki, o cümlədən, şəkər də elədir: “Məsələn, şəkər tozu xaricdən gətirilib burada qablaşdırılır. Süd məhsullarının xammalı, yəni süd tozu xaricdən gətirilir, burada süd məhsulları düzəldilib bazara çıxarılır. Bunlar yerli məhsullar adı altında bazardadır. Azərbaycanda qiymət artımının əsas səbəbi dünyada baş verən proseslərlə əlaqəlidir. Dünyada da infilyasiya çox yüksəkdir, bunun da təsirləri var”.

İqtisadçının sözlərinə görə, daha çox təsir edən amillərdən biri isə rəqabətsizlik mühitidir, ölkədə rəqabət güclənməlidir: “Bundan başqa, vergi və gömrük siyasəti doğru deyil. Pərakəndə satışda ərzaq məhsullarına 18% ƏDV tədbiq olunur. Bu yığışdırılmalı və ya azaldılmalıdır. Gömrük rüsumları bir çox hallarda 15% tədbiq olunur, bu sıfırlanmalıdır. Yəni, Azərbaycanda infilyasiya ilə mübarizə aparmaq üçün həm inhisarçılığın qarşısı alınmalı, həm də vergi, gömrük siyasəti doğru dizayn edilməlidir. Ona görə də, hörmətli Vahid bəyin dediyi məsələ, süni qiymət artımı Azərbaycan reallığında ancaq inhisarçılığın olmasına işarədir. Yəqin ki, hörmətli deputat da inhisarçılığın geniş yayılmasından şikayət edir”.

Aytac Aslan


SON XƏBƏRLƏR

27 Mart 2024