• Bakı 18° C

    3.32 m/s

  • USD - 1.7

    EUR - 1.9886

    RUB - 2.0473

Qəbələdə TDT Dövlət Başçıları Şurasının Zirvə Görüşü keçirilib - YENİLƏNİB

GÜNDƏM

07 Oktyabr 2025 | 20:49

Qəbələdə TDT Dövlət Başçıları Şurasının Zirvə Görüşü keçirilib - YENİLƏNİB

Oktyabrın 7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Zirvə Görüşündə iştirak ediblər.

Prezident İlham Əliyev Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçılarını qarşıladı, birgə foto çəkdirildi.

Dövlətimizin başçısı tədbirdə çıxış etdi.

-Hörmətli dövlət və hökumət başçıları.

Əziz dostlar.

Azərbaycanın qədim şəhəri olan Qəbələyə xoş gəlmisiniz. Qəbələ geniş coğrafiyanı əhatə edən, eramızdan əvvəl IV əsrdə əsası qoyulmuş və eramızın VIII əsrinə qədər mövcud olmuş Qafqaz Albaniyasının paytaxtı idi.

İlk növbədə, Türk Dövlətləri Təşkilatına (TDT) uğurla sədrlik etmiş Qırğız Respublikasına təşəkkürümü bildirirəm.

Bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Təşkilatımızın beynəlxalq səviyyədə nüfuzunun artması məmnunluq doğurur. Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir.

Ölkəmiz təşkilatın işinə dəstək məqsədilə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində ianə köçürmüşdür.

Daxili siyasi və iqtisadi sabitlik, əhəmiyyətli geostrateji mövqe, müsbət demoqrafiya və gənc əhali, nəqliyyat-logistika sahəsində böyük imkanlar, təbii resurslar, habelə hərbi və hərbi-texniki sahədə artan potensial TDT-ni qlobal arenada vacib aktora çevirir.

Sevindirici haldır ki, Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşləri ilə yanaşı, qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsi artıq ənənəyə çevrilib. Ötən il ilk dəfə Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə Görüşü və bu il Budapeştdə baş tutmuş görüşümüz mühüm qərarlarla yadda qalmışdır.

Hörmətli həmkarlar, bu gün sülh və təhlükəsizlik hər bir ölkənin inkişafı üçün əsas amildir.

Təşkilatımızın təməl sənədi olan Naxçıvan Sazişində sülhün qorunması və təhlükəsizlik əsas məqsəd və vəzifələr sırasında yer alıb. Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları fonunda, ötən il Şuşada qeyri-rəsmi Zirvə Görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinə və bugünkü Zirvə Görüşünün "Regional sülh və təhlükəsizlik" mövzusuna uyğun olaraq, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir.

Məlumdur ki, təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil. Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir. Bu çərçivədə müttəfiqimiz olan Türkiyə ilə dərin əməkdaşlıq mövcuddur. Yalnız son bir ildə Türkiyə ilə birgə 25-dən artıq ikitərəfli və çoxmillətli hərbi təlimlər keçirilmişdir.

Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edirəm.

Bugünkü dünyada hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amilidir.

2020-ci il 44 günlük Vətən müharibəsində tarixi Zəfərimiz, həmçinin 2023-cü ildə qətiyyətli antiterror tədbirləri nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyuldu. Bununla da ölkəmizin ərazi bütövlüyü və əzəli torpaqlarımız üzərində suverenliyi bərpa olundu. Bu tarixi nailiyyət yalnız Azərbaycanın milli iradəsinin və əzmkar mübarizəsinin təntənəsi deyil, eyni zamanda, bölgədə ədalətin, sülhün və sabitliyin bərqərar olunmasına mühüm töhfədir.

İki ay əvvəl Vaşinqtonda, Ağ Evdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazı sülh məkanına çevirəcək. Vaşinqton Zirvəsi çərçivəsində, eyni zamanda, ATƏT-in Minsk qrupunun və əlaqədar strukturların bağlanması üçün edilmiş birgə müraciətə uyğun olaraq, sentyabrın 1-də ATƏT tərəfindən qəbul edilmiş qərarla keçmiş münaqişənin bu qalıqları da aradan qaldırıldı.

Beləliklə, atdığımız addımlar Azərbaycanın irəli sürdüyü sülh gündəliyini bir daha təsdiq etdi.

Biz Ermənistan işğalını heç vaxt unutmayacağıq. Şəhidlərimizin əziz xatirəsini həmişə qəlbimizdə saxlayacağıq. Onların qanını biz döyüş meydanında aldıq. İşğalçını əzəli torpaqlarımızdan qovduq, Zəfər çaldıq və eyni zamanda, ədalətli sülhə nail olduq.

Əziz dostlar, nəqliyyat və kommunikasiya əlaqələri Türk Dövlətləri Təşkilatı çərçivəsində strateji əhəmiyyətə malikdir. Türk dünyasının nəqliyyat, kommunikasiya, tranzit və digər istiqamətlərdə potensialından istifadə məqsədilə görülən işlər qlobal əhəmiyyətli layihələrin icrasına gətirib çıxarıb.

Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Ölkəmiz Türkiyə ilə Mərkəzi Asiya arasında coğrafi, iqtisadi, nəqliyyat və digər sahələrdə körpü rolunu oynayır.

2022-ci ildən bəri Orta Dəhlizlə yükdaşımalar təqribən 90 faiz artıb. Dəhliz boyu tranzit müddətləri əhəmiyyətli dərəcədə azalıb. Xəzərin ən böyük ticarət donanması, yaxın illərdə gücü ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, 9 beynəlxalq hava limanı, regionun ən böyük yükdaşıma aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirib.

Bu çərçivədə Vaşinqton Zirvəsinin digər mühüm nəticələrindən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Zəngəzur dəhlizi həm Orta Dəhliz, həm də Şimal-Cənub Dəhlizi çərçivəsində yeni nəqliyyat arteriyası və ikinci marşrut kimi mühüm əhəmiyyət kəsb edir.

Sülh, regional bağlantılar və iqtisadi inkişafla əlaqəli olan digər mühüm istiqamət enerji təhlükəsizliyidir. Ölkəmiz bu məqsədlərin qlobal səviyyədə təmin edilməsində fəal rol oynayır. Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində özünü etibarlı və əvəzolunmaz tərəfdaş kimi təsdiqləyib.

Şaxələndirilmiş neft və qaz kəmərləri vasitəsilə Xəzər regionunun beynəlxalq bazarlara birləşdirilməsində strateji rol oynayırıq. Hazırda biz 14 ölkəyə təbii qaz ixrac edirik. Coğrafi əhatəsinə görə boru kəmərləri ilə təbii qaz ixrac edən ölkələr sırasında Azərbaycan birinci yerdədir.

Azərbaycan, həmçinin Günəş, külək və su elektrik enerjisi kimi bərpaolunan enerji mənbələrinə böyük sərmayələr cəlb edir. 2030-cu ilə qədər enerji istehsalımızın təxminən 40 faizi bərpaolunan mənbələr hesabına təmin ediləcək.

Hazırda biz Orta Asiya, Azərbaycan, Türkiyə, Avropa yaşıl enerji dəhlizi üzərində işləyirik.

TDT-yə üzv ölkələrlə Azərbaycan bir çox önəmli sərmayə layihələrini icra edib. Bu günə qədər qardaş ölkələrin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox vəsait qoyulub. Bunun əsas hissəsi Türkiyə iqtisadiyyatına qoyulmuş sərmayədir. Bununla bərabər, Azərbaycan Özbəkistanla, Qazaxıstanla, Qırğızıstanla birgə sərmayə fondları yaradıb. Bu fondlar vasitəsilə bir çox layihələr icra ediləcək.

Ümumilikdə, atılan addımlar Türk dünyası daxilində iqtisadi inteqrasiyanın, enerji və nəqliyyat sahəsində dost və qardaş ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsinə və regionumuzun dayanıqlı inkişafına xidmət edir.

Qeyd etdiyim kimi, ortaq tarixi və etnik köklərimiz, dillərimiz bizi bir ailə kimi birləşdirir. Burada 1926-cı ildə Bakıda təşkil edilmiş birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini vurğulamaq istərdim.

Gələn il birinci Türkoloji Qurultayın keçirilməsinin 100 illik yubileyinin Türk Dövlətləri Təşkilatı çərçivəsində təntənəli şəkildə təşkil olunmasını təklif edirəm.

Əminəm ki, Zirvə Görüşümüz qəbul edəcəyimiz qərarlarla Türk Dövlətləri Təşkilatının mövqeyini daha da gücləndirəcək, xalqlarımızın rifahına və təhlükəsizliyinə əlavə töhfə verəcəkdir.

Çıxışımın sonunda Qarabağın və Şərqi Zəngəzurun bərpasına dəstək üçün qardaş ölkələrə bir daha təşəkkürümü bildirirəm. Füzulidə Mirzə Uluqbəy adına məktəb, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Ağdamda Manas adına məktəb artıq fəaliyyətdədir. Bu, özbək, qazax, qırğız qardaşlarımızın hədiyyəsidir. Macar qardaşlarımızın hədiyyəsi Cəbrayılda tikilən məktəbdir. Türkmən qardaşlarımızın hədiyyəsi – bu gün təməli qoyulan Füzuli məscididir. Qardaş Türkiyənin şirkətləri bir çox tunellər, körpülər, yollar inşa edir. Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq.

Sağ olun.

x x x

Zirvə Görüşü digər dövlət və hökumət başçılarının çıxışları ilə davam edib.

Göstərilən qonaqpərvərliyə və yüksək təşkilatçılığa görə Prezident İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür edən Qırğız Respublikasının Prezidenti Sadır Japarov dedi: "Cənab Baş katib, hörmətli dövlət başçıları. Əvvəlcə mən İlham Heydər oğlu Əliyevə və qardaş Azərbaycan xalqına göstərilən qonaqpərvərliyə və bu görüşün keçirilməsinə görə təşəkkür edirəm. Qəbələ iki min illik tarixə malik qədim bir şəhərdir və bizim burada yığışmağımız heç də təsadüfi deyil. Oktyabrın 3-də 16 illiyi tamam olan Naxçıvan Sazişi olduqca vacib bir sənəddir. Bu qısa dövr ərzində təşkilatımız dinamik şəkildə inkişaf edib və regional səviyyədə nüfuzunu gücləndirib".

Qırğızıstan Prezidenti ölkəsinin hər zaman sülhün, sabitliyin və mehriban qonşuluğun tərəfdarı olduğunu vurğulayaraq bildirib: "Biz Azərbaycan Respublikasının Prezidenti ilə Ermənistanın Baş naziri arasında imzalanmış Birgə Bəyannaməni alqışlayırıq. Bu, hər iki ölkənin siyasi rəhbərliyinin iradəsini göstərir və bunun sayəsində Cənubi Qafqazda davamlı sülh, təhlükəsizlik və etimad qurulacaq. Bu sahədə Zati-aliləri İlham Heydər oğlu Əliyevin məhz sülh prosesinə olan töhfəsini xüsusi qeyd etmək istəyirəm".

Prezident Sadır Japarov 2026-cı ildə Dünya Köçəri Oyunlarının ölkəsində keçiriləcəyini vurğuladı və Zirvə Görüşünün iştirakçılarını fəxri qonaq qismində həmin Oyunlara dəvət etdi.

"Bu Zirvə Görüşü çərçivəsində Qırğız Respublikası təşkilata sədrliyini başa çatdırır və onu qardaş Azərbaycana ötürür. Əminəm ki, Azərbaycanın sədrliyi çərçivəsində təşkilat öz inkişafını davam etdirəcək və beynəlxalq müstəvidə nüfuzunu daha da artıracaq. Eyni zamanda, türk xalqlarının firavanlığına yönəlmiş bütün təşəbbüslər inkişaf edəcək", - deyə Sadır Japarov bildirib.

x x x

Türkdilli xalqlar arasında birliyin və əməkdaşlığın gücləndirilməsinin strateji əhəmiyyətini vurğulayan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevə qonaqpərvərliyə və tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkür etdi. Qazaxıstan Prezidenti Azərbaycan ilə Ermənistan arasında sülh istiqamətində imzalanmış Birgə Bəyannaməni tarixi addım adlandıraraq dedi: "Mən Azərbaycan ilə Ermənistan arasında sülhlə bağlı Birgə Bəyannamənin imzalanmasını təqdir etmək istəyirəm və inanıram ki, bu, 30 il davam edən münaqişənin həllində mühüm tarixi addım olacaq. Bu gün mövcud geosiyasi vəziyyətin fonunda türk dövlətləri arasındakı birlik çox vacibdir. Əziz qardaşlar, məşhur Azərbaycan şairi Bəxtiyar Vahabzadə vaxtilə qeyd etmişdir ki, "Türkün türklə ədavətə haqqı yoxdur". Bizim ağsaqqalların dedikləri bu kimi sözləri çox yüksək tutmalı və türk dövlətlərini bir araya gətirməkdə əlimizdən gələni etməliyik. Növbəti sədrlik bizim azərbaycanlı qardaşlarımıza keçir. Bu işdə Prezident İlham Əliyevə təşəkkür edir və uğurlar diləyirəm".

Kasım Jomart Tokayev Qazaxıstan, Azərbaycan və Özbəkistan arasında yaradılmış yaşıl enerji dəhlizini Türk dünyasında uğurlu əməkdaşlığın nümunəsi kimi qiymətləndirib.

x x x

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında türk xalqlarının mədəni irsini qorumaqla yanaşı, süni intellekt texnologiyalarını da fəal şəkildə inkişaf etdirəcək böyük türk dili modelinin tətbiqinin vacibliyindən danışıb. O, həmçinin ölkəsinin Cənubi Qafqazda baş verənləri izlədiyini, bölgədə sülhə və sabitliyə töhfə verəcək addımların əhəmiyyətini vurğulayaraq deyib: "Azərbaycan ilə Ermənistan arasında avqustun 8-də imzalanan Birgə Bəyannaməni bu baxımdan xeyirli addım olaraq görür, davamının gəlməsini arzulayırıq. Bu gün bir daha türk dövlətləri olaraq aramızdakı həmrəylik, qarşılıqlı hörmət və qardaşlıq ruhu ilə gələcəyə əmin addımlarla irəlilədiyimizi göstərdik. Biz böyük Türk dünyasını daha da gücləndirərək övladlarımıza miras qoyacağıq. Bir azdan imzalayacağımız Qəbələ Bəyannaməsinin və qəbul edəcəyimiz qərarların Türk dünyası başda olmaqla, bütün dost və qardaş ölkələrə xeyirli olmasını diləyir, Azərbaycana və dəyərli qardaşım hörmətli Əliyevə mükəmməl ev sahibliyi üçün yenidən təşəkkürümü çatdırır, Türk Dövlətləri Təşkilatının üzvü olan dost və qardaş ölkələrin xalqlarına ən səmimi sevgilərimi göndərirəm".

x x x

Türk dövlətləri arasında iqtisadiyyat, ticarət, nəqliyyat əlaqələrinin inkişafı istiqamətində atılan addımların əhəmiyyətini qeyd edən Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycanla Ermənistan arasında sülh danışıqları prosesinə toxunaraq bildirdi: "Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə yüksəksəviyyəli təşkilatçılığa və qonaqpərvərliyə görə təşəkkür edirəm. Sizin təşəbbüsləriniz sayəsində biz son illərdə Azərbaycanın müxtəlif guşələrini ziyarət etmişik. Bu gün biz gözəl Qarabağın inkişafının, Şuşa, Xankəndi və Ağdam şəhərlərində həyata keçirilən işlərin şahidiyik. Biz Sizin yaxın dostlarınız kimi bu inkişafa olduqca sevinirik. Heç bir mübaliğəsiz demək olar ki, Ermənistanla imzaladığınız sülhlə bağlı Birgə Bəyannamə məhz Sizin siyasi iradəniz sayəsində mümkün olmuşdur və bu, türk dövlətlərinin birgə nailiyyətidir. Bu Bəyannamə ilə iqtisadiyyat, ticarət, nəqliyyat və humanitar sahələrdə də geniş əməkdaşlıq imkanları açılır".

x x x

Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov hazırda dünyadakı vəziyyət fonunda ölkələrimiz arasında əməkdaşlığın, sülhün, sabitliyin və etimadın gücləndirilməsinin vacibliyini vurğulayaraq qeyd etdi: "İlk növbədə, mən əziz qardaşım, Zati-aliləri İlham Heydər oğlu Əliyevə bu tədbirdə iştirak etmək üçün dəvətinə və mənə göstərilmiş səmimi qonaqpərvərliyə görə təşəkkür edirəm.

Türk Dövlətləri Təşkilatı birgə tarixə, mədəniyyətə, irsə və dilə malik qardaş xalqları bir araya gətirir. Təşkilatın əsas hədəfi həmrəyliyi, dostluğu və qardaşlığı gücləndirmək, regional və beynəlxalq səviyyədə birgə fəaliyyəti təşviq etməkdir".

x x x

Macarıstanın Baş naziri Viktor Orban çıxışında türk dövlətləri arasında bəşəri dəyərlərin qorunduğu, sabitliyin və qarşılıqlı inamın hökm sürdüyü bir mühiti müşahidə etməsindən məmnunluğunu bildirdi, dövlətimizin başçısının həyata keçirdiyi bərpaolunan enerji layihələrini, sülhə və əməkdaşlığa verdiyi önəmi vurğuladı. "Hörmətli cənab Prezident, Sizin heyrətamiz nailiyyətləriniz, iqtisadiyyatın inkişafı, bərpaolunan enerji resursları və bu sahəyə qoyulan sərmayə onun sübutudur ki, Mərkəzi Asiya regionu və bu region Avropa İttifaqının "qızıl ehtiyatı"dır. Cənab Prezident Əliyevə təşəkkür edirəm ki, Azərbaycanın ən mühüm qaz yatağında macar şirkətinin iştirakı üçün şərait yaratdı. Bu, bizim üçün çox mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, Prezident Əliyevi və Azərbaycan xalqını əmin etmək istəyirəm ki, biz təkcə dost deyilik, biz strateji tərəfdaşıq", - deyə Baş nazir əlavə edib.

x x x

Azərbaycanın qədim tarixi şəhəri olan Qəbələdə keçirilən Zirvə Görüşünə dəvətə görə Prezident İlham Əliyevə və Azərbaycan xalqına dərindən təşəkkür etdiyini bildirən Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar dedi ki, bu Zirvə Görüşünün ortaq tariximizə qızıl hərflərlə yazılmış Qarabağ Zəfərinin beşinci ildönümünə təsadüf etməsi mühüm məna daşıyır. "Qardaş Azərbaycanın qətiyyəti, cəsarəti və haqlı mübarizəsi ilə qazandığı bu Qələbə yalnız ərazilərinin işğaldan azad edilməsi deyil, ədalətin və milli qətiyyətin zəfəridir. Bu, böyük Türk dünyasının ortaq zəfəridir. Qarabağ Zəfəri bizə bir daha göstərdi ki, Türk dünyası birlikdə olanda hər çətinliyin öhdəsindən gəlmək mümkündür. Həmrəy şəkildə fəaliyyət göstərən türk dövlətləri yalnız öz təhlükəsizliyini deyil, regionda sülhün, sabitliyin və rifahın ən güclü təminatçısıdır. Şimali Kipr Türk Cümhuriyyəti olaraq biz Azərbaycanın haqlı mübarizəsində hər zaman yanında olduq və bundan sonra da olacağıq. Biz eyni coğrafiyanın, eyni mədəniyyətin, eyni kökdən bəslənən ortaq tarixin mirasçılarıyıq. Biz bu gün yalnız bir araya gəlmirik, eyni zamanda, ortaq gələcəyimizi birlikdə formalaşdırırıq. Bu mühüm Zirvə Görüşündə bizi səmimi qonaqpərvərliklə qarşılayan Azərbaycan Prezidenti, Qarabağ fatehi cənab İlham Əliyevə bir daha təşəkkürümü bildirmək istəyirəm", - deyə E.Tatar bildirdi.

x x x

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev çıxışında qeyd etdi ki, qədim Qəbələ şəhərində bir araya gəlmək, xüsusilə də Azərbaycan ilə Ermənistan arasında sülhün nizamlanması ilə bağlı Birgə Bəyannamənin imzalanmasından sonra toplaşmaq çox mühüm rəmzi məna daşıyır. O dedi: "Hörmətli dövlət və hökumət başçıları, Vaşinqtonda Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Zəngəzur dəhlizinin təmin edilməsi tarixi əhəmiyyətə malikdir və bu, Türk dünyasını geosiyasi səviyyədə gücləndirəcək. Zəngəzur dəhlizinin açılması qədim İpək Yolunun bərpası ilə yanaşı, bizim ölkələr üçün yeni iqtisadi və tranzit imkanları yaradacaq. Çin, Qırğızıstan, Özbəkistan dəmir yolu layihəsi istismara verildikdən sonra Orta Dəhlizin strateji əhəmiyyəti daha da artacaq".

"Bu gün Türk Dövlətləri Təşkilatı mühüm regional təşkilata çevrilir", - deyən Baş katib Türk Universitetlər Birliyinin Daimi Katibliyinin və xüsusi proqram fondunun təsis edildiyini bildirdi və qeyd etdi ki, Azərbaycanın ianə etdiyi 2 milyon ABŞ dollarının bir hissəsi məhz bu layihənin maliyyələşdirilməsinə yönəldiləcək.

Azərbaycanın təşkilata sədrliyinin əməkdaşlığın dərinləşdirilməsi, iqtisadi əlaqələrin gücləndirilməsi və qarşılıqlı tərəfdaşlığın inkişafında uğurlu olacağına əminliyini bildirən Kubanıçbek Ömüralıyev dedi: "Bu gün tərəfinizdən qeyd edilən vacib fikirlər və irəli sürülmüş təkliflər Qəbələ Bəyannaməsinə və bizim Katibliyin fəaliyyət planına daxil ediləcək. Tədbirin yüksək səviyyədə təşkilinə və səmimi qonaqpərvərliyə görə Zati-aliləri cənab İlham Əliyevə bir daha təşəkkür edirəm".

x x x

Zirvə Görüşünə yekun vuran Prezident İlham Əliyev dedi:

-Hörmətli həmkarlar.

Əziz dostlar.

Bugünkü müzakirələrə verdiyiniz dəyərli töhfələr üçün hər birinizə təşəkkür edirəm. Səsləndirilən bəyanatlar və fikirlər Türk Dövlətləri Təşkilatının gələcək fəaliyyəti üçün əhəmiyyətli istiqamətləri müəyyən edir.

Təşkilatımızın Katibliyinə və Ağsaqqallar Şurasına ümumi işimizə verdikləri töhfəyə görə təşəkkürümü bildirirəm. Əminəm ki, bugünkü Zirvə Görüşü dostluğumuzu, qardaşlığımızı daha da gücləndirəcək.

Sağ olun!

x x x

Sonra Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Görüşünün Bəyannaməsinin imzalanması mərasimi oldu.

x x x

Daha sonra çıxış edən Prezident İlham Əliyev dedi:

-Əziz dostlar.

Əziz qardaşım, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov iyul ayında Qarabağa səfəri zamanı Füzulidə Türkmənistan tərəfindən məscidin tikintisini təklif edib. Biz bu hədiyyəyə görə qardaş Türkmənistana təşəkkür edirik.

Bu Zirvə Görüşü çərçivəsində məscidin təməlqoyma mərasimi nəzərdə tutulub.

İndi bütün qardaş ölkələrin rəhbərlərini təməlqoyma mərasiminə dəvət edirəm.

x x x

Sonra məscidin təməlqoyma mərasimi keçirildi.

***

15:41

Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.


SON XƏBƏRLƏR