Avropa İttifaqı (Aİ) bütün dünyadan polad idxalına 50% rüsum tətbiq etməyə hazırlaşır.
Bakkıvaxtı.az xəbər verir ki, bunu Britaniya polad şirkətlərinin maraqlarının müdafiəsi ilə məşğul olan “UK Steel” assosiasiyasının baş direktoru Qaret Steys bildirib. Onun sözlərinə görə, Böyük Britaniyanın bu sahədə ixracının 80%-i Avropa İttifaqı ölkələrinə yönəldiyi nəzərə alınsa, Avropa İttifaqının mümkün tədbirləri krallığın iqtisadiyyatına güclü təsir göstərəcək.
Trampdan sonra Aİ-nin bu səviyyədə rüsumu qlobal iqtisadiyyata necə təsir edəcək?
Mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı ekspert Vüqar Oruc öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.
Onun sözlərinə görə, bu cür addımlar daxili bazara müsbət təsir göstərsə də, müvəqqəti xarakter daşıyır:
"ABŞ prezdenti Donald Tramp hakimiyyətə gələndən sonra eyni tədbirlər zəncirinin şahidi olduq. Bu addım yerli sahibkarları və yerli iqtisadiyyatı qorumaq üçün atılan prementiv tədbirlərdən biridir. Sözügedən rüsumlar daxili istehsalı stimullaşdırmaq üçün nəzərdə tutulur. Yəni, xaricdən idxal olunan məhsulların daxildə daha baha qiymətə təklif olunması fonunda xarici ölkələrin rəqabətdən kənarlaşdırılması planlaşdırılır”.
Müsahibimiz qeyd edib ki, məlum rüsum tətbiqi Avropanın daxili bazarına müsbət töhfə verə bilər, lakin bu tətbiqlə bağlı cavab ola bilər. Ekspert hesab edir ki, rüsum tətbiqi hər hansısa uzunmüddətli ciddi nəticə verə bilməz:
“İxracatçılar yeni və fərqli tərəfdaşlar tapa bilər. Tarix göstərir ki, bu cür rüsum tətbiqləri qısamüddətli mənfəət əldə olunmasına imkan yaradır".
İqtisadçı hesab edir ki, Avropa İttifaqı rəqabətə davamlılığını təmin etmək üçün rüsum tətbiqindən istifadə etməyə qərar verib.
"Bütün hallarda rüsum tətbiqlər fonunda iqtisadi kataklizmlər meydana gələ bilər. Çünki bu cür addımlar dünya iqtisadiyyatının düzənini pozmağa hesablanır. Əgər polad idxalına rüsum tətbiq olunarsa, Çinin böyük polad ixracatçılarından biri kimi Avropaya polad ixracatının qarşısını alınacaq. Ona görə ki, qiymətlərin rəqabətə davamlı olmaması ixracatçıların müəyyən problemlərlə üzləşməsinə yol aça bilir. Əsas məsələ odur ki, bu prosesin əks təsirləri də olacaq", - müsahibimiz qeyd edib.
Vüqar Oruc: Məlum rüsum tətbiqi Avropanın daxili bazarına müsbət töhfə verə bilər, lakin...
V.Orucun fikrincə, ixracatda problem yaşayan dövlətlər həmin məhsulları ya alternativ bazarlara, ya da daxilə yönəldəcəklər. İkinci halda daxildə poladın qiymətinin aşağı düşməsinə və Çin avtomobillərinin qiymətinin daha da ucuzlaşmasına səbəb ola bilər. Bu isə Çin avtomobillərinin dünyada artan nüfuz dairəsini daha da artıracaq:
"Çin avtomobilləri modifikasiya və keyfiyyət məsələlərini həll etməklə, bütün yerli bazarları sıradan çıxarmaq imkanına malikdir. Avropa dövlətləri bunun qarşısını almaq üçün müəyyən tədbirlərin görülməsini müzakirə edirlər. Belə ki, Çin avtomobillərinə Avropa ölkələri və digər dövlətlərdə yüksək vergilərin tətbiq olunması ilə bağlı danışıqlar aparılır".
Gülşən Şərif