Azərbaycanın beynəlxalq arenada artan nüfuzu və strateji təşəbbüsləri, son illərdə dünya səhnəsində önəmli bir yer tutmağa başlayıb. Bu istiqamətdə həyata keçirilən mühüm addımlardan biri də Bakıda keçirilən Qlobal Cənub QHT Platformasının təsis konfransıdır.
Bakıvaxtı.az xəbər verir ki, bu tədbir, Azərbaycanın təşəbbüsü ilə dünya üzrə 116 ölkədən olan nüfuzlu QHT rəhbərləri və vətəndaş cəmiyyəti təmsilçilərini bir araya gətirərək, ölkəmizin qlobal miqyasda liderlik rolunu daha da möhkəmləndirməkdədir. Prezidentin rəhbərliyi ilə həyata keçirilən siyasət və strateji xətt, Azərbaycanın yalnız dövlət diplomatiyasını deyil, eyni zamanda vətəndaş cəmiyyəti sahəsindəki mövqeyini də gücləndirməkdədir. Sözügedən tədbir Azərbaycanın beynəlxalq əlaqələrini inkişaf etdirərək, ölkənin milli maraqlarını daha geniş platformalarda təmsil etmək üçün yeni imkanlar açır.
Qlobal Cənub QHT Platformasının təsis olunması beynəlxalq vətəndaş cəmiyyətinin inkişafına hansı istiqamətlərdə təsir göstərə bilər?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri Azay Quliyev bildirib ki, bu cür beynəlxalq tədbirlər, xüsusilə Azərbaycanın ev sahibliyi etdiyi belə böyük miqyaslı platformalar, yalnız Azərbaycanın xarici siyasətinin müsbət təsirini deyil, həm də ölkənin beynəlxalq əlaqələrini inkişaf etdirmək və möhkəmləndirmək baxımından çox mühüm əhəmiyyət kəsb edir. Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən siyasət, xüsusilə Qlobal Cənubla əlaqəli təşəbbüslər, Azərbaycanın geosiyasi vəziyyətini daha da gücləndirir və ölkənin beynəlxalq nüfuzunu artırır.
Həmsöhbətimiz qeyd edib ki, Azərbaycanın bu cür təşəbbüsləri də beynəlxalq arenada ölkənin yalnız dövlət diplomatiyası deyil, eyni zamanda vətəndaş cəmiyyəti və QHT-lər vasitəsilə də təsir imkanlarını artırır. Onun sözlərinə görə, nəticə etibarilə, həm dövlət, həm də cəmiyyət səviyyəsində qlobal məsələlərə daha təsirli yanaşma imkanları yaradılır:
"Bu platformaların yaratdığı yeni imkanlar, Azərbaycanın yerli və regional məsələlərdə daha səmərəli iştirakını təmin edər və digər ölkələrlə tərəfdaşlıq əlaqələrini inkişaf etdirir. Gələcəkdə bu cür beynəlxalq tədbirlərin davamlılığı, Azərbaycanın müstəqil xarici siyasətinin güclənməsinə və inkişaf etmiş dünya ilə daha sıx əlaqələrin qurulmasına şərait yaradacaq. Bu, həm də Azərbaycanın öz inkişafını daha geniş perspektivdə idarə etməsinə, iqtisadiyyatını, mədəniyyətini və beynəlxalq mövqeyini müsbət istiqamətdə möhkəmlətməsinə töhfə verəcək".
Azay Quliyev: Həm dövlət, həm də cəmiyyət səviyyəsində qlobal məsələlərə daha təsirli yanaşma imkanları yaradılır
A.Quliyev onu da deyib ki, Qlobal Cənub QHT Platformasının yaradılması Azərbaycanın xarici siyasətində yeni bir mərhələ açır. Bu, yalnız Azərbaycanın strateji maraqlarına xidmət etməklə qalmır, həm də inkişaf edən ölkələrin problemlərinin həllində, onların beynəlxalq platformalarda daha geniş söz sahibi olmasında mühüm rol oynayacaq:
"Tədbir həmçinin müxtəlif ölkələr arasında qarşılıqlı anlayış və əməkdaşlıq əlaqələrinin inkişafına da təkan verəcək".
Əli Hüseynov