Abşeron rayonunda qohumunu qəsdən öldürməkdə təqsirləndirilən Tayır Tayırovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Tayır Tayırov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Dövlət ittihamçısı onun 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, Abşeron rayon prokurorluğunun yaydığı məlumata görə, ötən il yanvarın 18-i saat 14 radələrində 1989-cu il təvəllüdlü Elvin Ələkbərovun Saray qəsəbəsi ərazisində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırma zamanı 1975-ci il təvəllüdlü Tayır Tayırovun aralarında yaranmış mübahisə zamanı qohumu Elvin Ələkbərova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Tayır Tayırov könüllü olaraq istintaqa təslim olub və iş üzrə şübhəli şəxs qismində tutulub.