Günəş şüalarının intensivliyi artdıqca ultrabənövşəyi (UV) radiasiya da daha təsirli olur. Bu dövrdə dəriyə, xüsusilə üz nahiyəsinə ciddi ziyan dəyə bilər- ən çox yayılan problemlərdən biri də günəş ləkələridir.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan kosmetoloq Gülər İbrahimova bildirib ki, günəşin daha aktiv olduğu fəsillərdə dəriyə düzgün qulluq göstərmək həm mövcud ləkələrin tündləşməsinin qarşısını alır, həm də yenilərinin yaranmasına imkan vermir:
“Günəşin ən güclü olduğu saatlarda - 11:00-dan 16:00-a qədər - açıq havada olmaq risklidir. Mütləq şəkildə SPF 50 qoruyucu krem istifadə edilməli, geniş kənarlı papaq və gün eynəyi taxılmalıdır. Açıq rəngli, uzunqol geyimlər də dərini fiziki qorumaq üçün effektiv üsuldur. Dəriyə həm fiziki, həm də kimyəvi qoruma tətbiq olunmalıdır”.
Kosmetoloq səhər və axşam dəriyə qulluq rutininin vacibliyini də vurğulayıb:
"Səhər saatlarında üz yumadan sonra C vitamini əsaslı antioksidant serum istifadə olunmalıdır. Bu, dərini işıqlandırır və piqmentasiyanı azaldır. Ardınca nəmləndirici və son olaraq günəş qoruyucu tətbiq edilməlidir. Axşam isə retinoid və ya azelain turşulu məhsullarla dərini yeniləmək və nəmləndirmək mütləqdir. Dərinizə uyğun təmizləyici seçmək də bu mərhələdə vacibdir".
Gülər İbrahimova, kosmetoloq
Gülər İbrahimova qeyd edib ki, artıq piqment ləkələri yaranıbsa, onları müalicə etmək üçün mütəmadi qoruyucu tədbirlər görmək lazımdır. Günəşdən qorunmamaq müalicənin effektivliyini azalda bilər, hətta vəziyyəti daha da ağırlaşdıra bilər:
“Ləkələrin müalicəsində C vitamini, niasinamid, azelain və kojik turşusu kimi aktiv maddələrdən istifadə etmək faydalıdır. Eyni zamanda, ayda bir dəfə pilinq prosedurları və ya dermatoloq nəzarətində edilən lazer müalicələri daha sürətli nəticə verə bilər".
Nuriyyə Musayeva