• Bakı C

    1.89 m/s

  • USD - 1.7

    EUR - 1.9875

    RUB - 2.1063

“SOCAR-FUGRO” gömrük orqanlarının məlumatı olmadan saxlanc yerindəki malları götürüb

İQTİSADİYYAT

06 Yanvar 2026 | 11:19

“SOCAR-FUGRO” gömrük orqanlarının məlumatı olmadan saxlanc yerindəki malları götürüb

“SOCAR-FUGRO” MMC 17 min 362 manat cərimə edilib.

Bakıvaxtı.az Teleqraf-a istinadən xəbər verir ki, "SOCAR-FUGRO" MMC-yə məxsus gömrük nəzarəti altında olan geodezik ölçü alətləri ilə bağlı qanunvericiliyin tələbləri pozulub.

Məlumata görə, Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən şirkətə məxsus, ümumi gömrük dəyəri 57 875 manat olan “Geodezik ölçü alətləri” adlı yük 4 ay müddətinə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilib.

Gömrük bəyannaməsi ilə bəyan edilən mallar müvəqqəti saxlanc yerinə yerləşdirilsə də, sonradan şirkət gömrük orqanlarının məlumatı və icazəsi olmadan həmin malları götürərək “Tofiq İsmayılov” adlı gəmiyə göndərib və istifadə üçün təyinat yerinə çatdırıb.

Bu fakt gömrük orqanları tərəfindən aşkar edildikdən sonra şirkət barəsində inzibati icraat başlanılıb. Nəticədə “SOCAR-FUGRO” MMC barəsində malların ümumi gömrük dəyərinin 30 faizi həcmində - 17 362 manat məbləğində inzibati cərimə tətbiq edilib.

Yasamal Rayon Məhkəməsinin qərarı ilə şirkət İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi (gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsi) ilə təqsirli bilinib və cərimə olunması barədə qərar qəbul edilib.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, bu maddə üzrə inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə tətbiq oluna bilər.

Bundan əlavə, şirkətin baş direktoru Fikrət Əliyev tərəfindən verilmiş apellyasiya şikayəti məhkəmə tərəfindən əsassız hesab edilib və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.


SON XƏBƏRLƏR