• Bakı C

    3.48 m/s

  • USD - 1.7

    EUR - 1.7426

    RUB - 1.6534

Şoyqunun Azərbaycan səfəri: Şimal qonşumuzun rəsmi Bakıdan gözləntisi odur ki...

SİYASƏT

06 Avqust 2024 | 15:02

Şoyqunun Azərbaycan səfəri: Şimal qonşumuzun rəsmi Bakıdan gözləntisi odur ki...

“Rusiya ilə Azərbaycan arasında iqtisadi, siyasi, hərbi və diplomatik sahədə əlaqələr kifayət qədər genişdir və bu münasibətlərin inkişaf etdirilməsində rəsmi Bakı və rəsmi Moskva olduqca maraqlıdır”.

Bu barədə Bakıvaxtı.az-a siyasi şərhçi Turan Rzayev Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun Bakı səfərindən danışarkən bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanla Rusiya arasındakı münasibətlər sabitdir və hər hansı bir gərginlik elementi müşahidə olunmur:

“Buna rəğmən Sergey Şoyqunun səfəri diqqət çəkir. Onun Tehrandan sonra Bakıya üz tutması bir sıra mətləblərdən xəbər verir. Yəni Rusiyanın İran-İsrail qarşıdurmasında İrana silah satacağını nəzərə alsaq, deyə bilərik ki, səfər çərçivəsində bu məsələ ətrafında müzakirələr aparılıb. Böyük ehtimal, indiki məqamda şimal qonşumuzun rəsmi Bakıdan gözləntisi ondan ibarətdir ki, İrana göndəriləcək silahlar ya Azərbaycan hava məkanınından, ya da Azərbaycan sularından keçsin. Rusiyanın bu istiqamətdə təklif irəli sürməsi mümkündür”.

Siyasi şərhçi hesab edir ki, Kreml rəsmi Bakının İran-İsrail gərginliyindəki mövqeyini diqqətlə izləyir:

“Çünki Azərbaycan İsraillə strateji tərəfdaşdır, İranla isə zaman-zaman müəyyən gərginliklərimiz olub, olur. Bu baxımdan proseslər Rusiyanı maraqlandırır. Təbii ki, Azərbaycan İran-İsrail məsələsinə müdaxilə etməyəcək. Bizim xarici siyasətdəki mövqeyimiz tərəfsizdir. İsrail strateji tərəfdaşımız olsa belə, bu məsələdə cənub qonşumuza qarşı addım atmayacağıq. İran özü vaxtaşırı Azərbaycanla gərginliyi artırsa, da rəsmi Bakı belə vəziyyət və ya fürsətləri İran əleyhinə istifadə etməyib”.

Silah daşınması məsləsinə gəlincə, Rzayev diqqətə çatdırıb ki, Şoyqunun toxunduğu bəzi məsələlər mesaj xarakteri daşıyır:

“Rusiya rəsmisi iqtisadi və hərbi daşımalar sahəsində əlaqələrin inkişafına vurğu edib. Bir də Şimal-Dəniz nəqliyyat dəhlizindən bəhs edib. Aydındır ki, Şoyqu indiki məqamda Azərbaycan, Rusiya və İran əməkdaşlığını ön plana çəkir. Bu mənada iddia edə bilərik ki, təkliflər sözügedən istiqamətdə olub”.

Turan Rzayev: Kreml rəsmi Bakının İran-İsrail gərginliyindəki mövqeyini diqqətlə izləyir

Müsahibimiz qeyd edib ki, amma bu məqamda rəsmi Bakının mövqeyi daha önəmldir. T.Rzayev bildirib ki, indiki kövrək məqamda Azərbaycanın Rusiyanın bu təklifi ilə razılaşacağını düşünmürəm.

“Rəsmi Bakı üçün ən önəmli məsələ milli maraqlarımızın və regional təhlükəsizliyimizin təminatıdır. Bütün bu amilləri nəzərə alaraq, Azərbaycan Rusiyanın ehtimal olunan təklifini qəbul etməyəcək”, - deyə Turan Rzayev əlavə edib.

Qeyd edək ki, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu avqustun 6-da Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olub. Müzakirələr zamanı Sergey Şoyqu ölkələr arasında regional təhlükəsizlik, hərbi-texniki, nəqliyyat, iqtisadi sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. İkitərəfli əməkdaşlığın gündəliyində çox mühüm məsələlərin durduğunu və onların uğurla həll edildiyini bildirib.

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi bu xüsusda Şimal-Cənub dəhlizinin həyata keçirilməsini bunun nümunəsi kimi dəyərləndirib və bununla bağlı üçtərəfli əsasda böyük işlərin görüldüyünü qeyd edib.

Aydın Baxış


SON XƏBƏRLƏR

14 Yanvar 2025