“Paşinyanın açıqlamalarının müsbət və mənfi tərəfləri var”.
Bunu politoloq Turab Rzayev Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh prosesinə dair dediklərini Bakıvaxtı.az-a şərh edərkən deyib.
Onun sözlərinə görə, müsbət məqam odur ki, ən azından Paşinyan hökumətinin sülh danışıqlarını davam etdirmək niyyəti ortadadır:
"Sülh mətni ilə bağlı danışıqlar aparılır, tərəflər təkliflərini qarşılıqlı olaraq bir-birinə göndərirlər. Həmçinin, sərhədlərin müəyyənləşməsi prosesi də irəliləyir, delimitasiya həyata keçirilir. İki tərəf də aktiv şəkildə sülh sənədi üzərində çalışır. Bu, onu göstərir ki, yaxın gələcəkdə Ermənistanla sülh müqaviləsinin əsas bəndlərini razılaşdıraraq sənədi imzalamaq mümkün olacaq”.
Turab Rzayev: Paşinyanın bu məsələləri sülh sazişindən kənara atması danışıqların ruhuna mənfi təsir edir
Müsahibimiz qeyd edib ki, Paşinyanın Konstitusiya və dəhlizlə bağlı mövqeyi Azərbaycan tərəfi üçün məqbul deyil. Politoloqun dediyinə görə, Bakı haqlı olaraq tələb edir ki, Azərbaycanın əsas hissəsindən Naxçıvana maneəsiz gediş-gəliş olmalıdır. Eyni zamanda Ermənistan Konstitusiyasında Azərbaycana qarşşı ərazi iddialarının tezliklə aradan qaldırılmasını tələb edirik. Düzdür, İrəvan hökuməti bununla bağlı prosesi başladıb və 2026-cı ildə referendum olacağı ilə bağlı müəyyən fikirlər səsləndirir.
“İndiki halda Paşinyanın bu məsələləri sülh sazişindən kənara atması danışıqların ruhuna mənfi təsir edir. Başqa bir məsələ regionda üçüncü tərəflərin olmaması ilə bağlıdır. Bakının tələblərindən biri də bununla bağlıdır. Paşinyanın isə gələcəkdə ABŞ və Fransanın Ermənistana təhlükəsizlik qüvvələrini göndərməsini nəzərdə tutduğunu, Aİ missiyasına müsbət yanaşdığını görürük", - deyə Turab Rzayev əlavə edib.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti dəfə Azərbaycanla sülh prosesindən danışıb. Baş nazir vurğulayıb ki, sülh müqaviləsində Konstitusiya dəyişiklikləri və dəhlizlə bağlı məsələlər yer almır. Onun sözlərinə görə, tərəflər arasında razılaşdırılmamış maddələrdən biri sərhəddə "üçüncü ölkə qüvvələrinin yerləşdirilməsi", digəri isə beynəlxalq qurumlardakı hüquqi və digər diplomatik mübahisələrə aiddir:
"Burada çoxsaylı qatlar və nüanslar var. Xüsusilə, tərəflər sərhəddə avropalı müşahidəçilərin qalması məsələsində razılığa gələ bilməyiblər".
Paşinyanın qənaətincə, 12-ci dəfə təkliflər paketini almaqları sülh prosesinin dalana dirənmədiyini göstərir:
“İndi biz öz təkliflərimizi təqdim etməliyik, yəni proses gedir. Digər tərəfdən, etiraf etməliyik ki, delimitasiya komissiyaları işləyir. Biz də həll yolunu təklif etmişik və ümid edirik ki, Azərbaycan bu həllə müsbət cavab verəcək. Obyektiv təhlil göstərir ki, ondan imtina etmək üçün heç bir əsas yoxdur. Söhbət Ermənistanla Azərbaycan arasında dəmir yolu nəqliyyatından, yəni Azərbaycanın qərbindən Naxçıvana və Ermənistandan Ermənistana – Arazdəyəndən Mehriyə qədər olan əlaqədən gedir. Həm də hər iki ölkə beynəlxalq yükdaşımalar üçün bir-birinin ərazisindən keçən dəmir yollarından istifadə etmək imkanı əldə edəcək”.
O həmçinin qeyd edib ki, Ermənistan Azərbaycanla dəmir yolunun istismar şərtlərini daha da sadələşdirməyə hazırdır:
“Mən tez-tez təhlil edir və düşünürəm ki, Azərbaycan niyə bizim təklifimizə mənfi reaksiya verməlidir. Və obyektiv təhlil göstərir ki, imtina üçün heç bir əsas yoxdur”.
Müharibə ehtimalı ilə bağlı sualı cavablandıran baş nazir regionda belə bir təhlükənin olmadığını bildirib:
“Mən belə dəyərləndirirəm ki, regionda müharibə və ya eskalasiya üçün nə səbəb, nə şərt, nə də əsas var”.
Aydın Baxış