Azərbaycan və Ermənistan arasında sülh prosesi son mərhələyə yaxınlaşdıqca “ilkin razılaşma” və ya sazişin paraflanması kimi mexanizmlər gündəmə gəlir.
Ermənistanın Baş naziri Nikol Paşinyanın son açıqlaması - yekun sənədin imzalanmasından öncə paraflanması təklifi - tərəflərin artıq razılaşdırılmış baza üzərində işlədiklərini və danışıqlarda məntiqi finala yaxınlaşma ehtimalını göstərir.
Burada söhbət rəsmi imza mərhələsi deyil, tərəflərin siyasi iradəsini və qarşılıqlı razılaşma çərçivəsini ictimai və beynəlxalq səviyyədə tanımasından gedir. Bu təklif ilk növbədə Ermənistan üçün daxili-siyasi məqsədlər daşıyır: Paşinyan hökuməti bu mexanizmi ölkə daxilində “sülhə doğru irəliləyiş” kimi təqdim etməyə çalışır və bununla seçki öncəsi təşviqat kampaniyasına “pozitiv gündəm” əlavə etmək niyyətindədir.
Lakin bu taktiki addımın arxasında müəyyən strateji məqsədlər də gizlənir. “İlkin razılaşma” modeli mübahisəli və müzakirəsi hələ tamamlanmamış məsələlərin - Ermənistanın konstitusiyasında dəyişiklik zərurəti, regional kommunikasiyaların hüquqi əsaslarla açılması, keçmiş Minsk qrupunun statusunun rəsmən ləğvi - arxa plana keçirilməsinə xidmət edə bilər.
Azərbaycan tərəfi isə belə mexanizmlərə ehtiyatla yanaşır. Bakı üçün əsas məsələ razılaşdırılmış mətndə prinsipial müddəaların təmin edilməsi və gələcəkdə istənilən siyasi manipulyasiya imkanlarının qarşısının alınmasıdır. Bu səbəbdən də Bakı “daxili qanunvericilik razılaşmanı poza bilməz” kimi hüquqi qoruyucu bəndlərin sənədə daxil edilməsində israrlıdır. Əlavə olaraq, konstitusiya və digər normativ aktların dəyişdirilməsi üzrə konkret yol xəritəsinin sənəddə qeyd olunması Azərbaycanın əsas tələblərindən biri olaraq qalır.
Digər mübahisəli sahə isə regional keçid marşrutlarının hüquqi rejimidir. Ermənistan tərəfinin beynəlxalq zəmanətçilərlə birgə, alternativ təhlükəsizlik modeli üzərində dayanmağa çalışması, xüsusilə də ABŞ şirkətinin iştirakı ilə dəhlizin idarə edilməsinə dair son təkliflər, müzakirələrin yeni bir fazaya keçdiyini göstərir. Bu, təkcə Azərbaycan-Ermənistan münasibətlərinə deyil, bütövlükdə regionun geosiyasi sabitliyinə təsir edə biləcək bir məsələdir. Nəzərə alsaq ki, Zəngəzur dəhlizi Orta dəhlizin bir hissəsi olaraq həm türk dünyası, həm də Çin kimi qlobal aktorlar üçün strateji əhəmiyyət daşıyır, bu məsələnin razılaşdırılması olmadan sülh sazişinin davamlılığı sual altına düşə bilər.
Bütün bu şərtlər daxilində, “ilkin razılaşma” yalnız o halda real görünə bilər ki, Ermənistan regional öhdəliklərini konkretləşdirsin, Bakı isə bu sənədin hüquqi və siyasi etibarlılığına təminat alsın. Əgər bu balans qoruna bilərsə, sülh sazişinin paraflanması yaxın perspektivdə mümkün ola bilər - bu isə tərəflərin illərlə davam edən münaqişədən post-münaqişə mərhələsinə keçidini rəsmiləşdirə bilər.
Züriyə Qarayeva