“Heydərbaba, sənin üzün ağ olsun,
Dört bir yanın bulaq olsun, bağ olsun,
Bizdən sonra sənin başın sağ olsun”… (Şəhriyar)
İran İslam Cümhuriyyətinin Prezidenti Məsud Pezeşkianın Azərbaycan Respublikasına ilk dövlət səfəri həm siyasi çevrələrdə, həm də geniş ictimaiyyət arasında böyük ilgi doğurmaqdadır; lakin bu səfər təkcə törən və protokol çərçivəsindəki rəsmi görüşlərdən ibarət deyildir, əlbəttə - səfərin mahiyyəti özündən böyükdür... Yaxın-uzaq dairələrdə Pezeşkianın Bakıda söylədiyi səmimi bir sözün, cümlənin belə peşində olan, o sözə, cümləyə yeni anlamlar yükləyənlər oldu və yəqin yenə olacaq. Örnəyi, “Özümü Təbrizdəki, Ərdəbildəki kimi hiss edirəm” - bax, bu cümləyə necə biganə qalasan?.. - Bu cümlə səfərin mahiyyətinin və yeni dönəmin ruhunun dərin ifadəsi kimi qəbul görə bilməzmi?..
Bu sözlər, öz zahiri sadəliyinin arxasında dərin tarixi, mədəni və strateji kontekst daşıyır. Səfərin ən önəmli sonuclarından biri olan Birgə Bəyanat isə bu sözlərin diplomatik manifesti xarakterizəsini inkar etmir.
Birgə Bəyanatın məzmununda tarixi dönüş siqnalları görünür.
Prezidentlərin Birgə Bəyanatında bir sıra məqamlar özəlliklə diqqətəlayiqdir. Bəyanat (qısa desək) iki ölkənin beynəlxalq hüququn və mehriban qonşuluğun gərəkdirdiyi münasibətləri inkişaf etdirmək əzmini bir daha açıq şəkildə təsdiqlədi.
Özəlliklə, Bəyanatda Azərbaycanın işğaldan azad etdiyi Qarabağ və Gündoğar Zəngəzur bölgələrində həyata keçirilən quruculuq işlərinə Tehranın müsbət münasibətinin vurğulanması, öncəki bəlli, danılmaz gərgin fonu aradan qaldırmaq niyyətinin rəsmi təsdiqi kimi dəyərləndirilə bilər. Bu, eyni zamanda, Tehranın Zəngəzur dəhlizi mövzusunda öncəki illərə aid ehtiyatlı və (açığını desək) bəzən skeptik yanaşmasında korrektə etdiyinin bir işarəsidir.
Tehran-Bakı münasibətləri bölgəsəl və qlobal gerçəkliklər kontekstində də fərqli dərəcə nümayişinə müsaiddir.
Səfər və Birgə Bəyanat həm də yeni geosiyasi gerçəkliklər fonunda dəyərləndirilməyi haqq edir. Güney Qafqazda baş verən transformasiyalar, Azərbaycan-Türkiyə tandeminin artan gücü və bölgənin daşımaçılıq-logistika xəritəsində formalaşan yeni əlaqə xəttləri İran üçün də işbirliyi imkanlarını qaçırmamağın vacibliyini diktə edir.
Bəyanatda həmçinin Quzey-Güney beynəlxalq daşımaçılıq dəhlizi çərçivəsində işbirliyinin genişləndirilməsi, sərhəd-keçid məntəqələrinin təkmilləşdirilməsi, gömrük və daşımaçılıq sahəsində koordinasiyanın artırılması vurğulanır. Bu, Tehran üçün bizimlə münasibətlərdə yeni iqtisadi dinamikanın işarəsidir.
Pezeşkianın Bakıda vurğuladığı iqtisadi işbirliyi çağırışları, Birgə Bəyanatda konkret layihələr səviyyəsində dəstəklənərək, iqtisadi-ticari münasibətlərin sadəcə kağız üzərində yox, gerçək infrastruktur layihələri üzərindən dərinləşəcəyinin siqnalını verdi.
Beləliklə,Məsud Pezeşkianın Azərbaycan Respublikasına səfəri təkcə rəsmi ziyarət deyildi; bu, həm də Bakının, Təbrizin, Ərdəbilin, Tehranın, bəlkə şəhərlərüstü və daha böyük coğrafiyanın ortaq tarixinə, taleyinə doğru atılan strateji addımdır.
Birgə Bəyanat, yalnız iki ölkənin dövlət başçıları tərəfindən imzalanmış bir sənəd olmaqda qalmayıb, həm də bölgədə sabitlik, işbirliyi və tarixi bağların yeni mərhələyə qədəm qoyduğunun hüquqi, siyasi ifadəsidir.
Bu səfər, yeni dönəmin başlanğıcı kimi tarixə düşmək potensialına sahibdir — yetər ki, bu qarşılıqlı iradə ardıcıl addımlarla möhkəmlənsin.
Pezeşkianın tez-tez (və Bakıda - Heydər Əliyev Mərkəzində də) müraciət etdiyi “Heydər Babaya salam” əsərində ustad Şəhriyar necə deyirdi? -
“Daşlıbulaq, daş-qumunan dolmasın,
Bağçaları saralmasın, solmasın,
Ordan keçən atlı susuz qalmasın;
Deynən bulaq, xeyrin olsun, axarsan,
Üfüqlərə xumar-xumar baxarsan”…
Deyirəm, nə qəribə təvafüqdü… - Prezident Pezeşkianın respublikamıza ilk səfəri 28 aprelə düşdü… Ondan öncə isə Prezident Həsən Ruhani 7 il qabaq - 2018-ci il martın 28-də Bakıya gəlmişdi; Azərbaycan nə 7 il öncəki, nə də 125 il öncəki Azərbaycan deyil, əlbəttə. Əlbəttə, öz ərazi bütövlüyünü, suverenliyini bərpa etmiş Azərbaycanın gündəliyi, öncəliyi indi tamam başqadır…
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!