Yayılan xəbərlərə əsasən, Vaşinqton və Kiyev yaxın vaxtlarda Ukraynanın bütün mineral ehtiyatlarını və iri enerji aktivlərini əhatə edən genişmiqyaslı bir çərçivə sazişi imzalamağa hazırlaşırlar.
Bu sənəd Ukraynanın təbii sərvətləri üzərində gələcəkdə kimlərin və hansı şərtlərlə nəzarət edəcəyini müəyyənləşdirəcək. Müqavilə Ukraynanın zəngin yeraltı resurslarından, xüsusilə də nadir metallar, qaz və digər enerji mənbələrindən əldə olunacaq gəlirlərin bölgüsü məsələlərini tənzimləyəcək. Sazişin imzalanması Ukraynanın iqtisadi müstəqilliyi və suverenliyi üçün yeni suallar doğurur. Belə bir razılaşma Kiyev hökumətinin Qərb dəstəyindən asılılığını daha da artıracaq və Ukraynanın strateji resurslarının idarə edilməsində ABŞ-nin təsir imkanlarını genişləndirəcək. Eyni zamanda bu proses, Ukraynanın gələcəkdə öz təbii sərvətlərindən əldə edəcəyi gəlirlərin kimlərin maraqlarına xidmət edəcəyi məsələsini də gündəmə gətirir. Mütəxəssislər bu sazişi Ukraynanın daxili iqtisadi siyasəti və beynəlxalq mövqeyi üçün dönüş nöqtəsi hesab edirlər.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən siyasi şərhçi Mübariz Göyüşlü hesab edir ki, faktiki olaraq Ukraynanın bölünməsinin rəsmiləşdirilməsi prosesi gedir. Ukraynanın şərq hissəsi Rusiya tərəfindən işğal olunmuşdu və bütün təkliflərə, tənqidlərə, blokadalara, hücumlara baxmayaraq, Rusiya bu addımından geri çəkilmədi. Artıq Bakıda da, ABŞ-də də qəbul edilir ki, həmin ərazilər Rusiya tərəfindən işğal olunub və Rusiya oradan çıxmaq niyyətində deyil.
Siyasi şərhçinin düşüncələrinə görə, hazırda ABŞ Ukraynanın mineral ehtiyatları və digər iqtisadi imkanlarını "mədəni şəkildə" ələ keçirir. ABŞ Ukraynanı sazişlərə məcbur edir və təbii sərvətlərdən əldə olunan gəlirləri özünə yönəltməyə çalışır. Ukrayna rəhbərliyinin yanlış siyasəti nəticəsində ölkə çox ağır vəziyyətə düşüb.
Mübariz Göyüşlü: ABŞ Ukraynanın mineral ehtiyatları "mədəni şəkildə" ələ keçirir
"Amerikanın da öz maraqları var. Faktiki olaraq, Ukrayna ABŞ və Rusiya arasında, daha geniş çərçivədə isə Qərb və Rusiya arasında parçalanmış vəziyyətə gətirilib. Tramp dövründən bəri ABŞ bu tələbləri irəli sürürdü. İndi isə aydın görünür ki, ABŞ Ukraynaya verdiyi hərbi yardımı da borc kimi hesablayır və digər yardımları da eyni qaydada rəsmiləşdirir. Ukraynanı bu borcları ödəməyə məcbur edəcəklər”, - deyə M.Göyüşlü bildirib.
Müsahibimiz qeyd edib ki, bütün bu proseslərin fonunda müharibənin gedişatında ciddi bir dəyişiklik baş verəcəyi inandırıcı görünmür:
“Çünki Rusiya nə məğlub olasıdır, nə də geri çəkiləsi. Bu səbəbdən Ukrayna üçün daha ağır və çətin dövrlər başlayıb və bu vəziyyət bir müddət də davam edəcək",
Əli Hüseynov