ABŞ Prezidenti Donald Trampın iyulun 28-də İsrailin Baş naziri Benyamin Netanyahu və Ukrayna Prezidenti Volodimir Zelenski ilə ayrı-ayrılıqda görüşməsi Vaşinqtonun eyni vaxtda iki böyük münaqişə istiqamətində fəallaşdığını göstərir. Tramp hər iki görüşü müsbət qiymətləndirsə də, danışıqların bütün detalları ictimaiyyətə açıqlanmayıb.
Netanyahu ilə görüşdə İranın nüvə proqramı, ABŞ-İsrail hərbi koordinasiyası, Qəzza və Livandakı vəziyyətin əsas mövzular sırasında olduğu bildirilir. Görüş İranın ABŞ hərbçilərinə qarşı yeni raket hücumunun qarşısının alındığının açıqlandığı bir dövrə təsadüf edib ki, bu da danışıqların hərbi təhlükəsizlik aspektini daha da aktuallaşdırıb.
Zelenski isə Vaşinqtona səfəri zamanı Ukraynanın hava hücumundan müdafiə imkanlarının artırılması, “Patriot” sistemlərinin istehsalı və əlavə raketlərin alınması məsələlərini gündəmə gətirib. ABŞ Senatında Rusiyaya qarşı yeni sanksiyalar paketinin irəliləməsi də bu görüşün siyasi fonunu gücləndirib. Kyiv eyni zamanda Rusiya ilə İran arasında hərbi-texniki əməkdaşlığın genişlənməsinə diqqət çəkərək, Ukrayna və Yaxın Şərq münaqişələrinin artıq müəyyən nöqtələrdə bir-biri ilə əlaqələndiyini vurğulayıb.
Bakıvaxtı.az bu görüşlərin ABŞ-nin yaxın dövrdə diplomatik təşəbbüslərlə yanaşı, yeni hərbi və iqtisadi təzyiq qərarları verməsinə hazırlıq olub-olmadığını politoloq Züriyə Qarayeva ilə müzakirə edib.
Onun sözlərinə görə, bu görüşlər ABŞ-nin Yaxın Şərq və Ukrayna istiqamətlərini bir-birindən təcrid olunmuş böhranlar kimi deyil, vahid qlobal təhlükəsizlik sisteminin tərkib hissəsi kimi qiymətləndirdiyini göstərir. Vaşinqton həm İsrailin təhlükəsizliyini, həm də Ukraynanın müdafiə qabiliyyətini qorumaqla müttəfiqlərinə siyasi təminat verməyə çalışır. Müsahibimiz bildirib ki, eyni gündə iki müharibə şəraitində olan dövlətin liderinin qəbul edilməsi Tramp administrasiyasının ABŞ-nin qlobal proseslərdə əsas qərarverici mərkəz olduğunu nümayiş etdirmək istəyindən irəli gəlir:
“Burada həmçinin Rusiya-İran əməkdaşlığının dərinləşməsi və bu əməkdaşlığın iki regional münaqişəyə paralel təsiri nəzərə alınmalıdır. Tramp diplomatik danışıqları ön plana çıxarsa da, hər iki görüşdə hərbi çəkindirmə və təzyiq alətləri də müzakirə gündəminin əsas hissəsini təşkil edib. Buna görə bu təmaslar ABŞ-nin iki cəbhədə koordinasiyalı, lakin fərqli vasitələrə əsaslanan siyasət yürütməyə hazırlaşdığını göstərir”.
Politoloq hesab edir ki, Netanyahu ilə görüşün əsas məqsədlərindən biri İran məsələsində ABŞ və İsrail arasında yaranmış taktiki fikir ayrılıqlarını minimuma endirməkdir. İsrail İranın nüvə və hərbi imkanlarına qarşı daha sərt və uzunmüddətli təzyiq tələb edir, Tramp isə hərbi güclə yanaşı, Tehranla mümkün razılaşma imkanlarını da tamamilə bağlamaq istəmir. Dediyinə görə, buna baxmayaraq, İranın ABŞ qüvvələrinə qarşı raket hücumlarını davam etdirməsi Vaşinqtonun mövqeyini yenidən sərtləşdirə bilər.
Z.Qarayevaya görə, görüşdən sonra yeni hava hücumundan müdafiə tədbirlərinin, əlavə hərbi yerləşdirmələrin və İrana qarşı iqtisadi sanksiyaların gündəmə gəlməsi mümkündür. Eyni zamanda Qəzza, Livan və Hörmüz boğazındakı vəziyyət İran dosyesinin daha geniş regional təhlükəsizlik çərçivəsində nəzərdən keçirildiyini göstərir:
“Əgər diplomatik vasitəçilik nəticə verməzsə, ABŞ və İsrailin İran üzərində koordinasiyalı hərbi və siyasi təzyiqi daha da gücləndirməsi ehtimalı artır”.
Züriyə Qarayeva: Vaşinqton uzunmüddətli və nəzarətdən çıxmış iki müharibəyə birbaşa şəkildə cəlb olunmaqdan çəkinəcək
“Tramp-Zelenski görüşü Ukraynaya hərbi dəstəyin genişləndirilməsinə işarə sayıla bilərmi” sualını cavablandıran həmsöhbətimiz bildirib ki,görüşün gündəliyi göstərir ki, Ukraynanın hava hücumundan müdafiəsi yaxın dövrdə ABŞ-Ukrayna əməkdaşlığının əsas istiqamətlərindən biri olacaq. Zelenskinin “Patriot” sistemlərinin istehsalı və əlavə raketlərin alınması məsələsini qaldırması Ukraynanın Rusiyanın intensiv hava hücumlarından qorunmaq üçün təcili ehtiyaclarını nümayiş etdirir. Avropa dövlətlərinin maliyyələşdirməsi ilə ABŞ silahlarının Ukraynaya ötürülməsi Tramp administrasiyası üçün həm hərbi, həm də iqtisadi baxımdan daha məqbul model hesab edilə bilər. Senatda Rusiyaya və onun enerji tərəfdaşlarına qarşı sanksiyaların dəstəklənməsi də Moskva üzərində təzyiqin yalnız hərbi yardımla məhdudlaşmayacağını göstərir:
“Bununla belə, Tramp eyni zamanda Ukrayna müharibəsinin danışıqlar yolu ilə dayandırılması mövqeyini qoruyur və hərbi yardımı Kyivın danışıqlardakı mövqeyini gücləndirən vasitə kimi görə bilər. Buna görə görüş həm əlavə hərbi dəstəyə, həm də Ukrayna üçün daha güclü mövqedən aparılacaq yeni diplomatik prosesə hazırlıq kimi qiymətləndirilə bilər”.
“Görüşlərin dərhal genişmiqyaslı hərbi qərarla nəticələnəcəyini söyləmək tezdir, lakin siyasi hazırlığın aparıldığı aydın görünür” deyən politoloqun sözlərinə görə, Yaxın Şərq istiqamətində ABŞ qüvvələrinin müdafiəsinin gücləndirilməsi, İsrailə əlavə hərbi dəstək və İrana qarşı yeni sanksiyalar ən real addımlar sırasındadır. Ukrayna istiqamətində isə əlavə hava hücumundan müdafiə vasitələrinin verilməsi və Rusiyanın enerji gəlirlərini hədəfə alan məhdudiyyətlərin sərtləşdirilməsi mümkündür. Tramp administrasiyası hər iki istiqamətdə hərbi təzyiqi diplomatik razılaşma əldə etmək üçün vasitə kimi istifadə etməyə çalışır.
“Bununla yanaşı, Vaşinqton uzunmüddətli və nəzarətdən çıxmış iki müharibəyə birbaşa şəkildə cəlb olunmaqdan çəkinəcək. Buna görə yaxın dövrdə ən real ssenari məhdud hərbi dəstək, iqtisadi təzyiq və yüksək səviyyəli diplomatik danışıqların paralel davam etdirilməsidir”, - deyə Züriyə Qarayeva əlavə edib.
Zülfü Məmmədov
Bakı 



