- Klinikanızın dəqiq ünvanını deyərdiniz, zəhmət olmasa...
-... küçəsi, .. binanın 1-ci mərtəbəsi...
Yəqin ki, çoxunuz belə dialoq iştirakçısı olmusunuz. Amma bəzən yaşayış binalarının birinci mərtəbəsində fəaliyyət göstərən tibb müəssisələri sanitar-gigiyenik qaydalara tam cavab vermir.
Adil Qeybulla, tibb elmləri doktoru, professor
Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil QeybullaBakıvaxtı.az-a bildirib ki, dünyada iri şəhərlərin birinci mərtəbələrində müxtəlif ofislər, mağazalar, satış məntəqələri və digər kommersiya obyektləri fəaliyyət göstərir. Onun sözlərinə görə, bu, demək olar ki, bütün böyük şəhərlərdə rast gəlinən adi bir praktikadır:
“Lakin məsələ tullantıların idarə olunmasına gəldikdə, xüsusilə də istehsal tullantılarının kanalizasiyaya və ya açıq axar sulara birbaşa axıdılması halları olduqda, burada artıq ciddi nəzarət və qaydalardan söhbət gedir”.
A.Qeybulla nəzərə çatdırıb ki, dünyanın əksər ölkələrində bu tip tullantılar yalnız xüsusi olaraq ayrılmış zibil qablarına atılır. Hətta həmin zibil qabları da sonradan xüsusi təhlükəli tullantılar kimi ayrıca toplanır və utilizasiya olunur”.
Ekspert bu məsələyə dünyanın bir çox yerində ciddi şəkildə riayət olunduğunu bildirir. Dediyinə görə, bəzi hallarda müəssisələrdə yaranan çirkab suların və istehsal tullantılarının birbaşa kanalizasiyaya axıdılması müşahidə edilir və bu, ciddi ekoloji fəsadlara səbəb ola bilər:
“Xüsusilə də nəzərə alsaq ki, həmin kanalizasiya axıntılarının son dayanacağı Xəzər dənizidir. Xəzər dənizi bu gün təkcə regionun deyil, birbaşa olaraq bizim həyatımızın, ekoloji tarazlığımızın təminatçısı olan mühüm bir akvatoriyadır. Əgər bu dənizi çirkləndirməyə davam etsək, yaxın gələcəkdə çox ciddi ekoloji problemlərlə üzləşəcəyik”.
Müsahibimiz vurğulayıb ki, Xəzər dənizindəki biosenoz və onun formalaşdırdığı ekosistem bütövlükdə bölgənin həyat fəaliyyəti üçün əvəzsiz əhəmiyyət daşıyır.
“Buna görə də, tullantıların idarə olunması məsələsində nəzarət daha da gücləndirilməli və ekoloji qaydalara ciddi əməl olunmalıdır”,- deyə Adil Qeybulla əlavə edib.
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, istənilən tibb müəssisəsinə lisenziya verilməmişdən əvvəl AEM tərəfindən onun şəraitinə baxılır və normativ sənədlərə uyğunluğu yoxlanılaraq, rəy verilir.
Qeyd olunub ki, yalnız bundan sonra həmin müəssisəyə lisenziya verilib-verilməməsi barədə İqtisadiyyat Nazirliyi tərəfindən qərar qəbul edilir:
“Əgər söhbət lisenziyalı müəssisədən gedirsə, bütün məsələlər lisenziya alınana qədər və lisenziyadan sonra da dövlətin aidiyyəti orqan və ya qurumları tərəfindən xidməti yoxlamalar zamanı nəzarət edilir”.
Lisenziyası olmayan müəssisə tibbi fəaliyyətlə məşğuldursa, o zaman təsdiqedici sənədlərlə birlikdə Səhiyyə Nazirliyinə rəsmi müraciət etməlidir.
“Vətəndaşlara bir daha xatırladırıq ki, özəl tibb müəssisələrində və aptek təşkilatlarında üzləşdikləri hər hansı problemlə bağlı AEM-in “bir pəncərə” sistemi, “qaynar xətt”i (012 596 05 20), [email protected] elektron ünvanı və yapharma.az saytının MÜRACİƏT bölməsi vasitəsi ilə bizə müraciət edə bilərlər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlamanın keçirilməsi barədəqərar qəbul edilir”,- deyə qurumdan bildirilib.
Azərbaycanda binaların zirzəmi, kürsülük, birinci və ikinci mərtəbələrində palatalı şöbələrin, elektrik şüası ilə müalicə şöbələrinin, doğum şöbəsinin, prosedur və həkim kabinetlərinin, dispanserlərin bütün növlərinin, travmatoloji məntəqələrin, təcili tibbi yardım yarımstansiyalarının, bakterioloji laboratoriyaların, dəri-zöhrəvi, ruhi-əsəb, yoluxucu xəstəliklər üzrə həkim qəbulu kabinetlərinin, şüa diaqnostikası kabinetlərinin (rentgen, kompüter tomoqrafiyası, nüvəmaqnit rezonans), şüa terapiyası, radioizotop diaqnostikası və müalicə şöbələrinin yerləşdirilməsinə yol verilmir.
Bakıvaxtı.az xəbər verir ki, bu isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının təsdiqlədiyi “Yaşayış binaları. Layihələndirmə normaları”nda öz əksini tapıb.
Bundan başqa, sənədə əsasən, yaşayış binalarında tibb müəssisələri Səhiyyə Nazirliyinin 7 aprel 2009-cu il tarixli əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə dair Qaydalar” nəzərə alınmaqla yerləşdirilməlidir.
Yaşayış binalarında, eləcə də həmin binalara bitişik tikililərdə ambulator-poliklinik tibb müəssisələrinin (kabinetlərin), o cümlədən: müalicə-sağlamlıq, reabilitasiya və bərpa müəssisələrinin, həmin mərkəzlərin nəzdində gündüz stasionarlarının yerləşdirilməsinə yol verilir. Yaşayış binalarında yerləşdirilən tibb müəssisələri binanın əsas hissəsindən əsaslı divarlarla ayrılmalı, müstəqil ventilyasiya, kanalizasiya sistemləri və xəstələr üçün ayrıca girişlə təchiz edilməlidir.
Mina Mikayılova