• Bakı 18° C

    4.68 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Milli innovasiya  siyasəti - Dos. İlham Əhmədov yazır
YAZARLAR
21 Yanvar 2022 | 10:11

Milli innovasiya  siyasəti - Dos. İlham Əhmədov yazır

İlham Əhmədov

Bu gün öz ahənginə görə dünyada sənaye inqilabı  ilə  müqayisə edilə bilən ciddi dəyişikliklər baş verir. Rəqəmsal texnika insan həyatının bütün sahələrinə müdaxilə edib, sosial-iqtisadi həyatda ciddi dəyişikliklərə səbəb olub.

Ayrı-ayrı sahələrdə insanların fəaliyyət metodları yeni informasiya texnologiyalarının tətbiqi ilə sürətlə təkmilləşir, yeniləşir, biliyə əsaslanan iqtisadiyyat yaranır. Bunun əsasını qeyri-maddi əmtəə və xidmətlərin yaradılması, mübadiləsi təşkil edir. Biliyə əsaslanan yeni tip cəmiyyət formalaşır, bu cəmiyyətdə informasiya,  bilik,  bacarıq,  səriştəlik  daha çox qiymətləndirilir. 

Biliyə əsaslanan cəmiyyətin əsas potensialı insan kapitalıdır. İnsanların yeni bilik yaratmaq və ondan səmərəli istifadə etmək qabiliyyəti xüsusi dəyər daşıyır. Bu səbəbdən də  investisiyalar əsasən insan resurslarınin inkişafina yönəldilir. Bu dolayısı ilə davamlı,  fasiləsiz təhsilin əhəmiyyətini daha da artırır. Biliyə əsaslanan cəmiyyətə, informasiya cəmiyyətinə son zamanlar innovasiya cəmiyyəti deyirlər.

Məlum olduğu kimi, 2006-ci ildə Böyük Səkkizlik ölkələrinin  (G-8) təhsil nazirlərinin Moskva görüşü, Böyük Səkkizlik ölkələri  Prezidentlərinin Sankt-Peterburq zirvə toplantısı, «XXI əsr İnnovasiya  Cəmiyyətinin təhsili» problemlərinin müzakirəsinə həsr edilmişdi.   Təəssüf  ki ,  bütün  dünya  təhsil  ictimaiyyətinin diqqətini özünə cəlb edən,  dünya  təhsil  tarixində çox mühüm, qlobal səviyyəli hadisə olan bu sammit  bizim respublikanın təhsil ictimaiyyəti tərəfindən  layiqincə qiymətləndirilməyib (hər halda 8 ən inkişaf  etmiş  ölkənin prezidentləri qlobal  təhsil problemlərinin müzakirəsi   ilə əlaqədar  son 30-40 il ərzində ilk dəfə idi ki,  toplanırdılar), onun nəticələri təhlil   edilməyib,  bu rakursda  milli təhsil problemləri  tədqiq edilməyib. Bu tədbirin maraqlı detallarından biri İnformasiya Cəmiyyəti anlayışı əvəzinə artıq  innovasiya cəmiyyəti anlayışından istifadə edilməsi idi. Böyük Səkkizlik  ölkələrinin (G-8) təhsil nazirlərinin Moskva görüşü, «XXI əsr İnnovasiya  Cəmiyyətinin təhsili» mövzusunda aparılan müzakirələr və orada qəbul edilən Moskva Deklarasiyası, Böyük Səkkizlik ölkələri Prezidentlərinin Sankt-Peterburq zirvə toplantısı, təhsilin qlobal problemlərinin geniş müzakirəsi, müvafiq Deklarasiyanın qəbulu ilə nəticələndi.

Deklarasiyada qeyd edilirdi: bəşəriyyətin qlobal problemlərinin  həlli  innovasiya texnologiyalarına əsaslanan transmilli təhsil və  transmilli  elmin inkişafından keçir. Yeri  gəlmişkən Boloniya Prosesi çərçivəsində Avropada vahid elm-təhsil məkanının yaradılması bu ideyalarla ahəng təşkil edir. Sammitin materiallarından bəlli olur ki, İnformasiya Cəmiyyətinin bərqərar olması cəmiyyətin innovativ inkişafından  bəhrələnməlidir. Ona görə bu cəmiyyətə innovasiya cəmiyyəti deyilir.

Cəmiyyətin innovativ inkişaf ideyası bir çox ölkələrin inkişaf strategiyasının, inkişaf doktrinasının əsasının təşkil edir (AB ölkələrinin, ÇXR, Rusiya Federasiyasının v.s. ölkələrin inkişaf strategiyasının əsasını Innovativ inkişaf  ideyası təşkl edir). Ölkənin innovativ inkişafı sənaye əsaslı iqtisadiyyatın biliyə əsaslanan iqtisadiyyata keçidini təmin etməlidir.

İnnovasiya amili İnformasiya Cəmiyyətinə keçidin maraqlı bir xüsusiyyətini aşkar edir: bu gün daha çox elmi informasiya istehsal edən ölkələr yox, bu informasiyadan səmərəli istifadə edən, onları praktikada operativ tətbiq edən ölkələr intensiv inkişaf edir. Sənaye üçün innovativ biliklərin, informasiyaların hansı regionda yaranmasının əhəmiyyəti azdır (elmin vətəni olmaz), əsas bu ideyalardan operativ, səmərəli istifadə bacarığıdır.  İnnovasiya  yeni  informasiyadan,  elmi nailiyyətdən, ixtiradan pul qazanmaqdır, əqli əməyin məhsulunu bazarda sərfəli şəkildə sata bilmək qabiliyyətidir. İnnovasiya  intellektual  sahibkarlığın  mühüm  növü olub  İC-də  qlobal  miqyasda (İnternet vasitəsi ilə intellektual tutumlu məhsulun elektron ticarəti olaraq) fəaliyyət meydanına çevriləcək. 

Dinamik inkişaf edən ölkələrin təcrübəsi göstərir ki, iqtisadi tərəqqi səmərəli milli innovasiya sisteminin yaradılmasından çox asılıdır. Məsələn,  ÇXR-da innovasiyalardan  istifadə üzrə   maraqlı  təcrübə  var: bu ölkədə  istifadə edilən texnologiyaların 98%-i  innovatv ideya kimi  digər  ölkələrdən satın alınmışdır, bu innovativ ideyaları  mövcud lisenziya  əsasında tətbiq  etmək üçün  yerli  şirkətlərə  illiyi  5%  olmaqla 10  illik   kreditlər verilir. Artıq  2006- ildən  ÇXR  yüksək texnologiyaların eksportuna görə dünyada liderliyi ələ almış, hətta ABŞ arxada qoymuşdur. Yaponiyanın da sürətli inkişafı keçən əsrin  ortalarında  qabaqcıl texnologiyaların  lisenziya ilə  xaricdən alınıb ölkədə innovativ  sənayenin qurulması ilə  başlamışdır.

Keçid iqtisadiyyatı  dövrünü yaşayan  həmin ölkələrin   milli  innovasiya  sistemi təbii ki,  ABŞ, ÇXR, Almaniya, Yaponiya  v.s. kimi inkişaf  etmiş ölkələrlə müqayisədə çox zəif  olsa da, artıq  işlək  mexanizm qurulmuş, ümumən cəmiyyətin  və  iqtisadiyyatın  innovativ  ehtiyaclarını təmin edə bilən  real sistem fəaliyyət göstərir. Bu  istiqamətdə RF, Belarus, Ukrayna , Qazaxstan  və Moldova   Respublikalarında müəyyən  irəliləyişlər    hiss edilir. Hal hazırda  innovasiya üzrə  müəyyən beynəlxalq  virtual şəbəkə formalaşır. Bu şəbəkəyə əsasən  MDB ölkələri və keçmiş sosialist ölkələri  (keçmiş Qarşılıqlı İqtisadi Yardım Şurası  ölkələri) daxildir.   Şəbəkənin  belə formatda   yaranması və perspekriv fəaliyyəti  görünür  bu ölkələrin iqtisadi vəziyyətinin, o cümlədən iqtisadi problemlərinin, bazarın  innovativ  ehtiyaclarının  və innovativ tutumunun təxminən bir-birinə yaxın olması ilə əlaqədardır. Bu  ölkələrin innovasiyaya dair portallarında, o cümlədən Texnologiyaların Transfer Mərkəzlərinin saytlarında şəbəkənin üzvü olan digər  ölkələrin də  innovativ təklifləri özünə yer alır. 

ABŞ, ÇXR, Almaniya, Yaponiya  v.s. kimi inkişaf  etmiş ölkələr  öz büdcəsinin 3-5%-ni,  keçid iqtisadiyyatı  dövrünü yaşayan    RF, Belarus, Ukrayna, Qazaxstan  və Moldova kimi MDB ölkələr   öz büdcəsinin  təxminən 2%-ni  elmə sərf  etdikləri halda,  bizim  Respublikada bu rəqəm xeyli müddətdir ki,  1%-dən azdır.  Biliyə əsaslanan iqtisadiyyat, elmtutumlu sənaye, yüksək texnologiyalara əsaslanan qeyri-neft sektorunu  inkişaf etdirmək, Regional  İnnovasiya  Zonalarının   yaranması və inkişafı üçün bu gün  elmin inkişafına  büdcədən  ayrılan vəsait dəfələrlə  artırılmalıdır. Artıq elmi məktəb və ənənələr, elmi nəsillər arasında varislik əlaqələri pozulmaq üzrədir, son illər yaranan və sürətlə inkişaf edən yeni elm sahələri  üzrə bizdə kadr potensialı demək olar ki,  yaranmır, gənclərin elmə axını çox  zəifdir.  Müqayisə üçün bildirək ki, ÇXR və  ABŞ-da innovasiyaların və Texnologiyaların Transferinə hər il  təxminən  bir trilyard ABŞ dolları həcmində vəsait qoyulur. 

Perspektiv milli innovasiya sistemi yaradılmasının əsas şərtləri qlobal informasiya resurslarından istifadə, yeni biliklərin ölkədaxili (milli) ehtiyaclara uyğun adaptasiyası, milli inkişaf naminə onların tətbiqi və s. məsələləri əhatə edir. Keçid dövrünü yaşayan ölkə kimi Azərbaycan Respublikası innovasiya sahəsində mükəmməl dövlət siyasətini formalaşdırmalı (Milli innivasiya  siyasəti), hüquqi-normativ baza yaratmalı, bu əsasda səmərəli fəaliyyət göstərə bilən innovativ şirkətlər, texnoparklar yaradılmalıdır. Nəticədə tədricən innovativ düşüncəli dövlət məmuru, elm və iş adamları formalaşa bilər. Müvafiq kadr təminatı olarsa, respublika üçün daha perspektivli inkişaf, innovativ ideyaların idxal edilməsi, bu ideyaların ya hazır biznes layihə formasına transfer edilməsi, bu əsasda elmtutumlu yeni məhsulların (xidmətlərin) istehsalı, bazara çıxarılması ola bilər. Bu məsələlərin həlli respublika iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin  yüksəlməsinə, biliyə əsaslanan iqtisadiyyatın yaranması və  formalaşmasına, Regional İnnovasiya Zonalarının   yaranmasına təkan  verə bilər.


SON XƏBƏRLƏR