• Bakı 26° C

    15.21 m/s

  • USD - 1.7

    EUR - 1.9825

    RUB - 2.0265

Ermənistanın yeni Konstitusiya qərarı ilə bağlı MÜHÜM AÇIQLAMA 
SİYASƏT
27 Avqust 2026 | 11:00

Ermənistanın yeni Konstitusiya qərarı ilə bağlı MÜHÜM AÇIQLAMA 

Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə hökumətin qarşıdakı 5 illik fəaliyyət proqramını təqdim edərkən bildirib ki, Yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad edilməməlidir. O diqqətə çatdırıb ki, Ermənistan vətəndaşları son seçkilərdə hakim “Vətəndaş Müqaviləsi” Partiyasına səs verməklə, yeni Konstitusiyanın qəbul edilməsi gündəliyinə də səs veriblər:

“Yeni Konstitusiyanın qəbul edilməsi partiyanın seçki proqramının əsas müddəalarından biri idi”.

Paşinyan bunu belə əsaslandırıb ki, Ermənistan xalqının öz legitim və azad iradəsi ilə qəbul edilmiş Konstitusiyaya malik olmaq, hüquqi sistemi və yaşayış qaydalarını özü müəyyənləşdirmək hüququ var. Yeni Konstitusiyanın mətninə gəlincə, Baş nazir vurğulayıb ki, sənəd yaxın aylarda dərc olunacaq. O, 1990-cı il Ermənistanın Müstəqillik Bəyannaməsinə yeni Konstitusiyada istinad edilməyəcəyini söyləyib. Paşinyan bunu Ermənistanda separatçı “Qarabağ hərəkatı”nın davam etdirilməməsi və onun başa çatdırılması barədə qərarın qəbul edilməsi ilə əlaqələndirib:

“Biz bu qərarı qəbul etmişik və xalq da bunu təsdiqləyib. Yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad etmək “Qarabağ hərəkatı”nı davam etdirmək, münaqişə məntiqinə qayıtmaq demək olardı. Biz isə bunu edə bilmərik”.

Siyasi şərhçi Samir Əsədli mövzu ilə bağlı Bakıvaxtı.az-a danışarkən bildirib ki, burada məsələ təkcə Ermənistanın daxili qanunvericiliyi ilə bağlı deyil, Konstitusiyanın preambulasında Müstəqillik Bəyannaməsinə edilən istinad Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını hüquqi-siyasi müstəvidə yaşadır.    

Ekspert vurğulayıb ki, Bəyannamədə vaxtilə Qarabağın Ermənistana birləşdirilməsini nəzərdə tutan qərara açıq istinad mövcuddur: 

“Başqa sözlə, Ermənistanın qüvvədə olan əsas qanununda Azərbaycanın ərazi bütövlüyü ilə ziddiyyət təşkil edən müddəa qalmaqdadır. Buna görə Azərbaycanın mövqeyi dəyişməz və tamamilə əsaslıdır: Ermənistan sülh istəyirsə, ərazi iddialarını yalnız bəyanatlarda deyil, özünün ali hüquqi sənədində də aradan qaldırmalıdır. Bakı İrəvandan əlavə güzəşt deyil, imzalanacaq sülh sənədinin Ermənistan konstitusiyası ilə ziddiyyət təşkil etməməsini tələb edir. Paşinyan indi baş verən hadisələrə real vəziyyəti dərk edərək yanaşır. Azərbaycanın gücü ilə hesablaşır. Azərbaycanın müharibədə qalib gəldiyini qəbul edir, mövqeyinin haqlı olduğunu nəzərə alır və bunu başa düşür. Yəni realist siyasətçidir. Ona görə tarixə də baxır və hesab edir ki, bu yalanlardan qurtarmaq lazımdır”.  

S.Əsədli vurğulayıb ki, Ermənistanın real dövlət kimi mövcudluğunun, iqtisadi təcriddən çıxmasının və regional layihələrə qoşulmasının əsas yolu Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdan keçir: 

“Bunun üçün isə Bakı və Ankaraya qarşı ərazi iddialarından yalnız sözdə deyil, hüquqi və siyasi baxımdan da birdəfəlik imtina edilməlidir. Son günlər revanşistlərin həbsləri ilə bağlı Ermənistan cəmiyyətində müəyyən yumşalma, mülayimləşmə açıq-aydın hiss olunmaqdadır. Artıq İrəvanda yaxşı başa düşürlər ki, Azərbaycanla hərbi və siyasi rəqabət aparmaq mümkün olmayan bir işdir, necə deyərlər, "şirin" xəyaldır. Revanşist qüvvələrə rəhbərlik edən Sarkisyan-Köçəryan cütlüyünün sərsəm çıxışları isə reallıqdan uzaqdır. Erməni cəmiyyəti üçün zərərli olan belə qüvvələrin həbsi isə Ermənistanın gələcəyinin xilasıdır. Bu çılpaq həqiqəti indi erməni xalqının əksər hissəsi yaxşı anlayır. Ona görə də revanşistlərin həbsinə cəmiyyətdə elə bir ciddi etiraz hiss olunmur. Deməli, erməni xalqı revanşistlərin deyil, sülhün, əmin-amanlığın tərəfindədir”.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Avqust 2026