Dünən ölkə mediasında yayılan məlumatda bildirilmişdi ki, Qərbin Azərbaycandakı media şəbəkəsinə “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri Akif Qurbanov başçılıq edib. Maliyyənin alınması və paylanması, işçi heyətin seçilməsi, medianın fəaliyyətinin qurulması və s. bu kimi məsələlər məhz onun idarəçiliyi altında həyata keçirilib. A.Qurbanovun tez-tez xaricə getdiyi, müxtəlif şəxslər vasitəsilə ölkəyə qeyri-qanuni yollarla pul gətirilməsini təşkil etdiyi ilə bağlı da çoxsaylı xəbərlər yayılıb.
Bakıvaxtı.az-ın “Trend”ə istinadən verdiyi məlumata görə, A.Qurbanov həm də “Toplum TV”nin fəaliyyətinə birbaşa rəhbərlik edib. Baxmayaraq ki, bu qurumun təsisçisi hazırda həbsdə olan Ələsgər Məmmədlidir.
A.Qurbanov əvvəlcə “Toplum TV”ni təlim mərkəzi kimi istifadə edib. Müxtəlif layihələrə cəlb olunan şəxslər arasında seçim aparılması, seçilənlərin təlimlərə cəlb olunması bu platformada reallaşdırılıb. Sonra isə onlar “Azadlıq”, “Amerikanın səsi” radiolarında, “Abzas Media”da və digər yerlərdə işlə təmin olunublar.
Sonra isə “Toplum TV” həm də media kimi fəaliyyət göstərməyə başlayıb. Orada çalışan şəxslər də vəzifələrindən asılı olaraq yüksək maaşlar alıblar. Məsələn, “Toplum TV”nin işinə rəhbərlik edən şəxslər 3500-4000 dollar həcmində maaşla təmin ediliblər.
Veriliş aparıcısının maaşı 2000 dollar təşkil edib.
Redaktorlar Müşviq Cabbarov, Cavid Ramazanov 800-1000 dollar, aparıcı jurnalistlər, o cümlədən Fərid İsmayılov da bir o qədər əməkhaqqı alıblar.
Ümumilikdə, aylıq bu qədər vəsaitin xərclənməsi ölkəyə qeyri-leqal yollarla böyük vəsaitlərin gətirildiyini və dövlətin əleyhinə istifadə olunduğunu göstərir.