Bir neçə gün öncə ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı ölkə başçısı İlham Əliyev Türkiyə ilə İsrailin ilk dəfə barışmasında Azərbaycanın vasitəçiliyinə toxunub. Dövlətimizin başçısı çıxışında "İlk böhran zamanı biz fəal rol oynadıq ki, bu iki ölkənin mövqeyini bir-birinə yaxınlaşdıraq" sözlərini qeyd edib.
Ölkəmizin Suriya ilə qonşuları arasında münasibətlərinin tənzimlənməsi prosesində yaxından iştirakı bizə nə vəd edə bilər? Hesab etmək olarmı ki, Azərbaycan artıq qlobal səviyyəli məsələlərin həllində fəal iştirak edir?
Mövzu ilə bağlı politoloq Taleh Əliyev öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.
Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan dövləti özünün Cənubi Qafqaz siyasətində aparıcı rola malik olmasına qane olurdu. Lakin müharibədən sonra bir qalib dövlət kimi, Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu müsbətə doğru genişləndi:
"Xüsusən də ölkəmiz BMT-dən sonra dünyanın ikinci ən böyük təşkilatı olan Qoşulmama Hərəkatına sədrlik etdiyi dönəmdə bu təşkilata yeni bir nəfəs vermiş oldu. Təşkilatın institutisonal strukturlaşmasının əsasını formalaşdırdı desək, yanılmarıq. Xüsusilə parlament və gənclər şəbəkələrinin yaradılması bu baxımdan olduqca təqdirəlayiq fəaliyyətdir. Qoşulmama Hərəkatının tarixində ilk dəfə idi ki, Azərbaycana təşkilatın nizamnaməsində müəyyən olunan dövrdən daha artıq sədrlik etməsi ilə bağlı səlahiyyət verilmişdi. Bu, Azərbaycanın bu cür mötəbər təşkilata uğurlu sədrlik etdiyini bir daha göstərir. Paralel olaraq, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan ənənəvi regional və beynəlxalq təşkilatlardan kənar, dövlətlərarası ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf etdirilməsi formatına nail olub. Mərkəzi Asiya ölkələri, Yaxın Şərq, o cümlədən Türkiyə və Pakistan ilə üçtərəfli əməkdaşlığın formalaşdırılması və genişləndirilməsini qeyd etmək olar".
Ölkə baçşısının ADA Universitetində keçirilən forumdakı çıxışına toxunan politoloq vurğulayıb ki, bu gün Azərbaycan hakimiyyəti dünyada baş verən beynəlxalq münasibətlərin siyasi konyukturasını düzgün qiymətləndirməyi bacarır və bu fonda Azərbaycan beynəlxalq aləmdə gün keçdikcə daha çox sözü eşidilən və mövqeyi ilə hesablaşılan bir dövlətə çevrilir.
Taleh Əliyev: Türkiyədən sonra Suriya ilə dövlət səviyyəsində əlaqə quran ölkə Azərbaycandır
Onun sözlərinə görə, uzun illər idi ki, müxtəlif siyasi dairələrdə ekspertlər səviyyəsində birinci böhranın həlli ilə bağlı Azərbaycanın mühüm xidmətlərindən danışılırdı. Bunun dövlət səviyyəsində ifadə olunması faktın təsdiqi kimi qəbul oluna bilər. Həmsöhbətimiz qeyd edib ki, Azərbaycan dost və mütəffiq Türkiyə və İsrailin münasibətlərinin normallaşmasında maraqlıdır. Bu, ölkəmizin hər iki dost ölkələrlə əvvəlki münaibətlərinin davam etdirilməsi üçün əhəmiyyətlidir. Hər iki dövlətin münasibətlərinin kəskinləşməsi Azərbaycanın geosiyasi maraqlarına uyğun deyil. Bu baxımdan ölkəmiz doğru siyasi dəsti-xətt nümayiş etdirir.
T. Əliyev onu da bildirib ki, Türkiyədən sonra Suriya ilə dövlət səviyyəsində istər humanitar, istərsə də diplomatik cəhətdən əlaqə quran ölkə Azərbaycandır. Hətta bu istiqamət üzrə Azərbaycanın Türkiyə ilə birgə koordinasiya olunmuş siyasi fəaliyyəti ilə bağlı fikirlər səsləndirilir:
"Prezident İlham Əliyevin Türkiyənin Antalya şəhərində keçirilən 4-cü Beynəlxalq Diplomatiya Forumunda Suriyanın keçid dövrü prezidenti Əhməd Əl Şaraa ilə görüşü və Azərbaycana dəvət etməsi onu göstərir ki, ölkəmiz Yaxın Şərqin 10 ildən artıqdır savaş meydanına çevrilən, əslində böyük potensialı və Azərbaycanla dərin tarixi bağları olan Suriya ilə münasibətləri yeni müstəviyə çıxartmaqda maraqlıdır. Bu əməkdaşlıq gələcəkdə Azərbaycanın və Türkiyənin regiondakı siyasi nüfuzunun gücləndirilməsi, regionda yeni əməkdaşlıq və təhlükəsizlik zəmanətinin verilməsinin müjdəsi kimi qiymətləndirilə bilər".
Gülşən Şərif