Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin ən yüksək mərhələsinə keçidini təsdiqlədi.
Astananın Beynəlxalq Aeroportunda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin İlham Əliyevi şəxsən qarşılaması təkcə diplomatik jest deyil, həm də dərin hörmətin, etimadın və strateji həmrəyliyin rəmzi kimi dəyərləndirildi. Bu səfər Azərbaycan-Qazaxıstan əlaqələrinin tarixində növbəti dönüş nöqtəsidir və iki dövlət arasında artıq formalaşmış səmimi dostluğun daha da möhkəmlənəcəyinə işarədir.
Azərbaycan və Qazaxıstan arasında münasibətlərin əsasında ortaq türk kimliyi, mənəvi dəyərlər və mədəni yaxınlıq dayanır. Lakin bu bağlar təkcə tarixi və emosional xarakter daşımır - onlar real iqtisadi, siyasi və regional maraqlarla daha da dərinləşir. Hər iki liderin - İlham Əliyev və Kasım-Jomart Tokayevin strateji baxışı nəticəsində iki ölkə arasında əməkdaşlıq son illərdə dinamik şəkildə inkişaf edib. Bu gün tərəflər yalnız regional deyil, həm də qlobal səviyyədə bir-birini dəstəkləyən, ortaq mövqe sərgiləyən müttəfiq dövlətlər kimi çıxış edir.
İqtisadi sahədə əməkdaşlıq xüsusilə nəzərəçarpandır. Ticarət dövriyyəsinin 547 milyon dollara çatması, Qazaxıstan kapitalı ilə Azərbaycanda fəaliyyət göstərən 250-yə yaxın şirkətin olması və 300 milyon dollarlıq Birgə İnvestisiya Fondunun yaradılması bu tərəfdaşlığın real iqtisadi dayaq nöqtələridir. Qazaxıstanın Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşası isə dostluq və mənəvi həmrəyliyin simvolu kimi qəbul edilir. Bu kimi layihələr təkcə iqtisadi deyil, humanitar əməkdaşlığın da dərin köklərə sahib olduğunu nümayiş etdirir.
Nəqliyyat-logistika sahəsindəki təşəbbüslər, xüsusilə Orta Dəhliz üzərində aparılan birgə işlər, Azərbaycan və Qazaxıstanın Avrasiya məkanında strateji tranzit ölkələr kimi rolunu möhkəmləndirir. Aktau və Ələt limanları arasında daşımaların artırılması, fiber-optik kommunikasiya xəttinin çəkilməsi və enerji sahəsində yeni sazişlər imzalanması hər iki ölkənin iqtisadi inteqrasiyasına yeni təkan verir. SOCAR və “KazMunayQaz” arasında neft tranziti üzrə razılaşmalar isə enerji əməkdaşlığının davamlılığını təmin edir.
Səfərin siyasi əhəmiyyəti də az deyil. Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində - BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və CICA daxil olmaqla - daim bir-birini dəstəkləyir. Bu, regional sabitliyin qorunmasına, Türk dünyasının həmrəyliyinin güclənməsinə və ortaq maraqların beynəlxalq arenada müdafiəsinə xidmət edir.
Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycan və Qazaxıstanın liderlik rolu xüsusi qeyd edilməlidir. Şuşa və Qəbələdə keçirilmiş zirvə görüşləri, Türk Akademiyası və TÜRKSOY xətti ilə əməkdaşlıq, türk dünyasında elmi, mədəni və iqtisadi inteqrasiyanın genişlənməsinə real töhfə verir. Bu istiqamətdə hər iki ölkə Türk birliyinin ideoloji və praktiki dayaqlarını möhkəmləndirir.
İlham Əliyevin bu səfəri, əslində, təkcə ikitərəfli əlaqələrin təzahürü deyil - bu, Avrasiya regionunda formalaşan yeni əməkdaşlıq modelinin göstəricisidir. Azərbaycan və Qazaxıstan ortaq məqsədləri, sabitlik və inkişaf yönümlü siyasətləri ilə Türk dünyasının inteqrasiyasında aparıcı rol oynayır. Səfərin nəticələri göstərir ki, Bakı ilə Astana arasında əməkdaşlıq yalnız bu günün deyil, gələcəyin də güclü təməlini yaradır.
Züriyə Qarayeva