Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin Sədri Cao Lıci ilə görüşü zamanı Azərbaycan-Çin Birgə Universitetinin yaradılması müzakirə olunub. Bu cür universitetin yaradılması ehtimalı isə cəmiyyətdə maraqla qarşılanıb.
Bakıvaxtı.az xatırladır ki, xüsusən də bir neçə gün öncə Çinin Təhsil Nazirliyi 2025-ci ildə universitetlər üçün ixtisasların yeni siyahısını açıqlayıb. Siyahıya karbon neytrallığı elmi və mühəndisliyi və beynəlxalq kruiz idarəçiliyi, dəniz elmi və texnologiyası, səhiyyə üzrə müxtəlif ixtisaslar, intellektual molekulyar mühəndislik, tibbi cihaz və avadanlıqların inkişafı və məkan-zaman informasiya mühəndisliyi, süni intellekt təhsili, intellektual audiovizual mühəndislik və rəqəmsal teatr, aşağı hündürlük texnologiyası və mühəndisliyi kimi 29 yeni ixtisas əlavə olunub.
Əgər Azərbaycan-Çin Birgə Universiteti yaradılarsa, bu ixtisasların ölkəmizdə də tədrisinə ehtiyac olacaqmı? Ümumiyyətlə, Azərbaycan-Çin Birgə Universiteti yaranarsa, hansı sahələrə üstünlük verilməlidir?
Mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Çində tədris olunan bəzi ixtisaslar arasında Azərbaycan üçün vacib olan məsələlər var. Həmin sahələr üzrə ixtisaslaşmanın olması çox böyük fayda verə bilər.
Onun sözlərinə görə, Azərbaycanda artıq qarşılıqlı universitetlərin yaranması təcrübəsi mövcuddur:
“Türkiyə-Azərbaycan Universiteti var. Həmçinin İtaliya-Azərbaycan Universiteti və Fransa-Azərbaycan Universiteti ilə bağlı qərarlar var. Bu təcrübənin artırılması Azərbaycan elminə və təhsilinə ancaq fayda verəcək. Azərbaycan region ölkələri arasında informasiya texnologiyaları (İT) sahəsi üzrə son sıralarda məskunlaşıb. Ona görə də Çin-Azərbaycan Universitetinin yaranması İT və mühəndislik sahələrinin inkişafına xüsusi rəng qatacaq".
Ekspertin fikrincə, sözügedən universitetin fəaliyyəti digər universitetlərimiz üçün də örnək rolu oynaya bilər. Çünki Çin texnika sahəsində dünyanın öndə gedən ölkələrindən biridir və iqtisadiyyatı məhz texnika üzərində qurulub.
Məzahir Məmmədli: Sözügedən universitetin fəaliyyəti digər universitetlərimiz üçün də örnək ola bilər
"Ölkəmizdə neftdən gələn gəlirlərin insan kapitalına və texniki sahənin inkişafına yönəldilməsi gələcəkdə neft və qazın tükəndiyi bir vaxtda özümüzə gün ağlamağımıza səbəb ola bilər. Çinin yeni ixtisaslarına gəlincə, siyahıdakı bəzi sahələr üzrə Azərbaycanda maddi-texniki bazanın olub-olmadığı məlum deyil", - deyə Məzahir Məmmədli vurğulayıb.
Gülşən Şərif