• Bakı C

    4.86 m/s

  • USD - 1.7

    EUR - 1.7825

    RUB - 1.5962

Azərbaycanda bir gündə iki ev partladı: Bədbəxt hadisədən necə qorunaq?

CƏMİYYƏT

03 Dekabr 2024 | 12:28

Azərbaycanda bir gündə iki ev partladı: Bədbəxt hadisədən necə qorunaq?

Soyuq havalarda qaza olan tələbat da artır. Lakin bəzən diqqətsizlik, təhlükəsizlik qaydalarına əməl etməmək bədbəxt hadisələrə səbəb ola bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu gün ölkə daxilində qaz sızmasından iki partlayış baş verib. Hadisələrdən biri Sumqayıtda, digəri Abşeronda qeydə alınıb.

Belə ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində mənzildə partlayış baş verməsi nəticəsində xəsarət alan 3 nəfər (2 kişi, 1 qadın) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində baş verən partlayış nəticəsində dağıntı altından 1 nəfər sağ çıxarılaraq xilas edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Bəs belə halların baş verməməsi üçün nələri bilməliyik? Hansı təhlükəsizlik qaydalarına əməl etməliyik?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirib ki, ümumiyyətlə çox mənzilli yaşayış binalarında, fərdi yaşayış evlərində təhlükəsizlik məsələsi hər zaman ön planda olmalıdır. Əgər evdə elektrik, qaz təsərrüfatı varsa, mütləq onların təhlükəsizlik istismarı həyata keçirilməlidir:

"Birinci növbədə bu cür təsərrüfatın layihələndirilməsi, quraşdırılması, təmir işlərinin aparılması mütləq ixtisaslaşmış müəssisə tərəfindən aparılmalıdır. Avadanlıqların, cihazların hər biri normativ qaydalara uyğun şəkildə olmalıdır, hər hansı bir kənar müdaxilə yolverilməzdir".

Elmar Nurəliyev: Avadanlıqlara, cihazlara hər hansı bir kənar müdaxilə yolverilməzdir

E.Nurəliyev qeyd edib ki, qazın fiziki-kimyəvi xassəsi yanmaq, partlamaq, düzgün istifadə olunmadıqda dəm qazına səbəb olmaqdı. Ona görə qaz təsərrüfatı olan obyektlərdə, yaşayış yerlərində hər bir hal normativlərə uyğun olmalıdır:

"Dəm qazı və qaz sızması əleyhinə dedektorlar olmalıdır. Bu dedektorların işi olduqca funksionaldır ki, dəm qazı, qaz sızması zamanı xüsusi səs siqnalı ilə bununla bağlı məlumat verir. Bu da lazımi tədbirləri görərək, insanları bu kimi halların qurbanına çevirməkdən qorumuş olur. Bu cür təhlükəsizlik məsələləri hər zaman diqqət etmək lazımdır ki, bədbəxt hadisələr baş verməsin".

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR

03 Dekabr 2024