Son illərdə Azərbaycan ardıcıl şəkildə böyük beynəlxalq tədbirlərə ev sahibliyi edir və bu proses artıq sadəcə diplomatik təqvim hadisəsi kimi deyil, ölkənin qlobal sistemdə rolunun dəyişməsi kimi qiymətləndirilir.
COP29 və WUF13 kimi nüfuzlu platformaların Bakıda keçirilməsi fonunda əsas sual ortaya çıxır: Azərbaycan necə oldu ki, qısa müddətdə yalnız iştirakçı deyil, qlobal qərarların müzakirə edildiyi mərkəzlərdən birinə çevrildi?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən deputat Arzu Nağıyev deyib ki, Azərbaycan son illərdə ardıcıl şəkildə beynəlxalq tədbirlərə ev sahibliyi edir:
"Lakin burada əsas məqam tədbirlərin sayı deyil, Bakının tədricən qlobal qərarların müzakirə olunduğu və formalaşdırıldığı platformaya çevrilməsidir. COP29 və WUF13 kimi tədbirlər Azərbaycanın artan geosiyasi və institusional çəkisini daha da aydın şəkildə nümayiş etdirir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət və nümayiş etdirdiyi siyasi iradə nəticəsində müharibədən çıxmış bir ölkənin qısa müddətdə beynəlxalq urbanizasiya və iqlim gündəminin formalaşmasında iştirak edən aktora çevrilməsi mühüm transformasiyanın göstəricisidir".
Onun sözlərinə görə, bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri sadəcə tikinti deyil, dövlət siyasətinin konkret məkanda təcəssümüdür:
"Bu, siyasi iradənin memarlıq və şəhərsalma dili ilə ifadəsidir. Azərbaycan dünyaya mesaj verir ki, ölkə yalnız ərazilərini azad etməklə kifayətlənməyib, eyni zamanda həmin ərazilərdə müasir və dayanıqlı həyat mühitini də qurur. Əsas məqsəd isə aydındır: insan rifahının təmin edilməsi. Ərazi bütövlüyü və suverenliyin qorunması ilə yanaşı, vətəndaşların sosial rifahı dövlət siyasətinin mərkəzində dayanır".
Parlament üzvü vurğulayıb ki, son dövrlərdə Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı bu yanaşmanı yalnız müşahidə etmir, həm də beynəlxalq təcrübə kontekstində dəyərləndirməyə başlayır:
"Prezident İlham Əliyevin Maimunah Mohd Sharif ilə görüşü zamanı da Qarabağda tətbiq olunan yeni urbanizasiya modeli xüsusi olaraq müzakirə olunub. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələr çərçivəsində “ağıllı şəhər”, “yaşıl enerji zonası”, rəqəmsal idarəetmə və dayanıqlı məskunlaşma kimi konsepsiyalar ön plana çıxarılıb".

Arzu Nağıyev, deputat
Həmsöhbətimiz onu da əlavə edib ki, bu gün Azərbaycan artıq təkcə enerji resursları ilə tanınan ölkə deyil, eyni zamanda postmünaqişə dövründə sürətli yenidənqurma və müasir şəhərsalma modelini həyata keçirən strateji mərkəz kimi qəbul olunur:
"WUF13-ün Bakıda keçirilməsi də təsadüfi deyil, bu qərar Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanlarının və institusional gücünün göstəricisidir. Artıq “münaqişə sonrası bərpa yalnız beynəlxalq donorların dəstəyi ilə mümkündür” yanaşması tədricən dəyişir. Azərbaycan öz milli resursları, siyasi iradəsi və koordinasiyalı idarəetmə modeli ilə bu prosesin birbaşa müəllifi kimi çıxış edir. COP29 ilə WUF13 arasında yaranan strateji bağlantı xüsusi əhəmiyyət daşıyır. Bakı getdikcə qlobal müzakirələrin yeni mərkəzlərindən birinə çevrilir. Gələcəkdə geosiyasi rəqabət təkcə sərhədlər üzərində deyil, su, enerji, yaşayış məkanı və şəhər resursları uğrunda daha kəskin formada davam edəcək. Azərbaycan isə Qarabağda həyata keçirdiyi yaşıl şəhər konsepsiyası ilə bu çağırışlara indidən cavab verir".
Sonda Arzu Nağıyev söyləyib ki, Zəngilan, Füzuli, Ağdam və Şuşada icra olunan layihələr artıq yalnız milli deyil, həm də beynəlxalq maraq doğuran bir urbanizasiya laboratoriyası kimi qiymətləndirilir:
"Müxtəlif ölkələr postmünaqişə bərpa təcrübəsi kimi Qarabağ modelini öyrənməyə başlayır. Bu da göstərir ki, WUF13 çərçivəsində formalaşan “Bakı standartı” Azərbaycanın beynəlxalq tədbir və inkişaf modelini institusional səviyyədə təqdim etməsinə imkan yaradır. Qarabağda həyata keçirilən layihələr təkcə infrastruktur deyil, həm də dövlətin siyasi iradəsinin, inkişaf fəlsəfəsinin və gələcəyə baxışının ifadəsidir. Azərbaycan artıq təkcə torpaqlarını azad edən ölkə kimi deyil, eyni zamanda həmin ərazilərdə müasir şəhərlər quran və dayanıqlı inkişaf modelini formalaşdıran dövlət kimi beynəlxalq sistemdə qəbul olunur".
Əli Hüseynov
Bakı 




